• çərşənbə axşamı, 19 mart, 10:51
  • Baku Bakı 8°C

“Məqsədlərimə çatmaq üçün dayanmadan səy göstərirəm” – Uğur hekayəsi

30.12.16 11:30 3536
“Məqsədlərimə çatmaq üçün dayanmadan səy göstərirəm” – Uğur hekayəsi

Oxumaq həyatının ayrılmaz tərkib hissəsidir. Deyir ki, proqramçı və İT sahəsinin mütəxəssisi olaraq o qədər oxuyur ki, oxumayanda, informasiya qəbul etməyəndə həyatlarında boşluq hiss edir. Müsahibimiz Dövlət Neft Fondunun İnformasiya texnologiyaları (İT) departamentinin rəhbəri Elxan Əliyevlə tanış olaq...

- Elxan bəy, ilk dəfə neçə yaşınızda kompyuterlə tanış olmusunuz?
- Təəssüf ki, bizim universitet illərimizdə - 2001-2005-ci illər arasında kompyuter çox yayılmamışdı. Biz əksər hallarda kompyuterlə internet klublarda tanış olurduq. Orta təhsilimi Bərdə rayonda aldığım üçün o vaxt kompyuterin heç üzünü də görməmişdim. 11-ci sinfi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat Proseslərinin Avtomatlaşdırılması fakültəsinə daxil oldum. İkinci kursda oxuyanda proqramlaşdırmanı öyrənməyim üçün atam kompyuter almağa razılaşdı.

- Maraqlıdır, bəs rayon yerində oxuyan, kompyuterlə birbaşa ünsiyyətdə olmayan bir uşağın necə oldu İT sahəsinə marağı yarandı?
- Riyaziyyatı çox sevirdim və riyaziyyatın olduğu sahələrə meylim güclü idi. Bu sahələrdən biri də proqramlaşdırma idi. O vaxtlar Azərbaycanda xarici təşkilatlar yayılmışdı. Onlardan biri də "Save the Children” ("Uşaqları Qoruyun”) təşkilatı bizim evin yaxınlığında idi və tez-tez ora gedirdim. Həmin təşkilatda çalışanlar məndə kompyuter sahəsinə maraq yaratdılar. Sözügedən təşkilatda olanda kompyuterin necə vacib olduğunu gördüm.

- İT sahəsi dünyada nəinki hər gün, hər an inkişaf edir. Siz bu inkişafdan geri qalmamaq üçün nə edirsiniz?
- İT sahəsi çoxşaxəlidir. Mən öz inkişafım üçün Microsoft şirkətinin məhsullarını əsas götürmüşəm. Microsoft və virtuallaşdırma sahəsində çıxan yenilikləri internet üzərindən izləməklə və çıxan texnologiyalar haqqında kitablar oxumaqla özümü təkmilləşdirirəm. Bir də bizim ixtisasımıza uyğun seminarlar olduqda və seminarları tanınmış şirkətlərin nümayəndələri təqdim etdikdə iştirak edirəm.

- Arada heç öyrənməkdən yorulmursunuz?

- İnsan beyni Allah tərəfindən elə formalaşıb ki, öyrəndikcə inkişaf edir, öyrəndikcə öyrənmək istəyir. Əgər biz oxumasaq, öyrənmək istəməsək, beynimiz də kütləşəcək. Proqramçı və İT sahəsinin mütəxəssisləri olaraq o qədər oxuyuruq ki, oxumayanda, informasiya qəbul etməyəndə həyatımızda boşluq hiss edirik. Bu səbəbdən öyrənmək bizim üçün yorucu deyil. Oxumaq həyatımızın ayrılmaz tərkib hissəsidir.

- İT sahəsində çalışanların bir az ərköyün olduğu deyilir. Siz də İT departamentinə rəhbərlik edirsiniz. Çətin deyil ərköyün işçilərlə çalışmaq?
- Həmişə deyirəm ki, İT mütəxəssislərini idarə etmək üçün gərək ilk növbədə özün bu sahədən çıxasan. Əslində, İT mütəxəssisləri ərköyün olmur, bir az sərbəstliyi sevirlər və bu sərbəstliyi onlara qismən də olsa vermək lazımdır. İT mütəxəssisləri başqa peşə sahiblərindən fərqli olaraq, qəfəs içərisində işləməyi sevmirlər. Həftənin hansısa günü işləməyə həvəsləri olmaya bilər. Yaxud ola bilər ki, onlarda saat 18.00-dan işdən sonra işləməyə həvəs yaransın. Bu cəhətdən də onlara həm iş qrafiki cəhətdən, həm də işdə davranış, geyim cəhətdən rahatlıq vermək lazım gəlir.

- Dövlət orqanında bu sərbəstliyi vermək çətin deyil ki?
- Düzdür, limitlərimiz var. Amma mümkün olan hallarda icazə verməyə çalışıram. Əgər burada vacib iş, həll etmək üçün hansısa problem yoxdursa, o zaman rahatlıqla icazə verirəm. Çünki elə günlər olub ki, biz axşam saatlarında qalıb işləməli olmuşuq. Bu səbəbdən də mümkün qədər onların dincəlməsinə şərait yaradırıq ki, işləmək lazım gələndə üzərlərinə düşənləri etsinlər.

- İT sahəsi Azərbaycanda tək-tük sahələrdəndir ki, himayədara ehtiyac yoxdur. Bununla razısınız?

- Ümumiyyətlə, düşünürəm ki, əgər biliyin varsa, bütün sahələrdə inkişaf edə, irəliləyə gedə bilərsən. Ətrafımda kifayət qədər adam var ki, himayədarı olmadan da inkişaf ediblər. Amma İT sahəsində biliksiz işləmək qeyri-mümkündür. Bu səbəbdən deyə bilərəm ki, hər cür şərait yaradılsa da, biliyi olmadığı halda, İT sahəsində irəli getmək mümkün deyil.

- Elxan bəy, Neft Fonduna gəlməyiniz maraqlıdır...
- Neft Fondu ölkəmizdə ən şəffaf dövlət müəssisələrindən biridir. Bu şirkət şəffaflığı və işində səmərəliliyi əsas məqsədlərdən hesab edən təşkilatlardandır. Mən həm də Technet.az könüllü dəstək qrupu daxilində fəaliyyət göstərirəm. Qısaca olaraq, bu qrup haqqında məlumat vermək istərdim. Bildiyiniz kimi Azərbaycan dilində dərs vəsaitləri, müasir texnologiyalara aid kitablar tapmaq çox çətindir. Bu qrupun yaranmasına səbəb bu tip çatışmazlıqları qismən də olsa, aradan qaldırmaqdır. Technet.az saytında 900-ə yaxın müxtəlif məqalələr dərc etmişik, seminarlar təqdim edib gənc nəslin inkişafına köməklik göstərməyə çalışmışıq. Seminarların birində mənə bildirdilər ki, Dövlət Neft Fondunda belə bir vakansiya var. CV-mi göndərdim. Bir neçə görüşdən və ətraflı yoxlamalardan sonra məni işə götürməyə qərar verdilər. Daha sonra iki aylıq sınaq müddəti təyin etdilər. Sınaq müddətini uğurla başa vurduğum üçün işə başladım.

- Embavud (Embawood) şirkətində də şöbə müdiri kimi çalışırsınız. İki işi eyni vaxtda necə idarə edirsiniz?

- Mən Neft Fondunda işə başlayanda artıq 6 il idi ki, Embawood şirkətində sərbəst qrafikdə çalışırdım. Yeni işə başlayanda da Embawood rəhbərliyi ilə yeni əmək müqaviləsi bağladıq. Şükür Allaha, işlərim bir-birinə mane olmur. Hər iki işdə sistemli, planla işlədiyim üçün çatdırıram.

- Təkcə İT mütəxəssisi olmaq karyera pilləsində irəliləmək üçün kifayət edir?
- Düşünürəm ki, təkcə yaxşı mütəxəssis olmaq inkişaf etmək üçün şərait yaratmır. Peşəkarlıqdan əlavə, ünsiyyət qurmaq qabiliyyətin olmalıdır. Əgər biz biliklərimizi göstərə, fikirlərimizi izah edə bilmiriksə, yaxud hər hansı tədbirdə əlaqələr qura bilmiriksə, o zaman inkişaf edə bilməyəcəyik. Bu İT sahəsində xüsusilə öz əksini tapır. Çünki İT sahəsində bir mütəxəssis hər şeyi həll edə bilməz. Müəyyən vaxtlar olur, özümüz də iş əsnasında çətinliklərə düşürük. Bu zaman ünsiyyət qurduğumuz digər mütəxəssislərlə məsləhətləşməli oluruq. Bu baxımdan hesab edirəm ki, bilik inkişaf üçün kifayət etmir. Burada ünsiyyət qurma qabiliyyəti də əsas rol oynayır.

- Tələbələrimizə nə məsləhət görərdiniz, yaxşı İT mütəxəssisi olmaq üçün nə etsinlər?
- Bu gün tələbələrin kifayət qədər vaxtı var. İndi də hərdən öz-özümə düşünürəm ki, tələbəlik illərimə qayıtsaydım, vaxtımdan daha səmərəli istifadə edərdim. Tələbələrin dil biliklərini artırmağa kifayət qədər vaxtları var. Bundan başqa, müəyyən beynəlxalq sertifikatlar var ki, həmin istiqamətlərdə elə tələbəlikdən sertifikatlaşsalar, yaxşı olar. Bizim oxuduğumuz dövrlərdə kitab tapmırdıq. Tələbə biletimizi, şəxsiyyət vəsiqəmizi hardasa girov qoyur, kitab götürüb, üzünü çıxarırdıq. İndi isə mağazalardan kitab tapmaq olur, internet resursları kifayət qədərdir. Mənim atamın bir sözü var: bizi öyrədən müəllim belə özü kitabdan öyrənir. Bacardıqca çox kitab oxumaq lazımdır. Ölkəmizdə müxtəlif şirkətlərin təşkil etdiyi seminarlara qoşulub öz əhatə dairələrini genişləndirməklə də özlərini inkişaf etdirə bilərlər. İT-nin hər bir sahəsindən məlumatlı olmalı və ən çox maraqlandıqları sahə üzrə ixtisaslaşmalıdırlar. Sözsüz ki, istək hər şeyi həll edəcək. İstək olandan sonra gənclərimiz hər bir şeyə nail ola bilərlər.

- Azərbaycan dilindən başqa dil bilmədən yaxşı İT mütəxəssisi olmaq mümkündür?
- Təəssüf ki, bu gün Azərbaycan dilində kitab çatışmazlığı var. Çünki bu sahədə kitab yazanların, məqalə yazanların sayı çox azdır. Bu baxımdan düşünürəm ki, ingilis və rus dillərini ən azı texniki dil səviyyəsində bilmədən yaxşı İT mütəxəssisi olmaq çətindir.

- İT mütəxəssisləri dəqiq olurlar. Hansısa əməliyyatı yerinə yetirmək üçün A düyməsini basmalıdırlarsa, başqa düyməni bassalar, ortaya fərqli bir şey çıxacaq. Professional tərəfləriniz xarakterinizə təsir edir?
- İT mütəxəssisi işdə də, həyatda da eyni cür davranır. Baxır İT-in hansı sahəsində çalışırsan. İT-də də elə sahələr var ki, səhv etdikdə onu rahatlıqla geri qaytarmaq mümkündür. Həyatda da bu, mümkündür. Sözsüz ki, bu vaxt müəyyən zaman itiririk ki bu da çox əhəmiyyətlidir. Sadəcə olaraq, dəqiqlik bizi bu zaman itkisindən qoruyur. Ümumiyyətlə, hər bir mütəxəssisin peşəsi onun xarakterinə uyğun olmalıdır. Əbəs yerə düşünülmür ki, proqramçılar özünə qapalı insanlar olur. Məsələn, günün adi vaxtlarında da bu peşənin sahibləri müəyyən alqoritimlər haqqında düşünürlər. Bu isə istər-istəməz özünəqapanmaya səbəb olur.

- Ənənəvi sualımız: uğur sirriniz nədədir?
- Uğurumun sirrini ilk növbədə ailəmdə görürəm. Çünki ailəm ömrüm boyu mənə dəstək verib və verir. İkincisi, məqsədlərimə çatmaq üçün dayanmadan səy göstərməyimdədir. Məqsədimə nail olmaq üçün çox çətin zamanlarda belə ruhdan düşməmişəm. Əsas istəkdir və nəyisə ürəkdən istəyiriksə, ona nail olacağıq. Sözsüz ki, səni dəstəkləyən ailənin, çevrənin, dostlarının olması çox vacibdir.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər