• cümə axşamı, 25 aprel, 11:28
  • Baku Bakı 14°C

Mərkəzi Bankın valyuta ehtiyatları artır

05.04.17 11:00 846
Mərkəzi Bankın valyuta ehtiyatları artır
Mərkəzi Bank martın sonuna rəsmi valyuta ehtiyatları artıb. Belə ki, aprelin 1-ə olan rəsmi məlumata görə, valyuta ehtiyatlarının həcmi 4 432,7 milyon dollara çatıb.Martın 1-dək bu göstərici4 369,3 milyon dollar olub. Bu, aprelin 1-i ilə müqayisədə 63,4 milyon dollar azdır.
İlin əvvəli ilə müqayisədə isə Mərkəzi Bankın valyuta ehtiyatları 458,3 milyon dollar və yaxud 11,5% artıb.Bəs bu artımı hansı iqtisadi proseslərə bağlaya bilərik? Bunun hansı təsirləri olacaq? Ümumiyyətlə, bu, davamlı bir artım olacaqmı?
İqtisadçı alim Vüqar Bayramov"Kaspi”yə açıqlamasında bildirdi ki, Mərkəzi Bankın bir ildən çox müddətdə bazara dollar intervensiya etməməsi valyuta ehtiyatlarını artırmağa, qoruyub saxlamağa imkan verir: "Əgər əvvəlki dövrlərdə Mərkəzi Bank dollara yüksək tələbi ödəmək üçün daimi olaraq intervensiya edərək dolların bir hissəsini bazara çıxarıb satmaqla manatın məzənnəsinin qorunub saxlanmağa və ya kəskin aşağı düşməsinin qarşısını almağa çalışırdısa, indi intervensiyaya getmir. Hərraclara Dövlət Neft Fondu çıxır. Fondun hərraclara çıxardığı valyuta Mərkəzi Bankın valyuta ehtiyatlarını qoruyub saxlamasına imkan verir”.
V.Bayramov deyir ki, eyni zamanda Mərkəzi Banka Dövlət Neft Fondundan 2017-ci ildə 7,5 milyard manat vəsait transfer olunacaq və güman olunur ki, həmin vəsaitlər artıq hərraclara çıxarılmayacaq: "Mərkəzi Bank həmin vəsaitləri öz öhdəliklərini yerinə yetirmək üçün istifadə etməyə çalışacaq. Nəticədə 2017-ci ildə valyuta ehtiyatları baxımından Mərkəzi Bankın kifayət qədər manevr imkanları var. Dollara tələb əvvəlki dövlərlə müqayisədə yüksək deyil. Buna görə də Mərkəzi Bankın intervensiyasına ehtiyac yoxdur. Eyni zamanda, Mərkəzi Bank bu kontekstdən öz valyuta ehtiyatlarını artıra bilir”.
İqtisadçının sözlərinə görə, Neft Fondundan transertlər 2017-ci ildə Mərkəzi Bank üçün bir növ sığorta yastığının formalaşmasına gətirib çıxara bilər: "Çünki Neft Fondundan kifayət qədər böyük məbləğ transfer ediləcək. Mərkəzi Bank bir çox öhdəliklər üçün həmin vəsaitləri yerinə yetirəcək. Təbii ki ölkənin müxtəlif öhdəlikləri də var, Beynəlxalq Bankın sağlamlaşdırılması da və s. Mərkəzi Bank öz valyuta ehtiyatlarından deyil, transfertdən istifadə etməklə valyuta ehtiyatlarına qənaət edə biləcək. Bu da təbii ki, Mərkəzi Bank üçün kifayət qədər vacibdir. Ona görə mövcud proseslər və hərraclarda Dövlət Neft Fondunun satışları hesabına tələbin ödənilməsinin mümkünlüyü Mərkəzi Banka valyuta ehtiyatlarını qoruyub saxlamağa, müəyyən mərhələdə artımlara nail olmağa imkan verir”.
V.Bayramov hesab edir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının qorunub saxlanması ən azı valyuta bazarına psixoloji təsir göstərir: "Bu o deməkdir ki, dollara tələb azalıb. Dollara tələbin azalması kifayət qədər ciddi məqamdır. Deməli, Mərkəzi Bank Dövlət Neft Fondunun vəsaitləri hesabına dollara tələbi ödəyə bilir və intervensiya etmir. İntervensiya etməməsi isə Mərkəzi Bankın valyuta ehtiyatlarını manatın məzənnəsini qoruyub saxlamaq üçün istifadə etməməsi anlamına gəlir. Ümumiyyətlə, valyuta bazarı, manat-dollar məzənnəsinin optimallaşması və Mərkəzi Bankın intervensiyanı minimumlaşdırması baxımından valyuta ehtiyatlarının artması müsbət məqamdır”.
Qarşıdakı dövrdə dollara tələbin artıb-artmamasına gəlincə, iqtisadçı bildirdi ki, bu, birbaşa dövlətin investisiya xərclərindən asılı olacaq: "Çünki Mərkəzi Bank valyuta hərracları vasitəsilə manatın bir hissəsini dövriyyədən yığır. Milli valyuta ilə bağlı bir qıtlıq var. Mərkəzi Bankın depozit hərracları dövriyyədə manatın həcminin azalmasına gətirib çıxarır ki, bu da tələbin azalmasına səbəb olub. O baxımdan, investisiya xərcləmələri artarsa, büdcədən bu istiqamətə daha çox vəsait ayrılarsa, dollara tələb də arta bilər. Mərkəzi Bankın depozit hərraclarını davam etdirdiyini nəzərə alsaq, növbəti dövrdə birmənalı şəkildə dollara olan tələb dövlət büdcəsindən investisiya istiqamətdə ayrılan vəsaitlərin həcmindən asılı olacaq”.
V.Bayramov onu da bildirdi ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmində yenidən artımın olub-olmayacağı dollara olan tələbatdan asılı olacaq: "Mərkəzi Bank mövcud resurslarla həm ehtiyatlarını qoruyub saxlayarsa, həm də intervensiyanın həcmi azalarsa, bu zaman valyuta ehtiyatlarının növbəti dövrdə də artması mümkündür. Dollara olan tələbin necə dəyişməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının həcminin necə dəyişməsini müəyyənləşdirəcək”.
Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli deyir ki, indiki vəziyyətdə manatın bir az dövriyyədən çəkilməsi və büdcə xərcləmələrinin azaldılması dollara olan tələbi azaldıb. Mərkəzi Bankın valyuta ehtiyatlarının bir az artmış kimi görünməsi isə bunun fonunda ola bilər: "İlin əvvəlindən etibarən Mərkəzi Bank tərəfindən sərt pul siyasətinin davam etdirilməsi, MB və Maliyyə Nazirliyinin manat istiqrazları üzrə yüksək illik gəlirlilik təqdim edir. Dollara bağlı maliyyə alətlərinin cari ildə də illik gəlirlilik dərəcəsinin aşağı olduğu müşahidə olunur. İndiki situasiyada manatın bir az dövriyyədən çəkilməsi istər-istəməz dollara olan tələbi azaldır. Bankların maliyyə vəziyyəti ilə bağlı ilin əvvəlindəki rəqəmlərə baxsaq görünür ki, ciddi həcmdə dollarlaşma varıydı. İndiki vəziyyətdə banklar bu şəkildə bazarda manata olan tələblərini qarşılamaq üçün bu və ya digər şəkildə artıq dollarlarını satacaqları gözlənilirdi. İndilik birinci rübdə tendensiya belə gedirdi ki, banklar manat ehtiyacını qarşılamaq üçün valyuta satışı edirlər. Ehtiyac yarandıqca yəqin ki Mərkəzi Bank bu valyutaların az da olsa bir hissəsini geri alır. İndiki proses belə görünür. Mərkəzi Bankın valyuta ehtiyatlarının bir az artmış kimi görünməsi məncə, buradan qaynaqlana bilər”. C.İbrahimli hesab edir ki, artımın digər səbəbi isə Dövlət Neft Fondundan transfert edilməsi planlaşdırılan 4 milyard dolların müəyyən hissəsinin Mərkəzi Banka ötürülməsi ola bilər. "Hesab edirəm ki, o vəsaitin bir hissəsini rüblər və yaxud dönəmlər üzrə Neft Fondu Mərkəzi Banka ötürür. İndiki situasiyada bazardan daha çox vəsaitin Mərkəzi Bankın ehtiyac olduqca alma ehtimalı hələ ki güclü görünür. Çünki kursda ciddi dəyişiklik yoxdur, bankların manata ehtiyacı olduğu müşahidə olunur”.
Aygün
banner

Oxşar Xəbərlər