• cümə axşamı, 28 mart, 15:29
  • Baku Bakı 16°C

“Məqsədimiz kəmiyyəti keyfiyyət göstəriciləri ilə əvəz etməkdir”

04.08.17 18:38 1240
“Məqsədimiz kəmiyyəti keyfiyyət göstəriciləri ilə əvəz etməkdir”
"2016/2017-ci tədris ilində kollec üzrə tələbələrin dərsə davamiyyəti 92 faiz təşkil edib. Növbəti tədris ilində tələbələrin bilik səviyyəsinin daha da artırılması üçün öncə mövcud tədris planlarında dövrün tələblərinə uyğun olaraq dəyişikliklər etməyi planlaşdırırıq. Fənn birləşmə komissiyalarını yenidən formalaşdıraraq tədrisin keyfiyyətinə təsir edə biləcək struktur hazırlayırıq. Bir sözlə növbəti tədris ilini çox ciddi şəkildə keçən tədris ilindən fərqləndirmək üçün həm pedaqoji kollektivlə, həm də tədris-köməkçi heyətlə görüləcək işlərimiz çoxdur. Məqsədimiz kəmiyyət göstəricilərini keyfiyyət göstəriciləri ilə əvəz etməkdir”. Bu barədə Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev bildirib. O, tələbələri imtahana, yaxud həyata hazırlamaq üzərində çox düşünüldüyünü diqqətə çatdıraraq, mövcud tədris proqramları çərçivəsində imtahanların müvəffəq qiymətlərlə başa çatmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, uğur əldə etməkdən ötrü bütün tələbələrin ruhi-psixoloji vəziyyəti, mənəvi keyfiyyətləri üzərində işləniləcək. Direktor müavininin sözlərinə görə, teatr və musiqi dərnəkləri, bilik yarışmaları, tarixi yerlərimizə və Azərbaycanın səfalı guşələrinə səfərlər də bu işdə ciddi əhəmiyyətə malikdir.

N.Nəbiyev kollecdə müəllimlərin attestasiyasının keçirilməsindən də söhbət açıb. Bildirib ki, 27 may 2017-ci il tarixində müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədi ilə kollec daxili attestasiya keçirilib. Onun sözlərinə görə, attestasiyada iştirak edənlərin 10%-i 0-10 bal, 43%-i isə 20 baldan aşağı bal toplayıb: "Göründüyü kimi nəticələr heç də ürək açan deyil. Nəticələr göstərir ki, kollecdə müəllimlərin peşəkarlıq səviyyəsi arzu olunan səviyyədə deyil. Hesab edirik ki, daxili qiymətləndirmə müəllimlərin tədris prosesinə marağını artıracaq, onları inkişaf etməyə vadar edəcək. Bunun üçün kollec rəhbərliyi qarşıdan gələn tədris ilində hər bir müəllimin öz bilik səviyyəsinə görə kollecin büdcədənkənar vəsaiti hesabına əmək haqqına əlavə olunmasını planlaşdırıb. Ümumilikdə müəllim heyətinin bilik səviyyəsinin aşağı olması bizi məcbur edir ki, onların müvafiq hazırlığı ilə məşğul olaq. Bu il 9 illik bazadan qəbul olacaq tələbələrin yeni kurikulum sistemi ilə təhsil aldıqlarını nəzərə alsaq, müəllimlərimizin də bu sahədə müəyyən təlimlər keçməsinə ehtiyac yaranır”.


Kollecdə başa vurulan tədris ilinin imtahan sessiyalarında bütün neqativ hallara son qoyulduğunu, tam şəffaflıq təmin edildiyini dilə gətirən N.Nəbiyev müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün təhsil müəssisəsində görülən işlərdən də söhbət açıb: "Kollecin ödənişli təhsil alan tələbələr hesabına büdcədənkənar hesaba daxil olacaq vəsaitlər vaxtında ödənilib. Ötən illərdən təhsil alan tələbələrin təhsil haqları da rəhbərliyin səyi nəticəsində 2016/2017-ci tədris ili ərzində kollecin hesabına köçürülüb. Beləliklə büdcədənkənar vəsait hesabına 275.000 manat vəsait müəllimlərin əmək haqqına əlavə və yaxud mükafat formasında köçürülüb. Rəhbərlik tərəfindən artıq növbəti tədris ilində attestasiyadan yüksək bal toplayan müəllimlərin büdcədənkənar vəsait hesabına əmək haqlarının 450-500 manat səviyyəsinə çatdırılması planlaşdırılır. Müəllimlərin sosial şəraitinin yaxşılaşdırılmasına ünvanlanmış iş hal-hazırda yeni mərhələyə qədəm qoyur. Daxili attestasiyanın nəticələrinə əsasən müxtəlif ballar toplamış pedaqoji heyətin əmək haqlarına əlavəsi differensiallaşdırılmış formada həyata keçirilir. Misal üçün deyək ki, 200 manat rəsmi əmək haqqına differensiallaşdırılmış cədvəl üzrə 90% büdcədənkənar vəsaitdən əlavə təyin ediləndə, əmələ gələn 380 manat eyni məbləğdə mükafat fondundan stimullaşdırılanda hələlik ən yüksək müəllim məvacibi əldə etmək olur. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 354 №-li "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na uyğun olaraq, kollecdə 13 iyul 2017-ci il tarixində yay məktəbi 47 fənn üzrə qruplar formalaşdırılaraq könüllülük prinsipi əsasında təşkil edilib. Yay semestrinin məqsədi tələbələrin akademik borclarının ləğv edilməsi və müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsidir. Müvafiq qanunvericiliyə uyğun olaraq hal-hazırda kollecdə digər orta ixtisas müəssisələrindən gələn tələbələr də akademik borclarını ləğv etmək üçün təşkil etdiyimiz yaz semestrində iştirak edirlər. Nəticə etibarilə yay semestrinin təşkilindən kollecin büdcədənkənar vəsait hesabına 34.000 manat köçürülüb”.

Direktor müavini ötən ay kolleclə "Bitkol+OM” MMC arasında birgə fəaliyyət haqqında müqavilənin imzalanmasına da diqqət çəkib. Bildirib ki, birgə fəaliyyətin yaradılmasında məqsəd kollecin qanunvericilik çərçivəsində ödənişli əsaslarla istehsalatla əlaqələr yaratmaqdır. Bununla da pedaqoji heyətin rifah halının daha da yaxşılaşdırılmasına, tələbələrin təcrübi biliklərinin artırılmasına və son nəticədə onların ixtisaslı mütəxəssis kimi əmək bazarına çıxarılmasına nail olmaq mümkündür. N.Nəbiyev Auditorlar Palatasının kollecdə yoxlama aparmasına da toxunub. Bildirib ki, Auditorlar Palatasının yoxlaması nəticəsində kollecin inzibati sektorunda çox ciddi çatışmazlıqlar və pozuntular aşkar olunub. Bu səbəbdən də Respublika Baş Prokurorluğuna müraciət edilib. Onun sözlərinə görə, hal-hazırda Baş Prokurorluğun Korrupsiya İdarəsi kompleks yoxlamaya başlayıb. Ümüd edilir ki, yoxlama zamanı vaxtilə pozuntular nəticəsində yaranmış çatışmazlıqlar kollecə qaytarılacaq.
Kaspi.az

banner

Oxşar Xəbərlər