• cümə, 29 Mart, 11:54
  • Baku Bakı 5°C

Mərkəzi Asiya yeni dəmir yolu layihəsini müzakirə edir

28.12.17 10:00 782
Mərkəzi Asiya yeni dəmir yolu layihəsini müzakirə edir
Mərkəzi Asiya uğrunda Rusiya və Çinin, Avropa, Birləşmiş Ştatların mübarizəsi səngimək bilmir. Hər dəfə yeni-yeni layihələr, nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində işlərə start verilsə də, ortada konkret nəticə yoxdur. Hələ ki, bu istiqamətdə ən çox səy göstərən Çindir. Rəsmi Pekin region uğrunda Rusiya ilə mübarizədə hələ ki, qalib qismində görünür. Elə dünən də bu istiqamətdə Daşkənddə növbəti danışıqlar baş tutub. Özbəkistan paytaxtı Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşası ilə bağlı üç ölkənin nazirlər səviyyəsində keçən danışıqlara ev sahibliyi edib. Əldə olunan razılaşmaya görə, layihənin reallaşması ilə bağlı hökumətlərarası razılaşma sənədinə 2018-ci ilin ortalarında imza atılacaq. Bu yol ilk növbədə öz mallarını Fars körfəzinin limanlarına çıxarmağa tələbat duyan Çin və Özbəkistana, sonra isə Qırğızıstana gərəkdir. Danışıqlar ərəfəsində Qırğızıstan prezidenti Sooronbay Jeenbekov nəqliyyat və yollar naziri Jamşitbek Kalilova layihə ilə bağlı ekspert qrupu hazırlamağı tapşırıb.
Onun sözlərinə görə, bu dəmir yolu layihəsi Qırğızıstan üçün xarici bazarlara çıxmaq baxımından çox vacibdir. Jeenbekov vurğulayıb ki, inşa işlərinin tez bir zamanda başlaması Mərkəzi Asiyanın regionda effektiv və mənfəətli nəqliyyat dəhlizinə çevrilməsinə kömək edəcək. Bişkekdə hesab edirlər ki, bu yol ölkənin şimal və cənub regionlarını birləşdirməklə yanaşı, Qırğızıstanı Çin, Ön Asiya və Cənubi Avropa üçün tranzit ölkəyə çevirməyə imkan verəcək. Lakin bu layihənin tərəfdarları ilə yanaşı, əleyhdarları da var. Bir çoxları hesab edirlər ki, Qırğızıstanın bu dəmir yoluna elə də ehtiyacı yoxdur. İqtisadçı Qubar Rəhimov da bu qənaətdədir. "Nezavisimaya qazeta”ya açıqlamasında ekspert bildirib ki, "qırğızların dəniz limanlarına, konkret olaraq Çin vasitəsilə okeana çıxışı var. Qırğızıstanın bu dəmir yoluna həddən artıq ehtiyacının olması manipulyasiyadır”. Ekspertin sözlərinə görə, müzakirəsi gedən yeni dəmir yolunun inşası üçün Bişkekə yenidən Pekindən kredit almaq gərək olacaq. Layihənin ümumi dəyərinin minimum 6-7 mlrd. dollar təşkil edəcəyi gözlənilir. Nəzərə alınmalıdır ki, Qırğızıstan ərazisi çətin keçilən yerlərdir, ona görə də bu yol çox xərc tələb edəcək. Bu həm də təkcə yüksək dağlıq ərazilərə magistral yolun tikintisi demək deyil, kənd təsərrüfatı üçün əhəmiyyətli yerlər, otlaq sahələri mövcuddur. Bu işlər isə həmin evlərin, sahələrin, hətta yaşayış yerlərinin dağıdılması demək olacaq. Qırğızıstanın cənubunda isə əkin və otlaq sahələri çox incə məsələdir və əhali arasında narazılıqlara yol aça bilər. Bu həcmdə və miqyasda transkontinental yol inşa etmək o zaman əhəmiyyət kəsb edə bilər ki, həmin yol üçün yük bazası olsun. Qırğızıstanın isə belə bir imkanı yoxdur”, - deyə iqtisadçı vurğulayıb. Bu səbəbdən də ekspertin sözlərinə görə, alternativ avtomobil yolları daha cəlbedici görünür.
O ki qaldı Özbəkistana, yeni bazarlar axtarışında olan bu ölkə alternativ nəqliyyat marşrutlarına ehtiyac duyur. Lakin bu ölkədə də layihənin əleyhdarları var. "Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu mövcud olan layihələrdən elə də əlverişli deyil. Bu yol reallaşarsa, onun üzərindən Çin və Avropa arasında gedən yük daşınmasının 15-20 faizi həyata keçəcək”, - deyə Orta və Mərkəzi Asiya ənənəvi mədəniyyətlər üzrə Mərkəzinin geomədəniyyət və geoiqtisadiyyat üzrə direktor müavini Bəxtiyar Erqaşev bildirib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bir hissəsi açılıb, Türkmənistanda Amudərya üzərindən dəmiryolu və avtomobil körpüsü fəaliyyət göstərir. Türkmənbaşı limanının modernləşdirilməsi istiqamətində iş aparılır. Özbəkistan yüksək dağlıq ərazidə - Kamçik üzərindən dəmir yolu inşa edib. Qalıb bir Kaşkar-Oş-Əndican hissəsi. Çindən Mərkəzi Asiyaya, Xəzər üzərindən Cənubi Qafqaza, oradan Türkiyə, eləcə də Cənubi Avropa və Şimali Afrikaya gedəcək cənub dəhlizinin bir hissəsi hazırdır”, - deyə Erqaşev bildirib. O əlavə edir ki, nəqliyyat dəhlizi həm də onun ətrafında "inkişaf nöqtələri” deməkdir. "Əgər məsələyə kompleks yanaşılsa, tam şəkildə sənaye cəhətdən azad iqtisadi zona yaratmaq mümkündür. Belə bir yer isə Oş ola bilər. Özbəkistan təcrübəsi göstərir ki, bu mexanizm bu və digər regionların sənaye cəhətdən inkişafına təkan verə bilər”, - deyə ekspert bildirib.
Azər
banner

Oxşar Xəbərlər