• cümə, 29 Mart, 10:58
  • Baku Bakı 5°C

“Mərdlik insanın təmiz ruhundan qidalanır”

16.06.15 11:01 1702
“Mərdlik insanın təmiz ruhundan qidalanır”
Lord Mişel Eyquem de Monteqne.... O, bu əsilzadə və göstərişli adı soy hədiyyəsi olaraq babasından alıb. Onun babası soyadları verilən Monteqne malikanəsini 1477-ci ildə satın alır. Atası Pyer Eyquem isə olduqca tanınmış ailəsini burjua sinfindən zadəganlar sinfinə keçirir, atasının qazandığı tacir kimliyini hərbçi statusu ilə zənginləşdirir. Kral I Fransuanın səfərlərinə qatılaraq, misilsiz xidmət göstərən ata tezliklə Ser de Monteqne kimi tanınır. Bu şərəfli mövqeni möhkəmlətdikdən sonra atasının aldığı malikanəni bərpa etdirərək, onu daha da şöhrətləndirir və möhtəşəm bir tarixi tikiliyə çevirir. Sahəsinə yeni torpaq sahələri də əlavə edilən malikanə qəbul etdiyi qonaqlara görə muzeyi xatırladır, düşüncə və elm mərkəzi hesab edilirdi.
Pyer ilk iki qız övladını itirdikdən sonra dünyaya gələn oğlu Mişelə yüksək təhsil vermək, onu əsilzadə övladı kimi böyütməyə xüsusi diqqət yetirir. Bu məqsədlə yaxın dostlarının və dünyagörmüş insanların fikrini alan Pyer Mişeli Fransanın ucqar kəndlərindən birində yoxsul bir ailəyə verir. Burada yoxsulluğu, gözütoxluğu, əməyi, sadəliyi mənimsəməsi üçün əlindən gələni edir. Stefan Sveyq Monteqnenin həyatını araşdırarkən yazır: “Mişel ana südü ilə birgə onu bütün mənfur keyfiyyətlərdən uzaqlaşdırmaq üçün belə bir addım atmış atasına ömrünün sonuna qədər minnətdar qalıb”.
Olduqca çətin şəraitdə üç il keçirən (o, sonralar da ilin müəyyən hissəsini həmin kənddə keçirib-E.S.) Mişelsiz darıxan atası onu yanına gətirir. Sağlam bədənə, iradəyə malik bu uşaq atasının istədiyi kimi bir insan olmaq üçün humanist dəyərləri və mədəni inkişafın yollarını mənimsəməli idi. Mişelin düzgün şəxsiyyət kimi formalaşması üçün bütün sərvətini xərcləməyi gözə alan ata ona latın dilini öyrədəcək alman müəllim tapır və böyük məbləğdə pul ödəyərək, müəllimi öz malikanəsində saxlayır.
Bu müddət ərzində filosoflarla əlaqəni kəsməyən Pyer oğlunun alman və latın dillərini mənimsəməsi üçün malikanədə fransızca danışmağı qadağan edir. Bütün ailə Mişel ilə birgə latın dilini öyrənir. İşin ən qəribə tərəfi isə odur ki, Monteqne sonradan ömrünün bu mütəmadi təlimatlar altında keçən illərini böyük məmnunluqla xatırlayır və əsla şikayət etmir: “Mənim Mişel de Monteqne olmağımda özümün əməyim yoxdur, mən bu Mişeli yaradacaq ailədə doğuldum, yəni bunun səbəbi tamamilə təsadüfdür. Amma ruhumu qidalandırmağın yolunun üsyandan keçmədiyini mən çox tez anlamışam, bəlkə də bir qədər çılğın ruhda bir insan olsaydım, bu prosesin sonu heç də yaxşı olmazdı. Mən indi belə, özümdə nəyisə təlimatlarla yoluna qoyuram”
Onun bu proqramlaşdırılmış həyatı 38 yaşına kimi davam edib. Monteqnenin atası nə qədər də onun fikir adamı, hüquqşünas, siyasətçi olmasını istəsə də, onu mükəmməl bir insan kimi görmək üçün dövrün ən sərt intizamlı kollecinə göndərsə də, Mişelin kolleci ruhunu sıxacaq qədər təzyiqlərdən yorulduğu üçün özbaşına tərk etməsinə etiraz etmir. Görkəmli ədib, yazar, filosof xatirələrində ömrünün atasından sonrakı illərində atasının arzuladığı kimi yox, tamamilə başqa həyat tərzi keçirməyə çalışsa da, yenə atasının arzuladığı yerə qayıtdığını yazır. Onun doğulduğu ailə ilə bağlı yeganə şikayəti sosial-mədəni bacarıqlarının “kor” qalmasına valideynlərinin fikir verməməsi haqqında olub. Belə ki, Monteqne olduqca dərin və sistemli təhsil alsa da, mahnı oxuya, rəqs edə, hansısa musiqi alətində ifa edə, üzə, qılınc oynada, at minə bilmədiyi üçün hər zaman özündən utanıb və bunda daim ailəsini təqsirkar bilib.
38 yaşından sonra 10 il dünyadan və ailəsindən uzaqlaşan, kitablarını malikanənin bir hissəsinə daşıyıb, özü də orada yaşamağa başlayan Monteqne dünya ədəbiyyatı və fəlsəfəsinə misilsiz incilər qazandırır. 48 yaşında Bordeu şəhər hakimi seçilir, lakin ikinci hakimliyi illərində şəhərə yayılan vəba virusu zamanı həmvətənlərini qoyub qaçır. Bunda uzun illər ittiham edilən Monteqne bu zaman da dürüstlüyü ilə nüfuzunu qoruyur: “Mən o vəzifəyə, sadəcə, seçilmişəm. Mən heç zaman qəhrəman olmağı arzulamamışam. Heç kim də məndən qəhrəmanlıq gözləməsin”. 1533-1595-ci illərdə yaşamış filosofun hekayəsini təqdim edirik.
Hanniballar haqqında hekayə
Və ya “vəhşilər”i qorxudan “insanlar”

Ağlın qanunlarına uyğun ifadə etsək, hanniballara-adamyeyənlərə barbar deyə bilərik. Amma görüntü olaraq bizə oxşamırlar deyə, kəskin şəkildə barbar deyə bilmirik onlara. Çünki barbarlıq məsələsində biz onları bir çox xüsusiyyətimizlə çoxdan üstələmişik. Ən azından onların mübarizələri ağayana və mərd-mərdanədir. Əgər müharibə və savaş adlı bu insan xəstəliyini biz belə haqlı və lazımlı hesab ediriksə, bu, onlar üçün niyə qadağan edilsin ki?!
O ki qaldı onların savaşmaq səbəblərinə, bu, sadəcə, qısqanclıq və yarışmaq həvəsindən doğur. Yəni onlar daha böyük ərazi, torpaq uğrunda müharibələrə girişmirlər, çünki təbiət bərəkətindən onlara hər şeyi uğrunda dərin savaşlar aparmağa ehtiyac qalmadan, elə bol-bol verib ki, bundan ötrü torpaq zəbt etməyə, daha geniş əraziyə sahib olmağa ehtiyac yoxdur. Təbii ehtiyaclarını ödəməklə özlərini xoşbəxt hiss edən insanlardır onlar. Bunun xaricində heç nə onlar üçün ciddi əhəmiyyət kəsb etmir, yemək xaricində hər şey lazımsızdır. Hamı öz yaşıdlarına qardaş, özündən nisbətən gənclərə övlad deyir, yaşlı olanlar digər bütün gənc olanların hamısının atası hesab olunur. Yaşlılar da sahib olduqları şeyləri bütün gənclərə miras qoyur, yəni təbiətdən alınan hər şeydən bərabər istifadə hüququ hamı üçün təmin edilir, təbiətin olan hər şey hamınındır. Əgər qonşularla nəyinsə üstündə anlaşılmazlıq olar, savaş çıxarsa, savaşın sonunda əldə olunan tək şey fəxarət hissi, qürrələnmək imkanıdır. Qalibiyyət, sadəcə, sayca daha çox və güclü olduğunu göstərmək üçün lazımdır onlara. Məğlub olanların mal-mülkünə, qidasına ehtiyac duymadıqları üçün savaş meydanından evlərinə dönür, sahib olduqlarından istifadə edərək, xoşbəxtliyin həzzini yaşayırlar, çünki onlar var olmağın, qane olmağın, əlində olanla xoşbəxt ola bilməyin yolunu bilirlər. Savaşı kim qazanırsa-qazansın, bu, onlar üçün qaydadır, həyat tərzidir. Onlar üçün əsas zəfər, əsas məqsəd uduzanın uduzduğunu qəbul etməsidir, bu da ki yüz ildə bir baş verir. Yəni onlar məğlubiyyəti etiraf edib, qarşı tərəfin zəfərini təsdiqləməkdənsə, meydanda qanlar içində ölməyi, öldürülüb yeyilməyi üstün tuturlar. Əsir aldıqları adamlara olmazın işgəncələr verirlər bu məqsədlə, onlara necə öləcəklərini, ətlərinin necə qızardılıb bişiriləcəyini göstərirlər. Məqsədləri zəfərlərini təsdiq edən söz almaqdır, düşmənin dirənişini, iradəsini sındırmaqdır. Savaşın təbiətinə və məqsədlərinə bir az dərindən yanaşsaq, əslində elə zəfərin bu olduğunu anlayarıq.
Klavdian onların şüarını belə ifadə edib: “Victoria nulla est. Quam quae confessos animo quo que subjuga hostes”. Yəni məğlub olan məğlubiyyətini qəbul etmədikcə, qazanılan zəfər zəfər sayılmaz.
Tarixdə olduqca böyük zəfərlərə imza atmış qüdrətli savaşçılar olan macarlarda da təxminən buna bənzər bir inanc, adət olub. Onlar aman istəyən düşməni qovmayıblar, əfv istəyəni, məğlubiyyəti qəbul edəni incitməyiblər. Hətta zəifliyini qəbul edənin canını bağışlamaqla kifayətlənməyib, onlardan xərac da almırlarmış. Bu halda onlara, sadəcə, söz kifayət edib, məğlub olan bir daha əsla macarlara qarşı çıxmayacağına söz verib.
Düşmənlərimizə qarşı qazandığımız zəfərlərin çoxu bizim olmayan süni üstünlüklərimizin nəticəsidir. Qolu, ayağı olmayan bir insan üzərində qələbə adil deyil. Amma fiziki sağlamlığın tam olmaması və belə insanların güclülər üzərində qələbəsi əsl ustalıqdır. Ancaq hər insanın dəyəri, onun bütövlüyü ürəyindən, məqsədlərindən bəlli olur. Mərdlik güclü qoldan, ya da yerə sağlam basan ayaqdan deyil, insanın sağlam ürəyindən, təmiz ruhundan qidalanır. Senekanın yaxşı bir sözü var: “Ürəyi taqətdən düşməyən dizləri üstündə də savaşar”. Ölümdən qorxmayanlar, düşmənlə göz-gözə gəlməkdən ürpənməyənlər məğlub olmurlar, sadəcə, öldürülürlər.
Lakin buna baxmayaraq, bütün mərd insanlar adətən tənha və xoşbəxtlikdən layiqli nəsibini almamış insanlardır. Məhz bu nöqtədən sonra hekayəmə qayıtmaq istəyirəm. Əsir alınmış adamyeyənlər-hanniballar bu müddət ərzində nəinki məğlub olduqlarını etiraf edir, hətta arsız gülüşlər və söyüşlərlə düşmənlərini qızışdırır, onları dərhal öldürməyə sövq edirlər.
Günlərin bir günü bu hanniballardan üçü öz açıq səmalarını, təmənnasız təbiətlərini bizim “yenilikçi” həyatımızın fərqlilikləri ilə tanış olmaq, bəlkə də mümkün olarsa, bir səmanın altında yaşamaq imkanlarının olub-olmadığını müəyyənləşdirmək üçün Fransanın Ruen şəhərinə gəlir. Kral onlarla uzun-uzadı söhbətlər edir, onlara saray həyatını, şəhəri, insanların yaşayışını, “mədəni” irəliləməni göstərir, sonra isə onlara burada qalmağı təklif edir. Lakin hanniballar bunu birmənalı şəkildə rədd edirlər...
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər