• çərşənbə, 24 Aprel, 21:27
  • Baku Bakı 23°C

Mərkəzi Asiya İŞİD üçün bazaya çevrilir

12.04.17 09:00 659
Mərkəzi Asiya İŞİD üçün bazaya çevrilir
İstanbul, Sankt-Peterburq və Stokholmda yaşanan son terror aktları, daha dəqiq desək, onların təşkilatçılarının milliyyəti ciddi müzakirə mövzusudur. Son terror aktlarında terrorçuların Mərkəzi Asiya mənşəli olması ortaya çoxsaylı suallar çıxarır. Niyə məhz Mərkəzi Asiya? Necə oldu ki, uzun illər öncə Qərbi Avropa ölkələrində məskunlaşan Mərkəzi Asiya mənşəli insanlar mobilləşib İŞİD uğrunda döyüşür, terror aktları törədirlər? İsveçin "Aftonbladet” qəzeti yazır ki, İŞİD adı altında fəaliyyət göstərən terror qruplaşmasının ötən il və bu ilin ilk günlərində terror hücumlarını genişləndirməsi və öz sıralarına daha çox Mərkəzi Asiya ölkələrindən insanları cəlb etməsi ilə diqqət mərkəzindədir. Özbəkistan, Qırğızıstan və Tacikistanın terrorçu hərəkatları prioritet kimi islam dövləti qurmağı qarşıya məqsəd qoyublar. Sovet sistemi dağıldıqdan sonra onların əksəriyyəti ölkələrindəki sərt repressiyalara qarşı çıxıblar. Bu ölkələr üçün həddən artıq yoxsulluq, işsizlik, gənclər üçün perspektivsiz həyat xarakterikdir. Bir çoxları iş axtarmaq və yaxşı gələcək arzusu ilə xaricə köçür. Nadir hallarda isə Rusiyanı seçirlər. Rusiya və digər ölkələrdə adətən ən aşağı əmək haqqı ilə təmin olunurlar. Konkret olaraq Rusiyanın Sankt-Peterburq şəhərində metroda terror törədən 22 yaşlı özbək də belə tale yaşayıb. Qırğızıstandan Rusiyaya köçən bu şəxs 2014-cü ildə İŞİD tərkibində döyüşmək üçün Suriyada olub. Yeni ildə İstanbulda terroru həyata keçirən 34 yaşlı özbək isə Əfqanıstanda təlim keçib. Əvvəlcə Taksimdə terror törətmək istəyən bu şəxs sonradan planını dəyişərək "Reina” gecə klubunda 39 nəfərin həyatına son qoyub. Planını isə həddən artıq sərt təhlükəsizlik tədbirlərinə görə dəyişib. O, Türkiyə ərazisinə gizli şəkildə Suriyadan keçib. Bundan əlavə, ötən ilin iyun ayında İstanbulda Atatürk hava limanında törədilən terror aktını da Mərkəzi Asiya kökənli vətəndaşlar törətmişdilər. Onlardan biri qırğız, digəri özbək, sonuncu isə Çeçenistanla əlaqələri olan rus olub.
Ümumiyyətlə, Mərkəzi Asiyada terrorizmin tarixi SSRİ-nin dağıldığı illərə gedib çıxır. Əfqanıstanda xaos və qarışıqlıq başlayanda bu ərazilərdə terror qruplaşmaları fəallaşdılar. Sovet İttifaqında müsəlmanlar açıq şəkildə öz dinlərinə sitayiş edə bilmirdilər. Əfqanıstanda əldə olunan müstəqillik bir sıra cihadçı qruplaşmaların meydana gəlməsinə gətirib çıxardı. Onlar da mütəmadi olaraq Taliban qruplaşması ilə əməkdaşlığa başladılar. Bu qruplaşma 1996-cı ildən Əfqanıstanı idarə edib və "Əl-Qaidə” terror qruplaşması ilə sıx əlaqədə olub. Qruplaşmanın lideri Üsamə bin Laden və tərəfdarları bu ölkəni özləri üçün təlim məskəninə çevirmişdilər. Həmin təlim mərkəzlərində Özbəkistan, Qırğızıstan və Tacikistandan xeyli gənc terrorun incəliklərini mənimsəyirdilər. Bundan sonra isə müxtəlif münaqişə ocaqlarında, konkret olaraq Çeçenistanda, Pakistanda və Suriyada təlim keçirdilər. Özbəkistanda "Özbək İslam Hərəkatı” ən aktiv qruplaşma kimi fəaliyyət göstərirdi. Rusiyada fəaliyyəti qadağan edilən qruplaşma Özbəkistanla yanaşı, Tacikistanda da aktiv fəaliyyət göstərib. Bir vaxtlar "Əl-Qaidə”nin özəkləri kimi fəaliyyət göstərən bu qruplaşma sonradan İŞİD-ə sədaqət andı içib. Bu qruplaşmanın əsas məqsədi Mərkəzi Asiyada vahid islam dövləti yaratmaqdır. Suriyada özbəklərin rəhbərlik etdiyi çoxsaylı qruplar var və onlar "Əl-Qaidə”, İŞİD tərkibində döyüşürlər. Bir sıra məlumatlara görə, Suriyada Mərkəzi Asiyadan olan təqribən üç minə yaxın yaraqlı döyüşür. Şübhə yoxdur ki, Mərkəzi Asiya zorakılığı təbliğ edən terror qruplaşmaları üçün əsas baza rol oynayır. Şübhə yoxdur ki, terrorçu-yaraqlılar bir-biri ilə sərhədlər vasitəsilə ünsiyyət qurular. Onlar təlim düşərgələrində və döyüş meydanlarında görüşürlər. Geri dönərkən isə terror ocaqları və şəbəkəsi qurur və bir-biri ilə əlaqədə olurlar. Problem ondadır ki, polis və təhlükəsizlik qüvvələrinə bu terror təşkilatlarının sıralarına daxil olmaq və terror baş verməmişdən əvvəl onun qarşısını almaq çətin olur.
Yeri gəlmişkən, nüfuzlu "The National Interest” nəşrində dərc edilən məqalədə də bu təhlükə təhlil edilib. Məqalə müəllifi yazır ki, Mərkəzi Asiyanın hakimiyyət orqanları öz əhalisinin yoxsul vəziyyətinə nə qədər az diqqət ayırırsa, bir o qədər də onların İŞİD sıralarına qoşulmasına münbit şərait yaratmış olur. Yayılan xəbərlərə görə, Mərkəzi Asiya ölkələrindən 5 minə yaxın insan İŞİD-ə qoşulub. Daha maraqlısı odur ki, bu proses indi də davam edir.
Qeyd edilir ki, Mərkəzi Asiya dövlətlərinin siyasi və iqtisadi islahatlar aparmaması, eləcə də, islam partiyaları və təşkilatları üzərində nəzarəti zəiflətmək istəməməsi İŞİD-in regiondakı fəaliyyətinə yol açır. İstanbulda baş verən son terror aktı da dəqiq sübut etdi ki, İŞİD-in öz sıralarına cəlb etdiyi vətəndaşlar Mərkəzi Asiyadan Suriyaya və Türkiyəyə gəlirlər.Nəşrdə daha sonra Mərkəzi Asiya dövlətlərinin İŞİD-ə qarşı ata biləcəkləri addımlar barədə tövsiyələr verilir. İlk addım kimi regionda dağıdılan təhsil sistemini yenidən bərpa etmək göstərilib. Keyfiyyətsiz dərslər və nəticədə savadsız gənclərin yetişməsi terrorçu təşkilatlar üçün göydəndüşmə bir vasitəyə çevrilib. Bundan əlavə, təklif edilir ki, vəziyyəti dəyişmək üçün təbii resurslardan əldə olunan gəlirlərin bir qismi təhsil infrastrukturlarının qurulmasına, müəllimlərin əmək haqqının artırılmasına sərf olunmalıdır.
Azər
banner

Oxşar Xəbərlər