• cümə axşamı, 28 mart, 14:24
  • Baku Bakı 16°C

Mərkəzi Asiya üçün “Domokl qılıncı”

18.10.16 13:11 2052
Mərkəzi Asiya üçün “Domokl qılıncı”
Mərkəzi Asiya respublikalarının başının üstünü "Domokl qılıncı” kimi kəsdirən su problemi beş ölkəni üz-üzə qoyub. Mütəmadi olaraq bununla bağlı yaşanan gərginlik hətta münaqişə vəziyyətinə çatır. Yayda Özbəkistanla Qırğızıstan və Tacikistan arasında gərginlik pik həddə çatmışdı. Bəlli olduğu kimi, Mərkəzi Asiyanın beş respublikası arasında su resurslarının bölüşdürülməsi sistemi sovet ittifaqı ilə birlikdə çöküb. İnsaf naminə demək gərəkdir ki, sovet dövründə sistem düzgün qurulmuşdu. Belə ki, Qazaxıstan, Özbəkistan və Türkmənistan enerji daşıyıcılarından boldur, dağlıq ərazidə yerləşən Tacikistan və Qırğızıstanda isə bol sulu çaylar var. Dağ respublikalarına qışda qızınmaq üçün elektrik, düzənlik respublikalarına isə yayda suvarma üçün su lazım olurdu. Beş ölkə beləcə qışı və yayı elektriki və suyu paylaşırdılar. İndi isə beş respublikanın hər biri müstəqil dövlətdir, sistem isə yoxdur. Qazaxıstanlı politoloq Rəsul Jumalı hesab edir ki, düzdür, sistem ideal deyildi. Ziddiyyətlər sovet vaxtlarında da var idi, lakin o vaxtlar mübahisələri bir mərkəz - Moskva çözürdü. Rusiyalı politoloq Andrey Kazantsev deyir ki, indi bu məsələ ona görə çözülməz olub ki, su və ərzaq hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə çevrilib. Ekspert Rüstəm Qabil yazır ki, su məsələsi indi bütün regionda "ölüm-dirim” məsələsi sayılır. Qazaxıstanın su təsərrüfatı "Kazsu”nun yerli rəhbəri Berik Nuraliyev deyir ki, Sovet İttifaqı çökəndən sonra Qazaxıstan və Qırğızıstan arasında hər il yeni saziş imzalanırdı: "Bu sazişdə nə vaxt və hara, nə qədər su verilməsi dəqiq göstərilirdi. Lakin suyun qonşulara müxtəlif vaxtlarda lazım olmasına görə ziddiyyətlər ortaya çıxırdı. Onun sözlərinə görə, Qırğızıstan su vermək istəməyəndə deyir ki, bu yaz çaylarda su az olub. Kim gedib yoxlayacaq ki? İqlim dəyişməsinə görə buzlaqlar əriyir. Ötən əsrdə onların səthi 30 faiz azalıb”.

Rüstəm Qabil vurğulayır ki, bəzi hallarda qonşular arasında su mübahisələri açıq və zorakı qarşıdurmaya səbəb olur. Məsələn, "Kommersant”a danışan Qırğızıstanda Samarkandek kənd məktəbinin keçmiş direktoru, indi isə kəndin ağsaqqalı Kapar Toktoşev deyib ki, 2014-cü ildə Tacikistan sərhədində baş vermiş belə bir toqquşmada qeyri-ixtiyari özü də iştirak etməli olub. "Onlar 2014-cü ildə kəndlərinə gələn suyun niyə kəsildiyini öyrənmək üçün Tacikistan sərhədinə yollanıblar. Burada taciklərlə qırğızlar arasında mübahisə baş verib. Dalaşanları əsgərlər bir-birlərindən ayırıblar. K. Toktoşev deyir ki, "əsgərlər aramızda idilər, bizsə onların başı üstündən bir-birimizə daş atırdıq”. Ağsaqqal bütün bunları indi rahat-rahat danışsa da, hadisə baş verəndə, iki ölkənin sərhədinə toplaşmış 2-3 min insan arasında yer almış insident qəzet başlıqlarına çıxmışdı. Toktoşev qorxur ki, bir gün bütün bunlar əsl müharibəyə çevrilsin”, - deyə qəzet yazır.

Qırğızıstan politoloqları deyirlər ki, 2010-cu ildə o vaxtkı prezident Kurmanbek Bakiyevi devirmiş iğtişaşlarda da su qıtlığı faktoru rol oynamışdı. Rüstəm Qabil vurğulayır ki, Özbəkistanda da elektrik enerjisi ilə bağlı narazılıq artmaqdadır. Burada hökumət enerjini xaricə satmaq qərarına gəldiyindən daxili istehlak üçün qıtlıq yaranır. Kiçik şəhərlərdə və kəndlərdə elektrik enerjisi gündə 2-3 saat verilir. O bildirib ki, hətta bütün regionda səbirləri ilə tanınan özbəklər də, "qadağanlara tüpürərək” öz hiddətlərini açıq şəkildə bildirməyə başlayıblar: "İndi qazı Çinə və Əfqanıstana satmaq daha sərfəli olduğundan Özbəkistan öz əhalisinə verdiyi enerjiyə qənaət edir. Adamlar qış aylarında soyuqdan ölməmək üçün ətrafdakı ağacları kəsiblər. İndi bütün diyarda bir dənə də böyük ağac qalmayıb”.

Rusiyalı politoloq Andrey Kazantsev bu qənaətdədir ki, ən nikbin proqnoz hər şeyin olduğu kimi qalacağıdır. "Ən bədbin variant isə budur ki, iflasa uğramış region ölkələrini fəlakət gözləyir. Domino effekti ilə Əfqanıstan Qırğızıstan və Tacikistanın üstünə, onlar da qonşu ölkələrin üstünə yıxılacaqlar. Bundan sonra vəziyyəti kimin düzəldə biləcəyini heç kim bilmir”, – deyə A. Kazantsev bildirib. Lakin qazax politoloq Rəsul Jumalı deyir ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu Mərkəzi Asiya ölkələrinin əl-ələ verib inteqrasiya etməsidir. "Rusiyanın və ya Çinin dəstəyinə söykənmək uzaq perspektivdə heç bir rol oynamaycaq”, – deyə politoloq bildirib.

Lakin problem həllində işıq ucu da görünür. Belə ki, bu günlərdə Mərkəzi Asiyanın beş respublikasının xarici işlər nazirləri Avropa İttifaqı ilə birlikdə regionun iqtisadi inkişafı ilə bağlı məsələləri müzakirəyə çıxarıblar. Mərkəzi Asiya-Avropa İttifaqı formatında keçən toplantı Brüsseldə baş tutub. Prioritet məsələlər sırasında energetika və su resursları olub. Su məsələsi BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən toplantısında da müzakirəyə çıxarılıb. Tacikistan və Qırğızıstan ümid edir ki, Özbəkistanda lider dəyişikliyi rəsmi Daşkəndin qonşu ölkələrə münasibətini də dəyişəcək. Lakin ekspertlər hesab edirlər ki, Daşkəndə transsərhəd ərazilərdəki çaylar üzərində iri Su Elektrik Stansiyalarının inşasına razılıq verməyəcək. MDU-nun informasiya-analitik mərkəzinin direktoru Sergey Rekeda hesab edir ki, özbək elitası üçün stili dərhal dəyişdirmək xas deyil. Onun qənaətincə, su problemi ilə Daşkəndin mövqeyində tez bir zamanda dəyişiklik gözləmək gərək deyil. "İndi biz ritorikanın dəyişdiyini görürük”,- deyə o bildirib. Mərkəz direktoru əlavə edib ki, Özbəkistan tərəfi tərəfdaşlarını dialoqa dəvət edir və onlardan yeni təkliflər gözləyir: "Bu səbəbdən də SES məsələsində irəliləyiş tək rəhbərliyin dəyişməsindən deyil, həm də ortaya hansı təkliflərin atılmasından asılı olacaq”.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər