• cümə, 29 Mart, 19:23
  • Baku Bakı 14°C

Mərkəzi Asiya ölkələri yeni iqtisadi blokda birləşir?

19.09.17 09:00 1373
Mərkəzi Asiya ölkələri yeni iqtisadi blokda birləşir?
Qazaxıstan prezidenti Nursultan Nazarbayev rəsmi dövlət səfəri ilə Özbəkistanda, daha sonra Türkmənistanda olub. Daşkənddə tərəflər arasında iqtisadi sahədə 1,2 mlrd. dollarlıq saziş imzalanıb, bundan əlavə, Qazaxıstan hərbi texnikasının özbəklərə verilməsi barədə razılıq əldə edilib. Özbəklər səfərə o qədər böyük önəm veriblər ki, Özbəkistan parlamentinin orqanı olan və 1991-ci ildən dərc edilən "Nurlu yol” qəzeti bir nömrəsini qazax dilində çıxarıb. Özbəkistan prezidenti Şövkət Mirzoyev isə hamının təəccübünə səbəb olan bir addım atıb - Nazarbayevi təyyarənin trapında qarşılayıb və elə oradan da yola salıb. Özbəkistan prezidenti bildirib ki, "iki ölkə arasında ticarət dövriyyəsi bu ilin yanvar-avqust ayında 35 faiz artıb. Belə bir artım heç bir vaxt müşahidə olunmayıb. İki ölkə arasında ticarət dövriyyəsi hazırda 1,3 mlrd. dollar təşkil edir. Və ilin sonuna kimi bu rəqəmin 2 mlrd. dollara çatdırılması nəzərdə tutulur”. "Perspektivdə isə bu rəqəmin 5 mlrd. dollara çatdırılmasını qarşıya məqsəd qoymuşuq”, - deyə özbək lider bildirib. Tərəflər bundan əlavə qaz sahəsində əməkdaşlıq barədə də razılıq əldə ediblər.
Nazarbayev Özbəkistanın ali mükafatı El-yurt Hurmati (Xalq və Vətənin hörmət etdiyi şəxs) ilə təltif edilib. Özbək ekspert Bəxtiyar Erqaşevin qənaətincə, bu, münasibətlərin keyfiyyətcə yeni mərhələsinə daxil olmasıdır. Məlumat üçün bildirək ki, bu, bu il ərzində Qazaxıstan və Özbəkistanın keçirdikləri sayca ikinci biznes-forumdur. Birinci forum Astanada baş tutub və özbək prezidentinin Astanaya səfəri ilə bağlı idi. O zaman tədbirdə 400 şirkət iştirak etmiş və tərəflər arasında ümumi dəyəri 1 mlrd. dollar olan 75 ticarət və investisiya sazişi imzalanmışdı. Nursultan Nazarbayev hesab edir ki, bütün zəruri mallar regionda istehsal olunmalıdır, okeanın o tərəfindən ixrac olunmamalıdır. "Bizdə olmayan Özbəkistanda, Özbəkistanda olmayan bizdə var. Tək bunları hesablasaq, qarşılıqlı mənfəət çox böyük olacaq. Biz hamımız qısa daşınmadan udacağıq”, - deyə Qazaxıstanın dövlət başçısı bildirib. Nəqliyyat sahəsindəki məsələlərə iki ölkənin lideri daha çox diqqət ayırıblar.
Qazaxıstan və Özbəkistan dövlət başçılarının danışıqları Aşqabadda V Asiya ölkələri oyunları çərçivəsində də davam etdirilib. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla nəqliyyat sahəsinin inkişafı məsələləri və tranzit üzrə tariflər müzakirə edilib. O da özbək həmkarı kimi, protokol qaydalarını pozaraq Nazarbayevi təyyarənin trapında qarşılayıb.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Mərkəzi Asiya və Əfqanıstanın problemlərinin tədqiqi Mərkəzinin direktoru Andrey Kazançev hesab edir ki, Nazarbayevin Özbəkistana səfərinə respublikada həyata keçirilən islahatlar nöqteyi-nəzərindən baxmaq gərəkdir. "İslahatlar region üzrə bütün qonşu dövlətlərlə münasibətlərin qurulmasını nəzərdə tutur. Bu sırada Astana ilə münasibətlər prinsipial cəhətdən vacibdir. Belə ki, Qazaxıstan iqtisadi nöqteyi-nəzərindən regionun əsas və başlıca dövlətidir. Qazaxıstanla münasibətlərin yaxşılaşdırılması Qırğızıstan, Tacikistan və Türkmənistanla birlikdə götürülmüş münasibətlərdən daha çox mənfəət verə bilər. Bu səbəbdən də ümid etmək olar ki, Özbəkistanın həyata keçirdiyi xarici siyasi islahatlar iki qonşu dövlət arasında ticarət münasibətlərinin həcminin yüksəlməsinə gətirib çıxara bilər. Qazaxıstan üçün inteqrasiya siyasəti və tərəfdaş ölkələrlə, xüsusən qonşularla birgə münasibətlərin güclənməsi hər zaman əhəmiyyətli olub”, - deyə rusiyalı ekspert vurğulayıb.
Yeri gəlmişkən, Türkmənistanda üç ölkənin – Qazaxıstan, Özbəkistan və Türkmənistanın sərhədlərinin birləşdiyi ərazidə birgə sazişin imzalanması planlaşdırılır. "Bu, region üçün çox əhəmiyyətli məsələdir, çünki region ölkələrinin müstəqil şəkildə bir sıra sadə olmayan məsələlərin həllinə, özü də çoxtərəfli formada hazır olmalarını nümayiş etdirir. Bu səbəbdən də Qazaxıstan prezidentinin regiona səfərini qarşılıqlı münasibətlərdə yeni keyfiyyət səviyyəsi kimi nəzərdən keçirmək gərəkdir”, - deyə qazaxıstanlı politoloq Erlan Karin bildirib. Andrey Kazançevin qənaətincə, Mərkəzi Asiya – Şərq və Qərbi, Şimal və Cənubu birləşdirəcək nəqliyyat dəhlizlərinin kəsişdiyi bir məkana çevrilir. "Nəqliyyat dəhlizlərinin yaradılması Rusiya üçün də maraq kəsb edə bilər. "Rusiya dəmir yolları” Avrasiyanı İran və Fars körfəzinə bağlayacaq, eləcə də Hindistan və Pakistanı əhatə edəcək Şimal-Cənub magistralının inşasında maraqlıdır. Bu layihəyə Çin daha çox maraq göstərir”, - deyə Kazançev bildirib. "Bu səbəbdən də Özbəkistan və Qazaxıstan prezidentlərinin Aşqabada səfərini üç ölkə - Özbəkistan, Qazaxıstan və Türkmənistan arasında əvvəllər əldə olunan razılaşmalar kontekstində baxmaq gərəkdir”, - deyə o bildirib. Ola bilsin yeni bir iqtisadi üçlük, blok də yaradıla bilər – Qazaxıstan, Özbəkistan və Türkmənistan. Uzun illərdir ki, bununla bağlı ekspertlər də danışırlar. Andrey Kazançev bu məsələnin baş tutma ehtimalının az olduğu qənaətindədir. "Əgər Qazaxıstan regional inteqrasiyaya tam hazır görünürsə, əksinə, Özbəkistan keçirilən bütün islahatlara baxmayaraq, bunu qəbul etməyəcək. Mərkəzi Asiya ittifaqının yaradılması barədə təşəbbüslər hər zaman elə ideya olaraq da qalıb. Bir məsələ də var. Üç liderin ittifaqı artıq beynəlxalq inteqrasiya strukturudur və səlahiyyətlərin bir hissəsini vermək gərək olur. Nəzərə alsaq ki, Özbəkistan və Türkmənistan strateji sistemləri ilə neytrallıqlarını elan ediblər və onda onlar heç bir halda öz səlahiyyətlərinin bir hissəsini kimsəyə güzəştə getməyəcəklər. Türkmən elitası isə ümumiyyətlə izolyasiya siyasətinə üstünlük verir. Yalnız ölkələr arasında ticarət münasibətlərinin artmasını müşahidə etmək olar”, - deyə ekspert fikirlərini tamamlayıb.
Yeri gəlmişkən, rusiyalı ekspertin bu birlik layihəsinə soyuq münasibəti başadüşüləndir. Belə ki, Moskva Mərkəzi Asiya ölkələri arasında hər hansı bir birliyin yaranmasına imkan vermək istəmir. Bu səbəbdən də ekspert ölkəsinin mövqeyini ortaya qoyub. Belə bir birlik formalaşarsa, Mərkəzi Asiya ölkələrinin Rusiyanın nəzarətindən uzaqlaşması baş verə bilər ki, bu da Kremli qane etmir. Bu səbəbdən də Moskva Mərkəzi Asiya ölkələrinin iqtisadi blokda birləşməsi ideyasına qısqanclıqla yanaşır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər