• cümə, 29 Mart, 10:12
  • Baku Bakı 5°C

Mərkəzi Bank banklara möhlət verəcək?

11.06.13 09:46 2902
Mərkəzi Bank banklara möhlət verəcək?
Mərkəzi Bankdan (MB) verilən daha bir açıqlama bank sektorunu yenidən gündəmə gətirib. MB sədri Elman Rüstəmov deyib ki, yeni normativ tələblərə qədər nizamnamə kapitalını yüksəldə bilmədiyi təqdirdə, bankların bank olmayan kredit təşkilatlarına (BOKT) çevrilməsi ilə bağlı hüquqi baza yaradılıb.
Hazırda ölkə bankları 10 milyon manatdan az olmamaq şərtilə, nizamnamə kapitalına malik olmaqla fəaliyyət göstərə bilirlər. Lakin 2014-cü ilin yanvarından qüvvəyə minəcək MB-nin yeni tələblərinə görə nizamnamə kapitalı 50 milyon manat olmalıdır. E.Rüstəmovun sözlərinə görə, bazarda birləşdirilmə prosesinin başlanması zamanı bankların BOKT-na çevrilməsi ideyalardan biridir: “Hələlik, belə transformasiya ilə bağlı qanunverici baza yoxdur. Biz onun yaradılması sahəsində işləri davam etdiririk. Onun yaradılmasında məqsəd belə transformasiya zamanı təşkilatların aktivlərinin saxlanılması, istehlakçıların hüquqlarının qorunmasıdır. Bunun üçün hüquqi əsaslar lazımdır və onlar beynəlxalq təcrübəyə müvafiq olaraq hazırlanıb”.
Qeyd edək ki, MB-nin nizamnamə kapitalının artırılması haqda qərarından sonra bir sıra bankların taleyi sual altına düşdü. Hətta bəzi banklar birləşmə danışıqlarına başlayıblar. Redaksiyamıza daxil olan məlumata görə, hazırda “Parabank” ASC ilə “Finca Azerbaijan” bank olmayan kredit təşkilatı arasında birləşmə ilə bağlı danışıqlar gedir. “Nikoil Bank”ın da digər bir bankla (yaxud da bank olmayan kredit təşkilatı ilə-H.A) birləşməsi haqda məlumatlar səslənməkdədir.
MB-nin bankların bank olmayan kredit təşkilatına çevrilməsi ilə qanunvericilik bazası yaratması hazırkı vəziyyətlə nə qədər əlaqəlidir? Azərbaycan kimi ölkələrdə bank olmayan kredit təşkilatlarının sayı necə tənzimlənməlidir? Zəif bankların aqibəti necə olacaq? Bu kimi suallara iqtisadçı ekspert Samir Əliyevlə söhbətdə aydınlıq gətirməyə çalışdıq. Ekspertin sözlərinə görə, MB-nin məcmu kapitalın 50 milyona qaldırılması ilə bağlı qərarı verilən ərəfədə Azərbaycanda fəaliyyət göstərən 43 bankdan 15-i bu tələbə cavab verirdi: “Qalan 28 bankın məcmu kapitalı 50 milyondan az idi. Son məlumatlar onu göstərir ki, hardasa bankların 80 faizinin məcmu kapitalı tələblərə cavab verir. Təxminən 10 bank var ki, məcmu kapitalı aşağıdır. Məlumatların analizi onu deməyə əsas verir ki, bu gün 6 bankın bağlanması gözlənilir. Ola bilər ki, daha bir neçə bank da bu sıraya aid edilsin. Mənim fikrimcə, məcmu kapitalı ödəməyən banklar 2014-cü ilin yanvarı gələn kimi bağlanmayacaq. Yəqin ki, Mərkəzi Bank 2014-cü il ərzində mərhələli həll variantına üstünlük verəcək”.
Ekspertin fikrincə, məcmu kapitala cavab verməyən bankların qarşısında iki yol var. Bunlardan biri başqa bankla birləşməkdir: “Açığını deyim ki, bununla bağlı tendensiyanı mən hələlik görmürəm. Hiss olunur ki, banklar buna getməkdə maraqlı deyillər, onlar çalışırlar ki, hansısa yolla öz kapitallarını artırsınlar. İkinci yol bank sektorunu tərk etməkdir. Yəni bank sektorunu tərk edir ya tamam bağlanır, ya da bank olmayan kredit təşkilatına çevrilir. Bankların məhz bu yolu seçəcəkləri daha ağlabatandır. Bu gün bank olmayan kredit təşkilatlarının sayı 138-dir. Göründüyü kimi, bank olmayan kredit təşkilatları banklardan 3 dəfədən də çoxdur. Bu, təbii ki, qeyri-adi bir hal deyil. Çünki banklarla müqayisədə bank olmayan kredit təşkilatlarının həm göstərdikləri xidmətlərin həcmi azdır, həm də onların dövriyyəsi daha kiçik rəqəmlərlə ifadə olunur. Bank olmayan kredit təşkilatları daha çox mikrokreditlərin maliyyələşməsi ilə məşğul olurlar, hansı ki, banklar həmin sahədə işləməyə maraqlı olmurlar, olmalı da deyillər. Banklar əgər bank olmayan kredit təşkilatları bazarına girsə onların gəlirləri azalacaq. Məsələn, onlar əmanət qəbul edə bilməyəcəklər. Bizim hesablamalarımıza görə, bankların kredit resurslarının 50 faizi əmanətlərdən formalaşır”.
S.Əliyevin sözlərinə görə, bank olmayan kredit təşkilatlarının sayı heç də çox deyil. Ekspert deyir ki, bank olmayan kredit təşkilatları daha çox regionlarda fəaliyyət göstərdkiyinə və verdikləri kreditlərin həcmi az olduğuna görə onların verdiyi kreditlərin faiz dərəcəsi çoxdur: “Bu baxımdan bankların bank olmayan kredit təşkilatına çevrilməsi bu sahədə rəqabət mühitini artıra bilər”.
Həmsöhbətimiz qeyd edir ki, MB-nin məcmu kapitalın artırılması ilə bağlı qərar verməsi banklara etimadı artırır: “Bununla belə, bu qərar verilən ərəfədə mən mətbuata açıqlama vermişdim ki, banklar kredit verməyi azaldacaq. Çünki banklar kreditlərdən aldıqları faizləri məcmu kapitala yönəldəcəklər. Məcmu kapitalı artırmağın başqa yolları da var. Məsələn, bank sahibi hardansa pul tapıb banka qoyur. Bunu bəziləri edir, bəzilərinin isə elə bir mənbəsi olmur. İkinci variant isə səhm buraxmaqdır. Özünüz də görürsüz ki, son vaxtlar tez-tez hansısa bankın səhm buraxması ilə bağlı açıqlamalar verilir. Həmin səhmi ya digər bir bank, ya da hansısa bir xarici şirkət alıb bankın payçısı olur”.
Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda kreditə tələbat çox böyükdür: “Hazırda ölkənin kredit bazarının həcmi ÜDM-in 30 faizindən çox deyil. Halbuki bu göstərici Mərkəzi və Şərqi Avropa ölkələrində 60-70 faizdən çoxdur, Qərbi Avropada isə 100 faizdən də çoxdur. Bu o deməkdir ki, Azərbaycanda kredit resursuna ehtiyac var”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər