• cümə, 29 Mart, 13:25
  • Baku Bakı 14°C

“Məqsədimin arxasınca getməyi xoşlamışam” – Keçmişdəki mən

18.07.16 13:56 3095
“Məqsədimin arxasınca getməyi xoşlamışam” – Keçmişdəki mən
Hər zaman evdə qardaşlarına nümunə olmağa çalışıb. Zəhmətin, əziyyətin, alın təri ilə çörək qazanmağın nə olduğunu bilir. Düşünür ki, tapşırılan işi mükəmməl şəkildə icra edən insanı həyat layiq olduğu yerə gətirir. Çünki insan zəhmət çəkməsə, uğur qazana bilməz.
Müsahibimiz professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, BDU-nun Jurnalistika fakültəsinin keçmiş dekanı Şamil Vəliyevdir. Ş.Vəliyevin həyat hekayəsinə nəzər salaq.

"Nümunə olmalı idim”
Həmsöhbətimiz 1960-cı ilin fevralında tarixi Loru mahalının Körpülü kəndində anadan olub. 5 uşaqlı, zəhmətkeş kəndli ailəsində böyüyüb. Deyir ki, sakit, sözəbaxan, həlim uşaq olub: "Sakit uşaq idim. Sözə baxmağı sevirdim. Hər zaman böyüklərə nümunə olmağa çalışırdım. Həmyaşıdlarımdan zəhmətkeşliyimlə, çalışqanlığımla seçilirdim. Atam-anam sıravi kəndçi olub. Övladlarını zəhmətlə sevərək böyüdüblər. Bütün həyatlarını bizə həsr ediblər. Biz iki bacı, üç qardaş olmuşuq. Qardaşlarımdan böyük olduğum üçün hər zaman üstümdə məsuliyyət var idi. Məni daha çox sıxırdılar ki, nümunə olum. Çünki böyük qardaş bütün hallarda digərlərinə nümunə olmalıdır. Məsuliyyətimi bilirdim, baxırdım ki, qohum-əqrəbanın, nənə-babanın diqqəti məndədir. Oxumağımla, gündəlik məşğuliyyətimlə yaşıdlarımdan seçilməyə çalışırdım ki, bacıma-qardaşıma örnək olum, onlar məndən daha da yüksəkdə olsunlar. Mərhum nənəm mənə xüsusi diqqət ayırardı. Çünki onun 4 qızı var idi, böyük qızının böyük oğlu mən idim. Ona görə də mənə həm də oğlu kimi baxırdı. Ona görə elə uşaqlıqda da böyük kimi, ağıllı addımlar atırdım”.

"Elə bilirdi ən böyük adam mənəm”

Müsahibimiz deyir ki, anası ali təhsilli olmasa da, övladlarının beşinin də təhsil alması üçün çalışıb: "Anam özü oxumasa da, çox arzulayırdı ki, uşaqları ali təhsilli olsunlar. Beşimizin də oxumağına anam səbəbkar oldu. Mənim elmlər doktoru, professor olduğumu biləndə yerə-göyə sığmırdı. Elə bilirdi dünyada ən böyük adam mənəm. Valideynlərimin həmişə dəstəyini görüb, onlara güvənmişəm. Atam çox zəhmətkeş kişi idi. Biz uşaq olanda orta məktəbin ədəbiyyat dərsliyində Nizami Gəncəvinin "Sirlər xəzinəsi”ndən "Kərpickəsən kişinin dastanı”nı əzbər bilirdim. Kərpickəsən qoca ilə gəncin mükaliməsi yaddaşımdan heç vaxt silinməyib. Çünki atam daşkəsən idi. Onun daş yonduğunu mən dəfələrlə görmüşəm. Çörəyimizi daşdan çıxarırdı. Atam mənim ilk müəllimim olub. Düzdür, o mənə əlifba, yazı-pozu öyrətməyib, amma mənə zəhməti öyrətdi. Kənd uşağı idim, kənd işlərində atama kömək edirdim. O özü sevə-sevə məni zəhmətə alışdırdı. Ona görə atama minnətdaram. Çünki o, zəhmət çəkməkdə usanmırdı, zəhmətindən həzz almağı bacarırdı. Məni də bu yola yönəldirdi. Mənə həmişə deyirdi ki, zəhmət çək, iş gör, nəsə et və ondan zövq al”.

