• cümə, 26 Aprel, 23:47
  • Baku Bakı 22°C

Mərhəmətə sığınanlar

15.05.15 09:54 958
Mərhəmətə sığınanlar
Məişət zorakılığına məruz qalan insanlar üçün dövlət tərəfindən sığınacaqların yaradılması nəzərdə tutulur
Günümüzdə məişət zorakılığına məruz qalanlarla tez-tez rastlaşırıq. Zorakılığa məruz qalan insanların dözüm göstərməsinə və zorakılığın getdikcə artmasına səbəb yaradan amillərdən biri də zərərçəkənlərin gedəcək və dəstək alacaq yerinin olmamasıdır. Düzdür, Azərbaycanda məişət zorakılığından əziyyət çəkənlərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-hökumət mərkəzləri var. Lakin onların geniş fəaliyyət göstərənləri çox azdır.
Problemin həlli üçün məişət zorakılığına məruz qalan insanlar üçün dövlət tərəfindən sığınacaqların yaradılması nəzərdə tutulur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Trend”ə bildirib ki, bu, Məişət Zorakılığına qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının layihəsində öz əksini tapıb. İndiyədək Azərbaycanda məişət zəminində törədilən zorakılıq hallarının qurbanı olmuş şəxslər üçün yalnız QHT-lər tərəfindən sığınacaq mərkəzləri yaradılıb. Dövlət tərəfindən belə sığınacaqların yaradılması məsələsi isə ilk dəfə sənədə daxil edilib. Beş ili əhatə edəcək layihə hazırda Nazirlər Kabinetində müzakirə edilir. Sənəd layihəsinin bu ilin sonuna kimi təsdiqlənəcəyi gözlənilir. Yeni sənəd ölkədə məişət zorakılığı hallarının azalmasına, psixoloji yardımların daha effektiv göstərilməsinə yönəlib. Bu sənəddəki bəndlər, ilk növbədə, uşaq və qadınlara ünvanlanır. E.Səfərov bildirib ki, yeni sənəd əsasında məişət zorakılığı hallarının azaldılması üçün Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə xüsusi müddəaların əlavə edilməsi ilə bağlı təkliflər hazırlanmalıdır.
Yardım tək psixoloji formada olmamalıdır

Psixoloq Elnur Rüstəmov qəzetimizə açıqlamasında bildirdi ki, dövlət tərəfindən sığınacaqların, reabilitasiya mərkəzlərinin yaradılması müsbət addımdır. Çünki dövlət tərəfindən yaradıldığı üçün nəzarət mexanizmi də güclü olacaq: “Bu, təkcə zorakılığa məruz qalanlara yardım etmək üçün yox, zorakılığın qarşısını almaq üçündür. Burada dövlətin marağı zorakılıqlar, ailədaxili konfliktlər, boşanmaların sayını azaltmaqdır”.
Psixoloq deyir ki, sığınacaq və reabilitasiya mərkəzlərinin olması ailədaxili münasibətlərin tənzimlənməsinə müsbət təsir göstərəcək: “Yəqin ki, həmin mərkəzlərdə əsasən psixoloji dəstək böyük rol oynayacaq. Bu, ailənin yenidən birləşməsinə, zorakılıqdan sonra travmanın aradan götürülməsinə, insanın yenidən cəmiyyətə adaptasiya olunmasına öz təsirini göstərəcək”.
Risk qrupuna daxil olan ailələr nəzarətə götürülməlidir

E.Rüstəmov deyir ki, məişət zorakılığı ilə bağlı məsuliyyətə cəlb edilmə prosesin müəyyən qədər tənzimlənməsinə yardım etmiş olacaq: “Bu gün aildədaxili konflikt olanda çağırış mərkəzinə zəng vurub kömək istəmək ailədə daha böyük problem yaradır. “Sən məni polislə təhdid edirsən?” kimi fikirlər formalaşıb. Ona görə də maariflənmə işinin aparılması insanları müəyyən qədər məsuliyyətli olmağa cəlb edəcək”.
Psixoloq onu da bildirdi ki, sığınacaqlar, reabilitasiya mərkəzlərinin tanıtımı elə bir formada aparılmalıdır ki, insanlar çəkinmədən ora müraciət etsinlər, dəstək ala bilsinlər: “Risk qrupuna daxil olan ailələr, narkotik istifadəçiləri, alkoqoldan, xroniki xəstəliklərdən əziyyət çəkənlər var. Həmin ailələrin nəzarətə alınması, onlarla iş aparılması bu problemin səngiməsinə, azalmasına səbəb olacaq”.
“Sığınacaqlar müəyyən dövr üçün effektli ola bilər”

Sosioloq Asif Bayramov isə sığınacaqların yaradılmasını Qərbdən gəlmə bir ənənə hesab etdiyini bildirdi. Qeyd etdi ki, bu sığınacaqlar müəyyən dövr üçün effektli ola bilər. Amma problemin kökü araşdırılıb həll edilmədikcə, problem qalacaq: “Mən cəmiyyətdəki problemlərin həlli üçün Qərb dünyasından hansısa formanın olduğu kimi bizim cəmiyyətə gətirilməsinin əleyhinəyəm. Problemin psixoloji və sosial kökünü araşdırıb, onu xalqın və millətin yüz illərlə formalaşmış əxalqi dünyagörüşünə, milli mentalitetinə uyğun həll etmək lazımdır. Dövlət tərəfindən bu cür problemlərin araşdırılması və daha dəqiq həlli üçün müvafiq mütəxəsisslərdən ibarət komissiya yaradılsa, müvafiq dövlət proqramlarına uyğun araşdırmalar aparıb, bu problemlərin sosial və psixoloji kökünü müəyyənləşdirsələr, onun daha uğurlu həll variantlarını tapıb ortaya qoymaq olar”.
Dövlət sığınacaq tiksə də, QHT-lər bu işdən kənar qalmayacaq

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, məişət zorakılığı ilə bağlı mübarizə üçün sığınacaq və reabilitasiya mərkəzlərinin yaradılması qanunda da nəzərdə tutulub: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sığınacaqların tikilməsi, maliyyələşdirilməsi nəzərdə tutulur”.
Dövlət tərəfindən sığınacaqlar tikildikdə QHT-lərin kənarda qalacağı barədə deyilənlərə münasibət bildirən M.Zeynalova deyir ki, bu, düzgün yanaşma deyil: “Bununla bağlı narahatçılıq keçirənlər var. Amma mən bunun narahatçılıq doğuran məsələ olduğunu düşünmürəm. Çünki Azərbaycan praktikasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nəzdində təhlükəsiz sığınacaqlar var. Həmin sığınacaqlarda məhz QHT-lərin nümayəndələri işləyir. Ümumiyyətlə, bütün dövlətlərdə sığınacaqların idarəsi QHT-lərə həvalə edilib. Bununla bağlı qanunda QHT təşkilatları ilə əməkdaşlıq nəzərdə tutulub. Bu sahədə çalışacaq QHT-lər akkreditasiyadan keçməlidirlər. Bizdə isə gələcəkdə sığınacaqların, mərkəzlərin idarə edilməsi işini görə biləcək, qeydiyyatdan keçən 8-10 təşkilat var. Ola bilsin ki, həmin sığınacaqlar dövlət tərəfindən maliyyələşsin, QHT-lər tərəfindən idarə olunsun”.
“Sığınacaqlar müxtəlif tipdə fəaliyyət göstərməlidir”

M.Zeynalovanın sözlərinə görə, sığınacaqlar müxtəlif tipdə fəaliyyət göstərməlidir. Belə olan halda daha effektli iş ərsəyə gələr: “Bütün sığınacaqlar eyni missiyanı həyata keçirə bilməz. Onlardan bir neçəsi regional təhlükəsizlik sığınacağı ola bilər. Digəri müvəqqəti düşünmə üçün yaradıla bilər. Ola bilsin ki, evdə konflikt var, ailə dağılmaması üçün digər ailə üzvlərinin ora müdaxiləsi var. Bu hallarda şəxslər ayrı-ayrılıqda həmin sığınacaqda düşünmə dövrünü həyata keçirə bilərlər. Bəzi sığınacaqlarda isə peşə kursları olmalıdır. Zorakılığa məruz qalanların müstəqil həyata inteqrasiyası ilə məşğul olmalı, çətin vəziyyətdə müvəqqəti yaşayış yeri kimi fəaliyyət göstərməlidir. Bəzi sığınacaqlar sosial yataqxana xarakteri daşıya bilər. Ehtiyaclar nəzərə alınmalı və sığınacaqlar bunlara uyğun təşkil edilməlidir”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər