• cümə, 29 Mart, 11:59
  • Baku Bakı 5°C

Mərkəzi Asiya problemlərdən qurtula bilmir

10.09.18 16:40 1129
Mərkəzi Asiya problemlərdən qurtula bilmir
Mərkəzi Asiya ölkələri arasında inteqrasiya prosesi durğunluq, tormozlanma mərhələsinə qədəm qoyub. Bir neçə ay bundan əvvəl region ölkələri sammit keçirərək ölkələr arasında inteqrasiyanı prioritet elan etsələr də, deyilənlər bəyanat olaraq da qalıb. Prosesdə tormozlayıcı funksiyanı isə Türkmənistan həyata keçirib. Məsələ ondadır ki, Aşqabad öz ərazisindən Tacikistana hərəkət edən iri yük maşınlarını buraxmamaq qərarına gəlib. Bir həftədən artıqdır ki, yük maşınları Lüftabad-Artıq məntəqəsində ilişib qalıb. Aşqabad Tacikistan üçün nəzərdə tutulan yüklərin çatdırılmasına maneçilik yaradır. Tacikistan Nəqliyyat Nazirliyindən bildirirlər ki, tacik yük maşınlarının saxlanılması məsələsini diplomatik kanallarla həll etməyə çalışırlar. Məsələ bu günlərdə Tacikistan Xarici İşlər Nazirliyində də müzakirə olunub. Bu isə o anlama gəlir ki, regional inteqrasiya məsələsi artıq aktuallığını yenidən itirməyə başlayıb. Türkmən sərhədçiləri iri yük maşınlarının sürücülərinə Türkmənistandan yan keçməklə alternativ yollar axtarıb tapmağı məsləhət görüblər. Sərhəd ərazidə Tacikistanla yanaşı, digər ərazilərdən də gələn yük maşınları yığılıb dayanıb. Sərahs sərhəd məntəqəsində Tacikistanın Türkiyədən aldığı sərnişin avtobusları da dayandırılıb. Maraqlıdır ki, problemlər Tacikistan prezidenti İmomali Rahmonun Aşqabada səfərindən sonra başlayıb. Mediada yayılan xəbərlərə görə, türkmən lider Qurbanqulu Berdıməhəmmədovla danışıqlarda ticarət-iqtisadi əməkdaşlıq məsələləri və nəqliyyat marşrutlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Aral gölünün xilası üzrə Beynəlxalq Fondu təsisçilərinin keçirdiyi dövlət başçılarının sammitində çıxış edən Rahmon qonşu dövlətləri Mərkəzi Asiyada sərbəst yük daşımaları sahəsində əməkdaşlığı genişləndirməyə çağırıb. Türkmən tərəfi də tacik prezidentin narahatçılığını yükləri dayandırmaqla cavablandırıb. Nədən belə bir addımın atıldığı bəlli deyil.
Yeri gəlmişkən, türkmən tərəfinin insanların hərəkəti və yüklərin daşınması ilə bağlı yaratdığı maneə regionda yaşanan ilk belə hal deyil. Düz bir il bundan öncə Qazaxıstan da Qırğızıstanla sərhədləri bağlamışdı. Təqribən 500-dən artıq Rusiya üçün nəzərdə tutulan yük maşını sərhəddə ilişib qalmışdı. Səbəb də siyasət olmuşdu – Bişkek Qırğızıstan prezidenti Nursultan Nazarbayevi Qırğızıstanda keçirilən prezident seçkilərinin gedişinə müdaxilə etməkdə ittiham etmişdi. Özbək sərhədi isə təkcə bağlı deyildi. Daşkənd, Tacikistanda fəaliyyət göstərən Özbəkistan İslam Hərəkatı yaraqlılarının ölkəyə daxil ola bilməsinin qarşısını almaq məqsədilə minalanmışdı. Sonrakı illərdə Özbəkistan, Tacikistan, Qırğızıstan sərhədində münaqişələr, silah tətbiqi, torpaq və su mübahisələri və digər neqativ hallar adi hala çevrildi. Vəziyyət