Məqsədyönlü siyasətin real təntənəsi

Məqsədyönlü siyasətin real təntənəsi

Cəmiyyət
16 Oktyabr 2019, 13:21 131
"Bu gün ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza malik olması hər bir Azərbaycan vətəndaşının qürur və iftixarına çevrilib. Müasir dünyanın əsas liderlərindən biri kimi Azərbaycan Prezidenti İlham Əliyevin mötəbər tribunalardan səsləndirdiyi fikirlər, bəyanatlar, çağırışlar dünya birliyi tərəfindən ehtiramla qəbul olunur”.
 
Bu barədə millət vəkili Naqif Həmzəyev "Kaspi” qəzetinə açıqlamasında bildirib. 
 
O qeyd edib ki, müstəqil Azərbaycan bütün dünyanın gözü qarşısında sabit, dinamik və sülhsevər dövlət kimi inkişaf edir, qətiyyətlə parlaq gələcəyə doğru addımlayır. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi apardığı məqsədyönlü siyasətin real təntənəsi bütün sahələrdə hiss edilir: "Bu günlərdə Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, həmin iclasın plenar sessiyasındakı çıxışı, qətiyyətlə səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm siyasi hadisə kimi tarixə yazıldı. Prezident İlham Əliyev fürsətindən istifadə edərək Azərbaycanda əldə edilən nailiyyətləri və qarşılıqlı əməkdaşlıq istiqamətindəki prosesləri diqqət mərkəzinə çəkməklə yanaşı, ölkə reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırdı. "Valday” Beynəlxalq Diskussiya Klubu kimi mötəbər forumun tribunasından Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş sərrast bəyanat Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı "Qarabağ Ermənistanındır, nöqtə” şəklində ifadə olunmuş sərsəm fikrinə beynəlxalq ictimaiyyət qarşısında obyektiv siyasi və diplomatik cavab oldu. Real gerçəkliyin ifadəsi olan "Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatı Prezident İlham Əliyevin müdrikliyini, hazırcavablığını bir daha təsdiq etdi”.
 
Deputat deyib ki, Prezident İlham Əliyev oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinə də diqqət çəkib: "Prezident bildirdi ki, Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir. Regionun bugünkü reallıqlarını müzakirə etmək üçün Türkdilli Dövlətlərin rəhbərlərinin bir araya gəldiyi mötəbər beynəlxalq tədbirin tribunasından bu fikirlərin səsləndirilməsi Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna daha bir mesaj oldu”.