Mərkəzi Asiyada “barıt çəlləyi”
Qırğız-tacik qarşıdurmasının pərdəarxası məqamları
Uzun müddətdir
ki, sabitlik hökm sürən Mərkəzi Asiya yenidən gərgin bölgəyə çevrilmək təhlükəsini
yaşayır. Bölgənin iki qeyri-stabil ölkəsi – Qırğızıstan və Tacikistan
yaşadıqları sərhəd münaqişəsi ilə dünya mediasının diqqət mərkəzinə düşdülər. Sərhəddə
yerli sakinlər və sərhədçilər arasında baş vermiş toqquşmada onlarla insan xəsarət
alıb. Mübahisəyə səbəb isə sadədir - sərhəddə yerləşən supaylayıcı məntəqə.
Sakinlərlə hərbçilər arasında mübahisə aprelin 28-də başlayıb və ertəsi gün tərəflər
bir-birlərini atəş açmaqda ittiham ediblər. "Qolovnoy” supaylayıcısı qurğusu
Sovet İttifaqının 1960-cı illərində Qırğızıstanın sifarişi ilə tikilib. Lakin
Taciksitan rəsmiləri iddia edirlər ki, məntəqə Tacikistan ərazisindədir və həmişə
onun istifadəsində olub. Supaylayıcı məntəqəyə yaxın kəndlərin sakinləri
arasında münasqişələr ötən əsrin sonlarından başlayıb. 1974-cü ildə burada ilk
silahlı üsyan qeydə alınıb. Qırğızıstan tərəfi bildirir ki, qarşıdurma, tacik tərəfi
məntəqəyə müşahidə videokamerası qoyandan sonra qızışıb. Supaylayıcı
stansiyanın həyətinə 100-150 nəfər yığılıb. Onlar əvvəlcə bir-birlərini daşa
basıblar. Bundan sonra atəş açılıb. "Fergana” saytının yazdığına görə, aprelin
29-da tərəflər arasında "əsl müharibə” başlanıb. Hazırda hər iki tərəf vəziyyətin
sabit olduğunu bildirir. Artıq Qırğızıstan hökuməti Tacikistanla sərhəddə vəziyyəti
nəzarətdə saxlamaq üçün operativ qərargah yaradıb.
"Baş nazir Uluqbəy Maripovun tapşırığı ilə
Qırğızıstan-Tacikistan dövlət sərhədindəki vəziyyəti əlaqələndirmək və izləmək
üçün əməliyyat qərargahı yaradıldı. Qərargahın iclası zamanı Qırğızıstan
Respublikası hökumətinin vəziyyəti həll etmək və öyrənmək üçün bütün tədbirləri
gördüyü qeyd edildi”, - deyə məlumatda bildirilir. Qeyd edək ki,
Tacikistan-Qırğızıstan sərhədində silahlı münaqişə nəticəsində Tacikistanın 3 vətəndaşının
öldüyü, 31-nin yaralandığı bildirilir. Qırğızıstan tərəfi isə 1 nəfər vətəndaşının
öldüyünü, 31 nəfərin yaralandığını elan edib. Qırğızıstanda münaqişənin tənzimlənməsi
üçün komissiya yaradılıb. Komissiyaya baş nazirin birinci müavini Artyom
Novikov başçılıq edir. Hadisə ilə bağlı yaxınlıqdakı qırğız kəndlərindən
birinin qadın və uşaqları başqa yerə evakuasiya olunub. Qırğızıstan prezidenti
Sadır Japarov hökumət üzvləri ilə müşavirə keçirib və deyib ki, tərəflər
arasında ümumi dil tapmaq mümkün olacaq. Bu arada Özbəkistan hökuməti tərəfləri
təmkinə çağırıb. Qırğızıstan və Tacikistan arasındakı sərhəd 970 kilometrdir.
Lakin bunun yalnız 519 kilometri delimitasiya və demarkasiya edilib.
Sərhəd
boyunca 70 mübahisəli sektor var və burada yerli sakinlər arasında su, örüş
yerləri və torpaq sahələri üstündə tez-tez qarşıdurmalar baş verir. Tacikistan-Qırğızıstan
sərhədində vəziyyət artıq bir neçə ildir ki, gərgindir və iki ölkənin rəhbərliyi
buna görə bir-birlərini ittiham edir. Tacikistan-Qırğızıstan sərhədindəki vəziyyət
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videobağlantı ilə keçirilən
iclasında da müzakirə olunub. Rusiyanın nəzarəti altında olan KTMT-yə Ermənistan,
Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan üzvdürlər. Rusiyanın xarici işlər
naziri Sergey Lavrov sözügedən iclasdan sonra demişdi ki, onun ölkəsi
Tacikistanı və Qırğızıstanı bu məsələni dinc yolla həll etməyə çağırıb və
Moskvanın vasitəçiliyini təklif edib. Keçmiş sovet Orta Asiyasının beş ölkəsi
arasında sərhədlər, xüsusən də dağlıq bölgələrdə qatmaqarışıqdır və burada
çoxsaylı qarşıdurmalar baş verir. Ötən iyul ayında Tacikistan-Qırğızıstan sərhədində
gərginliyin artması ilə bağlı prezidentlər Emomali Rahmon və Sooronbai
Jeenbekov Tacikistanın İsfara və Qırğızıstanın Çolpon-Ata sərhəd şəhərlərində
görüşərək vəziyyəti müzakirə etmişdilər. Buna baxmayaraq iki ölkə arasında sərhəd
boyunca gərginlik azalmaq bilmir. "Qırğızıstanın özgə ərazisinə iddiası
yoxdur və öz ərazisini də bölüşmək niyyətində deyil”. Bu barədə Qırğızıstanın
xarici işlər naziri Ruslan Kazakbayev tacik həmkarı Sirociddin Muhriddinlə söhbəti
zamanı deyib. O bildirib ki, bütün sərhəd və iqtisadi məsələlər yüksək səviyyəli
nümayəndə heyətlərinin danışıqları ilə yoluna qoyulmalıdır. Qeyd edək ki, tərəflər
arasında baş verən qanlı silahlı qarşıdurmadan sonra atəşkəs barəsində razılıq əldə
olunub. Ən son odur ki, Qırğızıstan və Tacikistan sərhədində ölkə başçılarının
təşəbbüsü əsasında rəsmi nümayəndələrin görüşü keçirilib. Bu məlumatı
Qırğızıstan Xarici İşlər Nazirliyi yayıb. Görüşdə hər iki tərəfdən xüsusi xidmət
orqanlarının rəhbərləri, vilayət qubernatorları iştirak ediblər. Tərəflər
konfliktin səbəblərinin araşdırılması üçün işçi qrupunun yaradılması barədə
razılaşıblar.
Tacik tərəfi susur
Təsadüf, yoxsa?
Bəs görən qəfil yaşanan gərginliyin arxasında həqiqətənmi su problemi var, ya fövqəldövlətlərin maraqlarının toqquşması səbəbindən gərginlik yaranıb? Məsələ ondadır ki, ABŞ-ın Mərkəzi Asiya ilə əməkdaşlıq üçün ilk dəfə 2015-ci ildə ortaya atdığı "C5+1” formatı, yəni Mərkəzi Asiyanın 5 ölkəsi və ABŞ arasındakı əməkdaşlıq Tramp administrasiyası dövründə arxa plana keçsə də, Baydenin hakimiyyətə gəlməsində sonra, daha doğrusu, demokratların yenidən hakim postu ələ keçirməsindən sonra təkrar gündəmə gəlib. İlin əvvəlində Mərkəzi Asiya ölkələrinə 1 milyard dollar dəyərində yatırımları nəzərdə tutan ABŞ, Özbəkistan və Qazaxıstanın birgə "Mərkəzi Asiya İnvestisiya Əməkdaşlığı” təşəbbüsünü elan etməsi isə bunun göstəricisi hesab edilə bilər. Lakin ABŞ-ın bu regionda güclü rəqibləri var – Rusiya, Çin və İran. Rusiyanın təsir gücü regionda get-gedə azalmaqdadır. Məsələn, 2012-ci ildə Özbəkistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmış, bu gün isə həm Özbəkistan, həm Qazaxıstanın Avrasiya İqtisadi İttifaqını tərk etməsi məsələsi Qərb dairələrində müzakirə olunur. Rusiya mediasında, ekspert dairələrində Türkiyənin bölgədə aktivliyi qabardılır. Xüsusən də rus ekspertləri həyəcanlı şəkildə Türk Şurasının hərbi qanadı olacaq "Böyük Turan ordusu”nun yaradılması barədə ehtimallar irəli sürürlər. Bu məsələdə Trans-Xəzər nəqliyyat və enerji dəhlizi layihəsi də önə çəklir.
Bölgə ölkələrinin üzərində razılaşa bilmədiyi ən əsas problemlərdən biri də su problemidir. Belə ki, sərhədlər çəkilərkən Vadinin ən geniş və yaşıl hissəsi Özbəkistana, su ilə zəngin olan və dağlar qoynunda yerləşən torpaqlar Qırğızıstana, iqtisadi və strateji baxımından açar nöqtədə yerləşən ərazi isə Tacikistana qalmışdır. Beləliklə, Tacikistan Sırdərya çayının bəzi yuxarı axar bölgələrində suyun axışına nəzarət edə bilsə də, bölgənin əsas su təminatı (xüsusilə Narin çayı) Qırğızıstanın nəzarəti altında qalmışdır. Sovet dövrü bölgə ölkələri bu çayların suyunu rahat şəkildə istifadə etsələr də, müstəqillikdən sonrakı dövrdə ölkələr arasında problemlər yaşanmağa başlamışdır. İlk problem 1990-cı illərdə Narin çayının üzərindəki Qırğızıstana aid Toktogul su anbarının və su elektrik stansiyasının istifadəsi ilə bağlı olub. Çayın aşağı axarında yerləşən digər dövlətlər Qırğızıstanı sudan düzgün istifadə etməməkdə, yalnız öz maraqlarını güdərək ətraf ərazilərə ziyan verməkdə günahlandırmışlar.
Görünən odur ki...
Beləliklə, su, kənd
təsərrüfatı, maldarlıq, nəqliyyat, təhlükəsizlik və ümumi olaraq iqtisadi
inkişaf və siyasi sabitlik kimi problemləri özündə cəmləşdirən sərhəd problemi
bölgə dövlətləri arasında vaxtaşırı gərginliklər, qarşıdurmalar yaşadıb.
Günümüzə qədər həll edilə bilməyən bu problemlə bağlı müvafiq ölkələrdə
iqtidara gələn yeni hökümətlər tərəfindən önəmli addımlar atılıb. Məsələn,
2016-cı ildə İslam Kərimovun ölümündə sonra Özbəkistanda hakimiyyətə gələn Şövkət
Mirziyoyev və 2021-ci ildə Qırğızıstanda hakimiyyətə gələn Sadır Caparovun fəaliyyətləri
bu baxımdan təqdirəlayiqdir. 2021-ci ilin mart ayında Özbəkistan və Qırğızıstan
prezidentlərinin görüşü keçirilmiş, Caparov "sərhəd problemi 3 ay içərisində öz
həllini tapacaqdır” şəklində açıqlama vermişdir. Maraqlıdır ki, bənzər
açıqlamalar Tacikistan tərəfdən gəlməyib. Mart ayında Qırğızıstanın Milli Təhlükəsizlik
Komitəsinin sədri Kamçıbek Taşıyev tərəfindən taciklərə Voruh kəndi əvəzində
başqa bir yerdən 12000 hektar ərazinin veriləcəyi şəklində açıqlama gəlib. Bu
açıqlama iki ölkə arasında gərginliyi yenidən artırıb. Bundan sonra aprelin 4-də
Tacikistan prezidenti Emomali Rahmonun Voruha səfərinin olacağı xəbəri
yayılmış, lakin onun yerinə Tacikistandan rəsmi nümayəndə kəndə yollanıb.
Tacikistanın eks-xarici işlər naziri Hamrohon Zarifi isə öz "Facebook” səhifəsində
ölkəsinin öz torpaqlarından heç vaxt imtina etməyəcəyini yazıb. Görünən odur
ki, bölgənin türk dövlətləri arasında problemlər gedərək həll olunsa da,
Qırgızıstan və Tacikistan problemi, hələ ki, həll olunmaqdan xeyli uzaqdır.
Azər