• şənbə, 20 Aprel, 08:49
  • Baku Bakı 14°C

mərd kişinin düası və ya yarımçıq əsər (şeir-esse)

15.09.14 11:54 2811
mərd kişinin düası və ya yarımçıq əsər  (şeir-esse)
“ata həyətində bir ağac vardı...” –
atamın 70-ci illərdə xəstəxanada
müəllim dostunun bağışladığı dəftərxana kitabına
yazmaq istədiyi əsərin ilk və son cümləsi.
nədən yazmaq istəyirmiş atam.
uşaqlığı müharibə illərinə düşüb atamın;
babam kolxoz sədri işləyirmiş. əvvəl komsomol olub,
sonra prokuror.
başına çox işlər gəlib kişinin. hərə bir söz deyir.
kimisi
“çox sərt adam idi, lap Stalin kimi”,
bəzilərisə
“yaxşı adam idi rəhmətlik, kəndi müharibədən o çıxardı,
nə bilim, filan-filan işlər gördü” –
söyləyirlər babam haqqında.
ata həyətində bir ağac vardı –
yazırdı atam.
nədən yazmaq istəyirmiş atam.
anam cavanlıqda xəstələnir. dörd il xəstə yatır.
sağalacağına ümid qalmır. atam
sədaqətlə gözləyir onu. sonra
iki bacım, bir də mən gəlirəm dünyaya –
beş bacının bir qardaşı.
ərköyün böyüyürdüm.
sərt adamdı, əsəbi adamdı atam,
amma nədənsə bir elə dəyməzdi xətirimə.
fikrini tez - tez dəyişməsi də var atamın.
“dul arvad doğub ondandı” – deyir anam.
yaxşı ədəbiyyat müəllimi idi, nədənsə
erkən çıxdı pensiyaya, atdı müəllimliyin daşını.
şagirdləri indi də çox sevir onu.
sərasər otuz il yaşadı şəhərlə kənd arasında atam.
ata həyətində bir ağac vardı –
yazırdı atam.
nədən yazmaq istəyirmiş atam.
iki dəfə ev-eşik qurub atam kəndimizdə;
birini ata həyətində, birinisə bir az aralı.
o həyətin qızı qardaşlığa götürmüşdü atamı -
kişi qadın idi Qızbəs bibi, təzəlikcə rəhmətə gedib.
kəndimizin 60 yaşlı qız qarısı
boynumu qucaqlayıb, “qardaş” dedi mənə.
nənəm ölənə qədər qardaşı olmadığına
acıyardı öz taleyinə.
yaman çox istəyirdilər qardaşlarını
kəndimizin qızları – yadımdadır.
ata həyətində bir ağac vardı –
yazırdı atam.
nədən yazmaq istəyirmiş atam.
qocalar namaz üstə dua eləyərkən
“bizi aclıqla sınağa çəkmə, Pərvərdigara” -
söyləyərdilər kəndimizdə.
“bizi bir tikə çörəyə görə
namərdə, nakəsə möhtac eləmə, ilahi!” -
dua eləyər atam yeməkdən sonra.
mərd kişinin duası deyirəm mən
bu duaya.
bir hind filmi var idi: “bir tikə çörək”.
yaman xoşuma gələrdi uşaq vaxtı.
bir tikə çörəyə görə
caniyə çevrilir əsərin qəhrəmanı.
hind filimlərinin qəhrəmanlarına
bənzəmək istəyirdim o zamanlar.
sonra anladım ki, hər kəs
elə öz taleyinin qəhrəmanıdır.
ata həyətində bir ağac vardı –
yazırdı atam.
nədən yazmaq istəyirmiş atam.
orta məktəb illərində bir hekayə oxumuşdum:
“Səyad müəllimin oğlu” – müəllifini xatırlamıram.
böyüyür, yazıçı olur Səyad müəlimin yeganə oğlu.
valideynləri yolunu gözləyir ümidlə, qocala – qocala.
amma az-az baş çəkə bilir onlara ata-ananın yazıçı oğlu
ata həyətində bir ağac vardı –
yazırdı atam.
nədən yazmaq istəyirmiş atam...
babam on ildi köçüb dünyadan.
atam yaşayır öz ömrünü.
anam tez - tez xəstələnir.
...................
“hayıf , insanlar ölürlər” –
son zamanlar təəssüflə fikirləşir
Səyədulla müəllimin yazıçı oğlu.
nədən yazmaq istəyirmiş atam
“ata həyətində bir ağac vardı?!” ...
2003
banner

Oxşar Xəbərlər