yalnız Özbəkistanda hakimiyyət dəyişikliyi və iqtisadi model dəyişikliyindən sonra nisbətən dəyişdi. Mərkəzi Asiya ölkələrində inteqrasiya məsələsi aktuallaşmağa başladı. Dörd ölkənin prezidenti Astanada regional sammit keçirdilər. Aşqabad tədbirdə iştirak etməkdən boyun qaçırdı. Sammitdə əsas mövzulardan biri regional korporasiya məsələləri idi. Berdiməhəmmədov də bu yaxınlarda bu ideyaya alternativ olaraq Mərkəzi Asiyada Məsləhətçi Şuranın yaradılması təşəbbüsü ilə çıxış etdi. Bu qurumu yaratmaqla ümid edilir ki, regionda ortaya çıxan məsələləri operativ yolla həll ediləcək. Lakin Türkmənistanın dövlət strukturu və iqtisadi siyasəti bazar iqtisadiyyatı üçün qəbulolunmaz vəziyyət yaradır. Problemlər regionda həllini tapmayıb. Yalnız Özbəkistan qonşu dövlətlərlə problemlərin 80 faiz həll etmiş olub. Qazaxıstanda isə bu göstərici 100 faizdir. Yerdə qalan dövlətlər Daşkənddən estafeti ələ alaraq aktivləşsələr də, hələ ki, irəliləyiş yoxdur. Məsələn, Düşənbə və Bişkekin danışıqlar prosesi hərəkətsiz qalıb. Tacikistan özbək mallarının ölkəyə daxil olmasından narahat olaraq onların bəzilərinin ixracına qadağa qoyub. Özbəkistan isə Çin mallarının ixracını məhdudlaşdırıb. Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyev hesab edir ki, regional inteqrasiya regionun olmadığı yerdə mümkün deyil: "Mərkəzi Asiya region demək deyil. Mərkəzi Asiya ölkələrini və Qazaxıstanı birləşdirəcək maraqlar mövcud deyil, əksər hallarda bu maraqlar müstəqil istiqamətlər üzrə paylanıb, hətta elə hallar var ki, bir-birinə ziddiyyət təşkil edir. Çingiz xan imperiyası nəzərə alınmazsa, tarixdə onların birləşməsi olmayıb. Yalnız Rusiya imperiyasının işğalı və sovet dövründə onların birliyi baş verib”. Ekspertin sözlərinə görə, bir sıra kənar yaxınlıqlar olsa da, keçmiş sovet respublikalarının əksəriyyətində müxtəlif iqtisadi və siyasi modellər, rəngarəng xarici oriyentasiya mövcuddur. Onların çərçivəsində müxtəlif dövlətlərin müxtəlif maraqları reallaşır. İnteqrasiya yalnız iki mexanizmdən biri ilə baş verə bilər – ümumi və siyasi maraqlar və yaxud kənardan müdaxilə ilə. Mərkəzi Asiyada nə birinci, nə də ikinci var. Əgər Qırğızıstan və Qazaxıstan Avrasiya İqtisadi İttifaqı daxilində inteqrasiya olunublarsa, yerdə qalanlar permanent qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərirlər. Məsələn, Türkmənistan. Region ölkələri arasında ən acınacaqlı durum Türkmənistandadır. Ölkə rəhbərliyi böhranın aradan qaldırılması üçün əlindən gələni etsə də, heç nə alınmır. Böhran günbəgün ağırlaşır. Aşqabad avqustun 8-dən 5 dəfə İrandan gələn yüklərə görə gömrük tariflərinin qaldırıb.
Bütün bunlar bu qənaətə gəlməyə əsas verir ki, Mərkəzi Asiya dövlətlərində son vaxtlara qədər təmtəraqla qeyd olunan regional inteqrasiya məsələsi gündəmdən çıxır. Yəni onların arasında iqtisadi və siyasi birlikdən danışmaq tezdir.

Azər
banner

Oxşar Xəbərlər