• cümə, 29 Mart, 09:41
  • Baku Bakı 5°C

Mərhəmət və nəcibliyin simvolu

26.08.20 18:12 9513
Mərhəmət və nəcibliyin simvolu
Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı və məsləkdaşıdır


"Yaxşılıq, mərhəmət mənim üçün ümdə anlayışdır”. Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çıxışlarında hər zaman önə çəkilən bu fikir ölkənin birinci xanımın həyat amalıdır, fəaliyyətinin gerçək təcəssümdür.
Mehriban xanım Əliyevanın bütün fəaliyyəti mərhəmət hissləri, xeyriyyəçilik missiyası üzərində qurulub. O daim qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, aztəminatlı insanların, kimsəsiz uşaqların problemlərini diqqət mərkəzində saxlayır. Dövlət məmuru üçün humanizmin vacibliyini həmişə vurğulayan Mehriban Əliyeva bütün bunları həyata keçirdiyi əməlləri ilə təsdiqləyir. Azərbaycan hərbçilərinin, Qarabağ müharibəsi əlillərinin, Aprel döyüşlərində sağlamlığını itirən qazilərimizin, şəhidlərimizin əmanəti sayılan ailə üzvlərinin daim qayğısına qalır. Azərbaycanın birinci xanımı şəhid anaları ilə görüşür, Vətən uğrunda qəhrəmanlıqla həlak olan, şəhidlik zirvəsinə ucalan, həmçinin yaralanan hərbçilərin ailə üzvləri və yaxınları ilə söhbət edir, onların fikirlərini dinləyir, problemləri ilə maraqlanır. Şəhid ailələrinin qayğıları ölkə başçısı İlham Əliyevlə bərabər Azərbaycanın birinci vitse-prezidentinin də daim diqqət mərkəzindədir. Məhz Mehriban xanımın diqqət və qayğısı sayəsində yüzlərlə Qarabağ qazisi fəal həyata qayıdıb. O, Azərbaycan dövləti və xalqı üçün hər bir əsgərin əziz, dəyərli olduğunu vurğulayaraq, əlil hərbçilərimizin sağlamlığının bərpası və normal həyata qayıtması üçün Azərbaycan dövlətinin bütün lazımi addımları atdığını, bundan sonra da bu istiqamətdə mühüm işlər görüləcəyini bildirib. Heydər Əliyev Fondunun, onun prezidentinin qarşıya qoyduğu məqsədlər kifayət qədər genişdir və ictimai həyatın demək olar ki, bütün sahələrini əhatə edir.
Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, ABŞ-da, Avropanın bir çox ölkələrində, Müstəqil Dövlətlər Birliyi ölkələrində, müsəlman ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

Mənsub olduğu xalqa sonsuz sevgi


Ölkə həyatının hər bir sahəsində həyata keçirdiyi xoş və əhəmiyyətli işləri ilə fərqlənən Birinci Vitse-Prezidentin bütün fəaliyyəti mənsub olduğu xalqa sonsuz sevgi və hörmətdən qaynaqlanır. O, yorulmadan Vətəninin tərəqqisinə çalışır, onun gələcəyini düşünür, Azərbaycanın yenilənməsi, dünyaya inteqrasiyası istiqamətində addımlar atır. Ölkəmizin inkişaf strategiyasının reallaşdırılmasında Mehriban Əliyevanın müstəsna rolu var.
2004-cü ilin mayından ulu öndər Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələr həm ölkə daxilində, həm də ondan kənarda böyük rəğbətlə qarşılanır. Bu layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, sivilizasiyalararası dialoqun təşviqinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına istiqamətlənib.
Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının çatdırılmasıdır. Həyata keçirilmiş layihələr arasında bir neçə dildə nəşr edilmiş, Ermənistanın Azərbaycana təcavüzünün tarixini əks etdirən "Qarabağ reallıqları" bukletlər toplusunu, erməni vəhşiliyindən bəhs edən "Müharibə və mədəni-tarixi abidələrimiz”, "Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında” kitablarını qeyd etmək olar. Bundan başqa, Fond dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və videosərgilər təşkil edir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblər tikilib, əsaslı təmir olunub. Səhiyyənin də inkişafına diqqət Mehriban xanım Əliyevanın fəaliyyətində mühüm yer tutur. Fiziki cəhətdən qüsurlu uşaqları daim diqqətdə saxlayan Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə xeyli sayda xəstə uşaqlar dünyanın nüfuzlu səhiyyə ocaqlarında müalicə alıb, öz sağlamlıqlarını bərpa ediblər. Bu xeyirxahlığın, mərhəmətin nəticəsidir ki, Fonda hər gün yüzlərlə təşəkkür məktubları daxil olur, öz problemlərinin, qayğılarının həlli üçün Mehriban xanım Əliyevadan kömək istəyir, bu müraciətin cavabsız qalmayacağına böyük ümidlər bəslənilir.
Mehriban Əliyevanın geniş fəaliyyəti bununla məhdudlaşmır. O, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Xanım Əliyeva bu vəzifədə yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Birinci Vitse-Prezident bir sıra beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsinin təşəbbüskarı və təşkilatçısı kimi böyük nüfuz qazanıb.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması


Mehriban xanım Əliyeva Azərbaycanı dünyada, beynəlxalq aləmdə sidq-ürəkdən təbliğ edir və şərəfləndirir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Füzulinin 500 illik, "Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, "Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu qəbildən olan digər tədbirlər UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilib. Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfirlərinin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, dünyada təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları böyük maraqla qarşılanır. O, həmin tədbirlərdə diqqəti həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldir, işğal altında olan ərazilərimizdə tarixi-mədəni abidələrimizin məhv edilməsindən narahatlığını bildirir, bir sözlə, bu mötəbər beynəlxalq tribunadan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün məharətlə istifadə edir.
Azərbaycan muğamının, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, İçərişəhərin, Qız qalasının, Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun dünya mədəni irs siyahısına, aşıq, xalçaçılıq, tar ifaçılığı və hazırlanması sənətlərinin, Novruz bayramının, dolma, lavaş və kəlağayının, Lahıc misgərlik sənətinin, Çövkən oyununun UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilməsi məhz Mehriban Əliyevanın aramsız səylərinin nəticəsidir. UNESCO-nun mənzil qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə gerçəkləşən mədəni tədbirlər, Azərbaycanın inkişafı, tarixi, mədəniyyəti ilə bağlı təqdimatlar, mədəni abidələrimiz, milli mətbəximiz barədə bir-birindən maraqlı nəşrlər, kataloqlar da ölkəmizin tanıdılması baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın tanınmış incəsənət ustaları, eləcə də gənc istedadları UNESCO-nun iqamətgahında möhtəşəm çıxışları ilə mədəniyyətimizin zənginliyini bir daha nümayiş etdirirlər.
Bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılmasına sadiqliyə, mədəniyyətlərarası dialoqun inkişafına yönələn yorulmaz səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə böyük töhfəyə və YUNESKO-nun ideya və məqsədlərinə sadiqliyə görə Mehriban xanım 30 iyul 2010-cu il tarixində bu təşkilatın "Motsart medalı"na layiq görülüb.
Humanist dəyərlərin bayraqdarı

UNESCO-nun xoşməramlı səfiri seçiləndən iki il sonra Mehriban Əliyeva müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyəti, ehtiyacı olan uşaqlara qayğısı, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə də diqqəti çəkib və 2006-cı il noyabrın 24-də 51 müsəlman dövlətinin təmsil olunduğu İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının – ISESCO-nun da xoşməramlı səfiri adına layiq görülüb.
Mehriban Əliyevanın gördüyü işləri UNESCO-da xoşməramlı səfirlər üçün örnək hesab edilir. O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki davamlı səylərinə, dünya mədəniyyətlərinin mübadiləsi istiqamətində xidmətlərinə, həmçinin UNESCO-nun ideyalarına sadiqliyinə görə layiq görülüb. Beləliklə, 2004-cü il avqustun 13-dən etibarən Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq yeni eraya daxil olub.
Ölkənin birinci xanımının fəaliyyəti yalnız milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliğinə deyil, eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib. Təsadüfi deyil ki, təşkilatın sabiq baş direktoru İrina Bokova "Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün – UNESCO üçün şərəfdir. Sizin nailiyyətlərinizin miqyasını bir adla əhatə etmək çətindir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız” sözlərini məhz Mehriban xanım Əliyevaya ünvanlayaraq səsləndirib.
Həqiqətən də Azərbaycanın birinci xanımının ölkəmizin UNESCO ilə münasibətlərinin inkişafında və möhkəmləndirilməsində müstəsna xidmətləri var. Onun təşəbbüsü və dəstəyi ilə UNESCO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün Bakıda bir sıra beynəlxalq tədbirlər keçirilib. Xoşməramlı səfir kimi xeyriyyəçilik fəaliyyəti çox keçmədən Azərbaycan sərhədlərini aşaraq, bir çox xarici ölkələri də əhatə edib. Təsadüfi deyil ki, bu humanistlik və həyata keçirilən qlobal layihələr təkcə Azərbaycan xalqı tərəfindən deyil, bütün dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Mehriban xanım Əliyeva xoşməramlı səfir kimi fəaliyyətindən danışarkən deyir: "Təbii ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi, bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə, bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünkü siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Düşünürəm ki, bu istiqamətdə də xeyli iş görməyə nail olmuşam. Buna görə də mən gələcəyə nikbin baxıram. Düşünürəm ki, bütün bu illər ərzində toplanan təcrübə, vərdişlər mənə kömək edəcək”.
Xoşməramlı səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil vasitəsilə İslam dünyasının malik olduğu bütün imkanları, Qərbin və Şərqin, eləcə də müxtəlif sivilizasiyaların bir-birinə nə qədər maraqlı və faydalı ola bilməsini göstərməkdir.
Ölkənin Birinci Vitse-Prezidenti Azərbaycanın zəngin, qüdrətli, müasir dövlətə çevrilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi, iqtisadi və siyasi mövqeyini gündən-günə möhkəmləndirən ölkəmizin regionda və dünyada qazandığı imicin qorunub saxlanılması uğrunda Prezident İlham Əliyevin ən yaxın silahdaşı və məsləkdaşıdır.
Ölkəmizi irəli aparacaq, daim əmin-amanlıqda saxlayacaq, xalqımızın rifahını yüksəldəcək işlərində və arzularında Mehriban xanım Əliyevaya uğurlar arzulayırıq!

Təranə Məhərrəmova







banner

Oxşar Xəbərlər