• cümə, 26 Aprel, 13:36
  • Baku Bakı 23°C

Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb

18.07.18 15:03 518
Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb
İyulun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” mövzusunda tədbir keçirilib.
AZƏRTACxəbər verir ki, KİV-lərin və müxtəlif media qurumlarının nümayəndələrinin, ziyalıların, ictimai xadimlərin iştirak etdikləri tədbir 22 iyul – Milli Mətbuat Gününə həsr olunub.

MEK-in direktoru Leyla İmanova mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, onlara fərdilik, inkişaf və peşəkarlıqla yanaşı, informasiya şansı və qələm azadlığı arzu edib. L.İmanova MEK-in mətbuat ilə əməkdaşlıq təcrübəsindən söz açıb, akademik kitabxananın milli mətbuat ilə informasiya resurslarının birləşdirilməsi, yüksək keyfiyyətli və etibarlı informasiya istehsalçılarına çevrilməsi, "təhlükəsiz informasiya” prinsiplərinin formalaşdırılması, Azərbaycana aid informasiyanın kontent və texniki təhlükəsizliyinin təmin edilməsi, elmi cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılması kimi təkliflər səsləndirib. O, MEK tərəfindən "Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilməsindən bəhs edib.

Sonra MEK-in əməkdaşları tərəfindən "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” mövzusunda təqdimat keçirilib, kitabxananın müxtəlif şöbələri tərəfindən əlaqələndirilmiş şəkildə görülmüş işlərin nəticələri barədə məlumat verilib. Sərbəst elektron resurslarla iş, beynəlxalq və ictimaiyyətlə əlaqələr, innovativ layihələr, informasiya resurslarına nəzarət və əlaqələndirmə şöbələrinin mövzu ətrafında əlaqələndirilmiş fəaliyyəti təqdim olunub.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli mətbuatın tarixindən və müasir vəziyyətindən bəhs edib. O bildirib ki, Azərbaycan mediası dünyada və ölkədə baş verən hadisələrə kifayət qədər operativ yanaşır, nəinki respublikamızın, eləcə də regionun ictimai rəyinə təsiri ilə seçilir. Qeyd olunub ki, Azərbaycan mediası hər zaman ölkədə ictimai-siyasi hadisələrdə, cəmiyyətdə sabitliyin qorunmasında, ictimai rəyin düzgün yönəldilməsində yaxından iştirak edirlər.

M.Ələsgərli deyib: "Ölkəmizdə medianın inkişafına göstərilən dövlət qayğısı artıq ənənəvi hal alıb. Azərbaycan yeganə ölkədir ki, burada KİV-lərin inkişafı üçün xüsusi dövlət konsepsiyası fəaliyyət göstərir. Bu konsepsiyaya uyğun olaraq medianın inkişafı üçün dövlətimiz tərəfindən mühüm addımlar atılır”.

Müşfiq Ələsgərli kitabxananın fəaliyyətini yüksək dəyərləndirib, Mətbuat Şurasının hər zaman MEK ilə əməkdaşlığa böyük önəm verdiyini söyləyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Ramiz Əskər mətbuata göstərilən dövlət dəstəyindən, jurnalistlərə olan qayğıdan danışıb.

Sonra MEK-in innovativ fəaliyyətini obyektiv işıqlandıran, fərqləndirilmiş media qurumlarına və jurnalistlərə təşəkkürnamə və kitabxananın bir illik oxucu kartı təqdim edilib. Mükafatlandırılanlar sırasındaAZƏRTACda var.

Çıxış edən jurnalistlər MEK-in təşəbbüsünü yüksək qiymətləndirib, kitabxana ilə əməkdaşlığın daha da sıx qurulmasının vacibliyini vurğulayıblar. MEK tərəfindən jurnalistlər üçün yaradılan şəraitə və diqqətə görə təşəkkürlərini bildiriblər.

Tədbirdə kitabxananın media üçün hər il keçirilməsi nəzərdə tutulan yeni layihəsi barədə məlumat verilib. Bildirilib ki, MEK Milli Mətbuat Gününə həsr olunmuş təşəbbüslə çıxış edir. MEK Azərbaycan dövlətçiliyi maraqları baxımından strateji hədəfi olan informasiya təhlükəsizliyini təmin edən, milli ruh və milli yaddaşın formalaşmasına töhfə verən, eyni zamanda, milli dəyərləri, Həsən bəy Zərdabi ənənələrini (milli maarifçilik, Azərbaycan dilinin və milli əxlaq kodeksinin qorunması) təbliğ edən, mətbuat haqqında qanunlara və jurnalist etikasına söykənən media qurumlarını və müəllifləri ictimaiyyətə təqdim edəcək. Layihənin ilk mərhələsi 2018-ci il sentyabrın 1-dən noyabrın 30-dək davam edəcək. Layihə şərtlərinə cavab verən media qurumları və jurnalistlər MEK tərəfindən mükafatlandırılacaqlar.







banner

Oxşar Xəbərlər