• cümə, 29 Mart, 11:40
  • Baku Bakı 5°C

Mərkəzi Bankdan kreditlərlə bağlı 14 gün tələbi

05.11.14 10:37 1449
Mərkəzi Bankdan kreditlərlə bağlı 14 gün tələbi
Kreditlərin, eləcə də problemli kreditlərin artmasının qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülüb. Mərkəzi Bankın banklara rəsmi və qeyri-rəsmi formada tətbiq etdiyi bir sıra qadağalar o qədər də təsirli olmayıb. Xatırladaq ki, bir neçə ay əvvəl avtomobil kreditlərinin verilməsi məhdudlaşdırıldı. Ardınca isə banklara tək arayışla kredit verməmək haqda göstəriş verildi. Hazırda bankların əksəriyyəti kredit (istehlak kreditləri) vermək üçün bank hesabından çıxarış tələb edirlər.
Bütün bunlardan sonra Mərkəzi Bank əhalinin kütləvi borclanmasının qarşısını almaq, həm də hüquqlarını daha yaxşı qorumaq üçün banklar qarşısında yeni tələb qoyub. Bu haqda ANS TV məlumat yayıb. Bildirilir ki, yeni tələbə əsasən, müştəri aldığı krediti, digər məhsullarda olduğu kimi, 14 gün ərzində geri qaytarmaq hüququndan istifadə edə bilər. Yəni, siz kredit götürdükdən bir müddət sonra ona ehtiyac olmadığını hiss edirsinizsə, geri qaytara bilərsiniz. Mərkəzi Bank müştərilərin krediti geri qaytarmaq hüququnun bərpasını tələb edən metodoloji sənədi ilin sonuna qədər banklara göndərəcək. Qurumdan bildirildiyinə görə, bununla həm istehlakçıların hüquqlarının qorunması, həm də əhalinin kütləvi borclanmasının qarşısını almaq hədəflənir. Hələ ki sənəd üzərində işlər bitmədiyindən təfərrüatlar bəlli deyil. Amma mütəxəssislər deyirlər ki, kredit adi məhsullardan fərqləndiyindən, onun qaytarılması prosesi elə olmalıdır ki, müştərinin hüququ qorunarkən bankın hüququ pozulmasın.
Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev məsələ ilə bağlı danışarkən deyib ki, əgər müştəri krediti 10 günə qaytarırsa, onda 10 günün faizini də özü ödəməlidir. Amma ekspertlərin fikrincə, kredit geri qaytarılanda komissiya haqqının müəyyən hissəsi müştəriyə geri verilə bilər. Çünki kreditin rəsmiləşdirilməsinə bankın işçi qüvvəsi cəlb olunsa da, vəsait vaxtından tez qayıtdığından onun idarə olunmasına bank xərc çəkməyəcək. Sığortaya gəlincə isə, mövcud qanunlar müqavilə vaxtından əvvəl pozularsa, sığorta haqqının müştəriyə qaytarılmasını nəzərdə tutur. Bu gün ölkədəki bankların çoxu müştəri ilə münasibətləri özləri istədiyi kimi tənzimləyir. Mərkəzi Bank isə bu cür sənədlərlə onları qaydalara tabe etməyə çalışır.
İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, istehlak kreditləri digərlərindən fərqli olaraq daha çox sosialyönümlü olduğu üçün bu kredit məhsulunun müştərilərinə dövlət tərəfindən ayrıca yanaşma olmalıdır: “Biz də bu təklifi vermişik ki, “İstehlak kreditləri haqqında” qanun qəbul olunsun. Əksər ölkələrdə, o cümlədən qonşu Rusiyada bu qanun var. Bizdə Mərkəzi Bank tərəfindən tətbiq edilən bu qayda Rusiyada həmin qanunda əksini tapıb. Belə ki, əgər müştəri 14 gün ərzində krediti qaytarmaq istəyirsə, bunu qanuna əsaslanaraq edə bilir. Azərbaycanda isə “İstehlak kreditləri haqqında” qanunun qəbulu ilə bağlı nədənsə istək hiss edilmir. Aidiyyatı qurumlar sadəcə olaraq, bu qanunun tələblərinə yaxın olan normativ aktlar qəbul etməklə kifayətlənir. Məsələn, ötən il Mərkəzi Bank bütün bankların nəzdində istehlakçıların hüquqlarını müdafiə edən qurumun yaradılması ilə bağlı qərar qəbul etdi. Həmin qaydaya görə, banklarda ayrıca bir departament açılmalı idi və onun işçiləri müştərilərin narazılıqlarını araşdırmalı idi. Bu qərar istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində bir addımdır və mən normal qəbul edirəm. Sonuncu, haqqında söhbət gedən qaydaya gəldikdə isə, hələlik qüvvədə olmadığı üçün təcrübə yoxdur. Amma vətəndaşlara 14 gün ərzində krediti qaytarmaq üçün istinad edilməli olan bir qanunvericilik aktı olmalıdır. Bu isə hazırda yoxdur, amma “İstehlak kreditləri haqqında” qanun qəbul edilsə, orada əksini tapar. Rusiya buna getdi, 14 gün müddəti ilə bağlı bütün qaydalar qanunda əksini tapıb”.
Ekspertin fikrincə, bankların daxilində istehlakçı hüquqları ilə bağlı yaradılan departamentlər obyektiv ola bilməzlər. O qurumları bank yaratdığı üçün istər-istəməz bankın mənafeyini güdəcəklər: “Yeni qaydaların təcrübədə necə işləyəcəyi sual altındadır. Mən əvvəllər də bunu təklif etmişəm ki, Azərbaycanda maliyyə ombudsmanı yaradılmalıdır. Bu qurumun əsas məqsədi müştəri ilə bank arasında yaranmış problemi məhkəməsiz həll etməkdir. Hazırkı şəraitdə yaranmış problemlər mütləq məhkəmə yolu ilə həll edilir. Bu, həm vaxt itkisi, həm maddi itkidir. Maliyyə ombudsmanı isə problemi məhkəməyə qədər gedib çatmamış həll etməyə təşəbbüs göstərir. Təcrübə göstərir ki, bir çox hallarda bunu bacarır. Özü də ombudsman vətəndaşa pulsuz xidmət göstərir. Tutaq ki, bank, sığorta, digər maliyyə xidmətlərinin hansı iləsə bir problemim var, müraciət edirəm maliyyə ombudsmanına, o bu məsələni həll edir. Bu baxımdan Azərbaycanda bu gün müdafiəsiz qalan maliyyə müştərilərinin hüquqlarının qorunması üçün həm “İstehlak kreditləri haqqında” qanun qəbul olunmalı, həm də maliyyə ombudsmanı institutu yaradılmalıdır. Bu mexanizmlər yaradılarsa, bu sahədəki hüquq pozuntularının qarşısının əhəmiyyətli dərəcədə alınmasını müşahidə edə bilərik”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər