• cümə, 29 Mart, 18:03
  • Baku Bakı 14°C

Mərkəzi Asiyada növbəti gərginlik yaşana bilər

15.10.18 18:49 556
Mərkəzi Asiyada növbəti gərginlik yaşana bilər
Tacikistanın problemli ərazisi sayılan Dağ-Bədəxşan Muxtar Vilayətində vəziyyət yenidən gərginləşib. Tacik mediasının yaydığı xəbərə görə, prezident Emomali Rahmonun vilayətdə qayda-qanunun bərpa edilməsi ilə bağlı verdiyi ultimatumun müddəti oktyabrın 16-da başa çatır. Əks təqdirdə, kriminalitetə qarşı xüsusi əməliyyatın keçirilə biləcəyi açıqlanıb. Emomali Rahmon Tacikistanın müstəqillik günü ilə bağlı Horoqa etdiyi səfər zamanı məmurları Dağ-Bədəxşan Muxtar Vilayətindəki kriminal vəziyyətlə bağlı ciddi tənqid edib. Onları narkotrafikə, mütəşəkkil cinayətkarlıq və qanunsuz silah gəzdirilməsinə qarşı mübarizə aparmamaqda ittiham edib və tələb edib ki, şəhərdə qayda-qanun bərpa edilməlidir. Hətta zərurət olduqda, silah tətbiq edilməsini də irəli sürüb. Prezidentin tələbi ilə Dağ-Bədəxşan vilayətində mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədilə xüsusi qərargah da yaradılıb. Ora baş prokuror Yusuf Rahmon və milli təhlükəsizlik üzrə milli komitənin rəhbəri Saymumin Yatimov daxil edilib. Bundan əlavə, ordu birləşmələri və xüsusi təyinatlı dəstələr də cəlb edilib. Horoqun mərkəzində və Dağ-Bədəxşan Vilayətinin girişində xüsusi təyinatlıların keşiş çəkdiyi nəzarət buraxılış məntəqələri yaradılıb. Vilayətdə isə narazılıq durmadan artır. Ötən gün ərazidə universitet, məktəblər və uşaq bağçaları fəaliyyət göstərməyib. Uşaqları qışlaqlardakı qohumlarının yanına göndərməyi məsləhət görüblər. Həmin ərazilərdə də güc strukturları yerli sakinlər arasında müvafiq işlər aparıblar. Sakinlər iddia edirlər ki, hərbçilər hər bir evə daxil olub insanları Horoqda aparılacaq əməliyyat zamanı vəziyyətə qarışmamağa çağırıblar. Qərargahdan bildiriblər ki, dinc sakinlərə qarşı irimiqyaslı əməliyyat həyata keçirilməyəcək. Əvəzində, qanunsuz silahlı birləşmə üzvlərinə qarşı silah və döyüş sursatını təhvil vermədiklərinə görə, təmizləmə əməliyyat həyata keçiriləcək. Birgə qərargahın yaydığı məlumata görə, Dağlıq-Bədəxşanda böyük həcmdə odlu silah müsadirə olunub. Axtarışda olan 21 nəfərdən 11-i təslim olub. Vətəndaş cəmiyyəti üzvləri belə bir sualla çıxış edirlər – 21 şübhəli bilinənlər kimlərdir? Hakimiyyətə könüllü təslim olan 11 nəfər kimdir? Onların adları naməlum olaraq qalır. "Horoq kiçik şəhərdir, 30 min insan yaşayır və demək olar ki, hamı bir-birini tanıyır. Bir çox insanı bir-biri ilə qohumluq əlaqələri bağlayır. Bu səbəbdən də hamı gözəl anlayır ki, söhbət vətəndaş müharibəsi zamanı müxalifətin tərəfində döyüşən keçmiş səhra komandirlərindən gedir. Onların Pamirdə çox güclü nüfuzları var. Görünür, onları dinc həyata uyğunlaşdırmaq və hakimiyyətə müxalif mövqedən çəkindirmək mümkün olmayıb. Hüquq-mühafizə orqanları onları bir sıra cinayətlər törətməkdə ittiham edirlər”, - deyə tacik politoloq Xursand Xurramov "Nezavisimaya qazeta” nəşrinə müsahibəsində bildirib. Ekspertin sözlərinə görə, analoji cinayətlər Tacikistanın digər regionlarında da yaşanır. "Lakin oralarda Pamirdə keçirilən əməliyyatlara oxşarı yaşanmır. Dağ-Bədəxşan Muxtar Vilayətində həyata keçirilən antikriminal əməliyyatlar daha çox siyasi, ideoloji düşmənlərin məhv edilməsi məqsədilə həyata keçirilir”, - deyə politoloq bildirib. Vətəndaşı fəalları 2012-ci ildə baş verən və dinc sakinlərin həlak olması ilə nəticələnən hadisələrin təkrar olunmamağı üçün hakimiyyəti dialoqa çağırırlar. Xatırladaq ki, 2012-ci il iyunun 24-də general Abdullo Nazarovu qətlə yetirənlərin tutulması məqsədilə keçirilən əməliyyat zamanı ağır silahlardan, hətta vertolyotlardan istifadə olunmuşdu. O zaman 18 güc strukturu əməkdaşı, 30 yaraqlı və 24 dinc sakin ölmüşdü. Qeyri-rəsmi məlumatlara görə, 200-ə yaxın insan qətlə yetirilmişdi ki, onlardan da yarısı dinc sakinləri idi. Bu səbəbdən də təbii ki, insanlar həmin hadisələrin təkrar olunmasından ehtiyat edirlər. Dağ-Bədəxşan Muxtar Vilayətinin vətəndaş fəalları hakimiyyəti dialoqa, ictimaiyyəti isə Pamirin dinc sakinləri arasında qan tökülməsinin qarşısını almaq üçün petisiya imzalamağa çağırıblar. Bundan əlavə, sakinləri narahat edən başqa məsələdir. İqtisadi problemlərin fonunda, hakimiyyət hərbi güc tətbiq edir, ordudan istifadə edir, hərbi parad keçirir. Əməliyyat keçirilməsi barədə elandan bir ay əvvəl bildirilirdi ki, bölgədən xeyli silah və döyüş sursatı müsadirə olunub. Lakin yenə də nə qədər adamdan silah müsadirə olunduğuna dair rəqəm açıqlanmayıb. "Belə bir təəssürat yaranır ki, bu, sadəcə, prezident seçkiləri ərəfəsində nəzarət altında olmayan səhra komandirlərini ələ keçirmək və müxalif əhval-ruhiyyəli insanlardan yaxa qurtarmaq üçün bəhanədir”, - deyə politoloq bildirib. Pamirdəki hadisələrlə bağlı öz versiyasını, Tacikistan Milli Alyansının sədr müavini, müxalifətçi Alim Şerzamanov da irəli sürüb. O, sosial şəbəkələrdə yazıb ki, tacik güc strukturları yerli narkotrafiki öz nəzarəti altına almağa çalışır. inayətkarlığa qarşı mübarizə isə sadəcə, bu planı reallaşdırmaq üçün bir bəhanədir.
Tacikistandan söz düşmüşkən, Düşənbə və Daşkənd sərhədlərin minalardan təmizlənməsinə start veriblər. Start ərazi kimi Pəncikənd və Səmərqənd şəhərləri arasındakı ərazi seçilib. Gələn ilin sonuna kimi işlərin başa çatdırılması nəzərdə tutulub. Sərhəd ərazilərin minalanması 1999-2000-ci illərdə yaraqlıların daxil olmasının qarşısını almaq məqsədilə həyata keçirilib. Əfqanıstanda fəaliyyət göstərən Özbəkistan İslam Hərəkatının yaraqlıları Fərqanə vadisinə Tacikistan və Qırğızıstandan daxil olmaq istəyiblər. Nəticədə sərhədlər bağlanmış və viza rejimi tətbiq edilmişdi. İndi isə artıq iki ölkə arasında bütün problemlər həllini tapıb - viza rejimi aradan qaldırılıb, avia, dəmir yolu, avtomobil əlaqəsi bərpa edilib. Tacikistan Özbəkləri Cəmiyyəti isə Emomali Rahmon və Özbəkistan prezidenti Şavkat Mirzoyeyevin gələn il Nobel sülh mükafatına layiq görülməsi məqsədilə imzatoplama kampaniyasına start verib.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər