• cümə, 29 Mart, 18:22
  • Baku Bakı 14°C

Məqsədimiz dərin dini və dünyəvi biliklərə malik kadrların hazırlanmasıdır

07.02.19 22:24 1486
Məqsədimiz dərin dini və dünyəvi biliklərə malik kadrların hazırlanmasıdır
Prezident İlham Əliyevin 2018–ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun MəmmədovAZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
– Ceyhun müəllim, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının 1 ili tamam olur. Bu müddət ərzində görülən işlər barədə məlumat verməyinizi xahiş edirik.
- İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
Azərbaycan İlahiyyat İnstitutunun qarşısında duran əsas vəzifə dərin dini və dünyəvi biliklərə, zəngin dünyagörüşünə və yüksək intellektə malik kadrların hazırlanmasıdır.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətləri mövcuddur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aİİ-nin yaradılması da dövlətimizin başçısının dinə, mənəvi dəyərlərə qayğısının ən böyük göstəricilərindən biridir. Bu müdrik qərara və din sahəsinə göstərdiyi yüksək qayğı və diqqətə görə, bütün ilahiyyatçılar adından ölkə başçısına dərin təşəkkürümü bildirirəm.
Qısa zaman kəsiyində institutun formalaşması istiqamətində zəruri işlər görülüb, ali təhsil müəssisəsi tədris ilinə hazırlıq səviyyəsinə gətirilib. İnstitutun dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə təhsil standartları Təhsil Nazirliyinə təqdim edilib və müsbət rəy alınıb.
İnstitutda bir fakültə və 3 kafedra fəaliyyət göstərir. Həmçinin magistratura səviyyəsi üzrə beş ixtisasın tədris və işçi tədris planları yenidən işlənib. Tədrisin şəffaflığını təmin etmək məqsədilə Aİİ rəhbərliyi yanında İctimai Şura yaradılıb.
Qeyd etmək istərdim ki, tələbələrimiz dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. İnstitutda təhsil tam ödənişsizdir. Tələbələrin təhsillərini yüksək səviyyədə davam etdirmələri üçün lazımi şərait yaradılıb. Təhsilalanlara dərslik, yemək və geyim pulsuzdur. Mənəvi Dəyərlərin Təbliği Fondu maddi cəhətdən imkansız tələbələrimizə təqaüd ayırıb.
Bir il ərzində institutda maarifləndirmə istiqamətində 99 tədbir keçirilib. Bu sırada müxtəlif mövzularda 39 seminar və dəyirmi masanı, ölkədəki əlamətdar hadisələrlə bağlı 6 tədbiri, tələbələrin fərdi inkişafı, intellektual səviyyəsinin və mənəvi dünyasının zənginləşdirilməsi məqsədilə 6 təlimi, beynəlxalq günlərə həsr olunmuş 8 tədbiri, elm xadimləri ilə 2, "Səfir saatı” layihəsi çərçivəsində 4 səfirlə görüşü, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə 12 diskussiyanı, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılması məqsədilə 14, mətbuatın iştirakı ilə 5 görüşü, tələbələrin və əməkdaşların iştirakı ilə 3 səfəri qeyd etmək olar. Bu siyahını davam etdirmək mümkündür.
- İnstitut Azərbaycanın müxtəlif bölgələrinə səfərlər təşkil edir. Bu səfərlərin məqsədi nədən ibarətdir?
- Azərbaycan İlahiyyat İnstitutu tələbələrdə vətənpərvərlik ruhunun, dövlətə sevginin gücləndirilməsi, gənc nəslin milli ruhda yetişməsi, torpağa bağlılıq istiqamətlərində maarifləndirici tədbirlər həyata keçirir. Məsələn, institutun əməkdaşları və tələbələri ilə birlikdə ötən il Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Çocuq Mərcanlı kəndinə getdik. İnstitutun heyəti Çocuq Mərcanlı kəndində Şuşanın Gövhər Ağa məscidinin bənzəri olan məscidlə də tanış oldu. Kənddə yeni tikilmiş məktəbə institut tərəfindən dərs ləvazimatları, kitablar və bir sıra zəruri avadanlıq hədiyyə edildi. Bu səfərdə bir daha şahidi olduq ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili, xarici və ordu quruculuğu siyasəti nəticəsində Çocuq Mərcanlı kəndi qısa müddətdə yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib.
İnstitutun əməkdaşları və tələbələri ötən il dekabrın 29-da Qəbələ rayonunun Nic qəsəbəsinə səfər ediblər. Qeyd edim ki, Azərbaycanda tolerantlığın və dinlərarası dialoqun əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunub və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nic qəsəbəsi dünyada udilərin yığcam yaşadığı yeganə məkandır və qəsəbə Azərbaycan tolerantlığının kiçik modeli hesab edilir.
- Yeri gəlmişkən, bu yaxınlarda Şamaxı rayonunda təşkil etdiyiniz "Qış məktəbi” layihəsində məqsəd nədir?
- "Qış məktəbi”nin təşkilində əsas məqsəd gələcəyin islamşünas və dinşünaslarının dövlətimizin bu sahəyə qayğısı ilə əyani tanış olmalarını təmin etmək, biliklərini artırmaq, dünyagörüşünü zənginləşdirmək, həmçinin tariximizi öyrənmək, ermənilərin Şamaxıda törətdikləri soyqırımının izlərini yerində görmək, tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onların layiqli vətəndaş olaraq yetişməsinə kömək etmək idi. "Qış məktəbi”nin təşkili tələbələrin ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmaları baxımından xüsusi əhəmiyyət daşıyır.
İnstitutun yanvarın 31-dən fevralın 2-dək təşkil etdiyi "Qış məktəbi”ndə tanınmış alim və mütəxəssislər müxtəlif mövzularda mühazirələr söylədilər. Həmçinin tələbələrimiz səfər çərçivəsində Şamaxının tarixi və ənənələri haqqında ətraflı məlumat əldə etdilər.
– "Qış məktəbi”ndən gözlənilən nəticələr özünü doğrultdumu?
– "Qış məktəbi” çərçivəsində tələbələrin həm elmi, həm də praktiki biliklərinin artırılması istiqamətində bir sıra tədbirlər keçirildiyini nəzərə alsaq, bu layihənin uğurlu olduğunu söyləyə bilərik. Belə ki, ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət, Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilən, yaşı əsrlərlə ölçülən "Dəmirçi məscidi” və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan, Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə məscidi ilə tanışlıq, Avaxıl kəndində yerləşən Pir Ömər türbəsini və "Yeddi günbəz” türbələr kompleksini ziyarət, həmçinin Astrofizika Rəsədxanasına ekskursiya təşkil olundu. Aİİ-nin tələbələri böyük şair Mirzə Ələkbər Sabirin qəbrini də ziyarət etdilər.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin idarə heyətinin sədri Fariz Xəlillinin "Şirvanın maddi-mədəni irsi”, Aİİ-nin dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradovun "Azərbaycanlı İslam alimləri”, mənim keçirdiyim "Azərbaycan multikulturalizmi: reallıqlar və perspektivlər” mövzularında seminar-məruzələr, həmçinin biznes məsləhətçisi Fəxri Ağayevin "Şəxsi inkişafda mütaliənin rolu” və "Şəxsi inkişaf və karyera” haqqında təlimləri, tələbələrin asudə vaxtının səmərəli təşkili üçün film nümayişi və kitab mütaliəsi uğurla təşkil olundu.
– Birillik fəaliyyətinizdə xarici əlaqələrə, təhsil müəssisələri ilə əməkdaşlığa da önəm vermişiniz...
- Azərbaycan İlahiyyat İnstitutu fəaliyyətini inkişaf etdirmək məqsədilə xarici təhsil müəssisələri ilə əlaqələr yaradır. Keçən il noyabrın 21-23-də Rusiyanın Perm vilayətində keçirilən "Miqrantların adaptasiya problemi və ekstremist ideologiyalara qarşı mübarizə” mövzusunda konfrans çərçivəsində Moskva İslam İnstitutunun və Permdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşümüz oldu. Biz uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi barədə fikir mübadiləsi apardıq. Moskva İslam İnstitutu ilə əldə edilmiş razılığa əsasən növbəti aylarda bu təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması məqsədilə Aİİ-nin nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri nəzərdə tutulur.
İnstitutun nümayəndə heyəti keçən ilin dekabr ayında Türkiyədə olub, İstanbul, Mərmərə, 29 Mayıs və Ankara universitetləri, Türkiyə Dəyanət İşləri Başqanlığı, Türkiyə Dəyanət Vəqfi, İslam Araşdrımaları Mərkəzi, İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma Mərkəzi başda olmaqla müxtəlif universitet, təhsil müəssisəsi və digər qurumlarla görüşlər keçirilib, əməkdaşlığa dair protokollar imzalanıb. Xatırladım ki, bu il yanvarın 30-da Azərbaycan İlahiyyat İnstitutunun və Türkiyənin Kırıkkale Universitetinin birgə təşkilatçılığı ilə Bakıda "Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda elmi konfrans keçirildi. Həmçinin Kırıkkale Universiteti ilə İlahiyyat İnstitutu arasında əməkdaşlıq protokolu imzalandı. Gələcəkdə Avropa, Amerika və Şərq ölkələrinin müxtəlif elmi və elmi-tədqiqat müəssisələri ilə də əməkdaşlıq qurulması nəzərdə tutulub.
– İnstitutunuzun nəşrləri haqqında məlumat verməyinizi xahiş edirik.
– İnstitutun fəaliyyət sahələrindən biri də nəşrlərdir. Nəşrlərlə bağlı ilk hədəfimiz yeni dərsliklərin hazırlanmasıdır. Müvafiq layihə çərçivəsində tədris ilinin başlanğıcında lazım olan dərsliklər hazırlanaraq tələbələrə paylanıb. Növbəti tədris ilində də bu işlər davam etdiriləcək. İnstitutda elmi məqalələrin nəşri üçün "Din araşdırmaları” jurnalı təsis edilib və onun ilk sayı çapdan çıxıb. Burada bir çox alimin ilahiyyat, fəlsəfə, psixologiya, sosiologiya və digər elmlərə dair məqalələri yer alıb. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan nüfuzlu alimlərdir. Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə uyğun hazırlanıb. Jurnalın Beynəlxalq Standart Qeydiyyat Nömrəsi (ISSN) mövcuddur. Nəşrin yaxın gələcəkdə beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur. Bundan əlavə, institutun fəaliyyətinin işıqlandırılması üçün "İlahiyyatçı” qəzeti nəşrə başlayıb. İldə dörd dəfə nəşri nəzərdə tutulan "İlahiyyat” ictimai fikir jurnalı da yaxın gələcəkdə işıq üzü görəcək. Aİİ-nin strukturu və fəaliyyəti ilə bağlı əsasnamələr, qaydalar və məlumatlar toplusu nəşr olunub, institutun kataloqu və broşürü artıq çapdan çıxmaq üzrədir. Aİİ-nin müasir tələblərə cavab verən genişhəcmli internet-saytının hazırlanmasına başlanılıb və yaxın vaxtlarda saytın istifadəyə verilməsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər