• çərşənbə axşamı, 19 mart, 07:20
  • Baku Bakı 8°C

“Mərkəzi Azəri” platformasında hasilata başlanmasından 15 il ötür

19.02.20 14:30 3027
“Mərkəzi Azəri” platformasında hasilata başlanmasından 15 il ötür
Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı "Mərkəzi Azəri” platformasında hasilata başlanmasından 15 il keçir. Ötən il "Mərkəzi Azəri”dən hasilat gündəlik orta hesabla 134 min barrel olub. İl ərzində platformadan 49 milyon barrel, yəni 6,6 milyon ton neft çıxarılıb.
AZƏRTACxəbər verir ki, ilk hasilatdan bəri "Mərkəzi Azəri”dən 937 milyon barrel və ya 127 milyon ton neft hasil olunub.
"Mərkəzi Azəri”nin işlənməsi körpü ilə birləşdirilmiş iki platforma vasitəsilə həyata keçirilir – hasilat, qazma və yaşayış platforması, kompressor və suvurma platforması. Bakıdan 100 kilometr məsafədə suyun dərinliyinin 128 metr olan ərazidə yerləşən hasilat, qazma və yaşayış platforması 2005-ci ilin fevralından istismardadır. Platformanın dayaq blokunun hündürlüyü 142,7 metr, çəkisi 12 min 489 tondur. Üst modulların ölçüləri 60x100,3 metr, çəkisi 18 min 500 tondur. Yaşayış yeri isə 198 nəfərlikdir.
Platformanın neft hasiletmə gücü gündəlik 183 min barreldir. "Mərkəzi Azəri”nin obyektlərinə daxildir: 48 quyu gövdəsinə malik bir ədəd hasilat, qazma, yaşayış platforması, 30 düymlük neft kəməri (platformadan Səngəçal terminalına), 28 düymlük qaz kəməri (platformadan Səngəçal terminalına), platformadan gələn nefti qəbul etmək üçün Səngəçal terminalı genişləndirilməsi.
2004–cü ildə kompressor və suvurma platformasının dayaq blokunun tikintisi başa çatıb, blok dənizdə quraşdırılıb. 2005–ci ildə üst modullar dənizə yola salınıb və quraşdırılıb, platforma ilk əməliyyata hazır vəziyyətə gətirilib. "Mərkəzi Azəri”dən ilk neft 2005-ci ilin fevralında hasil edilib. Həmin il platformadan səmt qazı Azərbaycana göndərilməyə başlanıb. 2006–ın ilin mayında isə platformadan ilk qazvurma həyata keçirilib. "Mərkəzi Azəri” quyular komandası fəaliyyətini iş qəzasına görə dayanma olmadan 12 il davam etdirib.
Qeyd edək ki, bu vaxtadək AÇG yataqlar blokundan neft hasilatı 500 milyon tonu (3,5 milyard barrel) ötüb. Azərbaycanın "Azəri-Çıraq-Günəşli”nin işlənməsindən əldə etdiyi birbaşa gəlir 140 milyard dollardan çoxdur. Cari ildə AÇG-dən hasilatın 186,7 milyon barrel olacağı gözlənilir.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, "AzAÇG” (SOCAR) - 25 faiz, "Chevron”- 9,57 faiz, "Inpex” - 9,31 faiz, "Equinor” - 7,27 faiz, "ExxonMobil” - 6,79 faiz, "TPAO” - 5,73 faiz, "Itochu” - 3,65 faiz və "ONGC Videsh Limited” (OVL) - 2,31 faiz. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
banner

Oxşar Xəbərlər