• cümə axşamı, 25 aprel, 12:36
  • Baku Bakı 23°C

Mərkəzi Elmi Kitabxanada iki kitabın təqdimatı olub - Fotolar

29.12.16 12:24 905
Mərkəzi Elmi Kitabxanada iki kitabın təqdimatı olub - Fotolar
AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun və Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın birgə hazırladıqları "Müstəqillik yollarında: Liderlik missiyası” adlı kitabın və həmin institutun Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun "Naxçıvan teatrında tərcümə əsərlərinin tamaşaları (1883-2013)” adlı monoqrafiyanın təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev xalqımızın əldə etdiyi ən böyük nailiyyətlərdən olan dövlət müstəqilliyimizin 25-ci ildönümünündə elmi işçilərin üzərinə düşən müəyyən vəzifələrdən danışıb. Natiq qeyd edib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətlər, görülən işlər ziyalı münasibətilə fərqlənən dəyərli elmi əsərlər ortaya qoyur. Bu baxımdan institutun elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları Ramiz Qasımov və Zülfiyyə İsmayılın həmmüəllifliyi ilə ərsəyə gələn və dövlət müstəqilliyinin əldə edlməsinin 25-ci ildönümünə həsr olunan "Müstəqillik yollarında: Liderlik missiyası” kitabı da diqqəti cəlb edir.

Kitabda müstəqilliyimizin qazanılmasında ulu öndər Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlər, Azərbaycanın keçdiyi inkişaf yolu, əldə olunan uğurlar, ölkədə aparılan quruculuq və yenilənmə işləri təhlil edilir.

Qeyd olunub ki, Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımovun Azərbaycan Respublikasında Multikulturalizm ilinə ithaf olunan "Naxçıvan teatrında tərcümə əsərlərinin tamaşaları (1883-2013)” adlı monoqrafiyası da öz aktuallığı ilə seçilir. Belə ki, yeni nəşrdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının 130 illik tarixi ərzində tamaşaya qoyulmuş tərcümə əsərlərinin səhnə təcəssümü ilk dəfə olaraq sistemləşdirilmiş şəkildə tədqiq olunub, eləcə də bir sıra tamaşaların timsalında müfəssəl təhlillər verilib. Kitabda həmçinin Naxçıvan Teatrının yaranma tarixi, eyni zamanda formalaşma dövrü, onun müasir günümüzədək yaradıcılıq yolu, o cümlədən inkişafının ayrı-ayrı mərhələlərində baş verən əlamətdar və tarixi hadisələr araşdırılıb.

Tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunan qiymətli əsər”, Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun "Naxçıvan teatrına aid yeni tədqiqat əsəri” mözvusunda məruzələri dinlənilib.

Daha sonra məruzə ətrafında AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev, həmin institutun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov çıxış ediblər.

Sonda müəlliflər tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün onu da qeyd edək ki, "Müstəqillik yollarında: Liderlik missiyası” və "Naxçıvan teatrında tərcümə əsərlərinin tamaşaları (1883-2013)” adlı kitablar AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasının "Yeni kitabların daimi sərgisi”ndə nümayiş olunur.

banner

Oxşar Xəbərlər