"Özündənrazı təsiri bağışlayırdım”

Ş.Vəliyev deyir ki, sakit olduğu qədər də inadkar olub. Qarşısına məqsəd qoyub və birinci olmaq üçün əlindən gələni edib: "Məqsədim olubsa, arxasınca getməyi xoşlamışam. Əziyyət çəkməkdən çəkinməmişəm. İnsana cəfa verən məşğuliyyəti xoşlayırdım. Şahmat oynamağı sevirdim. Yüngül əyləncəli oyunları sevmirdim. Düşündürən, vaxt aparan işlərə meyilli idim. Uşaqlıqdan birinci olmağı, seçilməyi qarşıma məqsəd qoymuşam. Orta məktəb illərində yaxşı oxuyurdum. 7-8-ci sinifdən komsomol təşkilat katibi olmuşam. Hansısa işi görürdümsə, fərqlənməyə çalışmışam. Hətta doktorluq dissertasiyası yazanda belə heç kimin işləmədiyi mövzunu götürmüşdüm. Sovet dövründə qadağan olunan mövzuda doktorluq yazmışam. Mənim işimi nəinki yaşıdlarım, məndən böyüklər də təqdir etdi. Yavaş-yavaş atamın uşaqlıqda mənə öyrətdiklərinə əməl edərkən uğur qazandığımı görürdüm və bu, mənə özündənrazı olmaq hissi bağışlayırdı. Hətta yoldaşlarım, dostlarım dəfələrlə mənə deyirdilər ki, özündən çox razısan. Həmişə birinci olmaq istədiyimə görə elə təsir bağışlayırdım”.

"Ən böyük çətinliyim evsizlik idi”
Kənddən şəhərə gələn digər tələbələr kimi müsahibimizin də tələbəlik illərində ən böyük çətinliyi evsizlik olub. Deyir ki, tələbəlik illərində qaynar əyləncələrin içində itib batmayıb: "Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra universitetdə filologiya fakültəsinə daxil oldum. Məktəbdə olduğu kimi orada da tələbə gənclər təşkilatına rəhbərlik edirdim. O vaxtdan yazı-pozuya, ədəbi tənqidə meyilliyəm. Tələbəlik həyatım çox qaynar idi. Amma mən o qaynar həyatda gəncliyin əyləncələrinin içində itib-batmırdım. Çalışırdım dərslərimi yaxşı oxuyum və dərslərdə fərqli fikir söyləyim. Zəhmət çəkəndə adam başqalarından fərqlənir, uğurlu olur, cəmiyyətdə tanınır. Kənddən şəhərə gələn hər bir tələbə kimi ən böyük çətinliyim evsizlik olub. Kirayə qalırdım, bacılarım mənə analıq edirdi. Məndən tək istəkləri var idi – oxumaq. Yeganə işim dərs oxumaq idi. Filologiya fakültəsində oxumaq çox yüksək və uzunmüddətli mütaliə tələb edir. Bəzən günə bir roman oxuyurdum. M.F.Axundov adına dövlət kitabxanasının daimi oxucusu idim. Səhər tezdən kitabxanaya gedirdim, bir də axşam hava qaralanda çıxırdım. Kitabxanaçılarla münasibətim çox yaxşı idi. Səliqəli oxucu sayılırdım. Bu gün də onlarla münasibətimi saxlayıram. Yaddaşımı bərpa etmək üçün bu gün də ora gedirəm. Mənə çox kömək edirdilər. Küncdə olan kitabları axtarıb tapırdılar və məni çağırırdılar ki, mütləq bunu oxumalısan. Mən onların xidmətini heç vaxt unutmaram”.

İlk sevgi
Həmsöhbətimizin ilk sevgisi məktəb illərində olub və bu günə qədər də davam edir: "İlk sevgim orta məktəbdə olub. O sevgi də indiyə kimi davam edir. Uşaqlarımın anası mənim sinif yoldaşımdır. Orta məktəbdə özümüzü tanıyıb biləndən sonra bir-birimizi sevmişik. Amma məktəbi bitirib eyni vaxt Bakıya gəldik. Mən qəbul oldum, o, birinci il qəbul olmayıb kəndə qayıtdı. Tələbə olanda məktublaşmadıq. Növbəti ildə o qəbul olundu. Mütaliəyə o qədər başım qarışmışdı ki, görüşmürdük. Günün birində tam təsadüfən şəhərdə rastlaşdıq. Məni tənbeh etdi ki, sən hardasan, nəylə məşğulsan, niyə görünmürsən? Ondan ayrılanda dedi ki, belə düz deyil, heç olmasa aradabir görün. Sonra görüşdük və evləndik. Biz uşaqlıqda elə bilirdik ki, "sevirəm” sözünü bir-birimizə demişik. Bütün kənd bizim sevdiyimizi bilirdi. Amma realda o sözü heç vaxt işlətməmişik. Valideynlərimiz bunu müşahidə etdi və biz evləndik”.

"Mən belə istəyirəm, belə olsun”
Müsahibimiz sonda müasir gənclikdən də danışdı. Uzun illər gənclərlə çalışan həmsöhbətimiz deyir ki, indiki gəncliyin əylənmək, dincəlmək həvəsi başqa istiqamətədir: "Bizim dövrün gəncliyi ilə indiki gənclər xeyli fərqlənir. Çox yaxşı olar ki, bizdən daha yaxşı olsunlar. Gənclərin hər zaman səhv etmək hüququ var. Amma bu səhvlərdən nəticə çıxarmaq lazımdır. Gənc ailəsi, cəmiyyəti, dostları qarşısında məsuliyyət daşımalıdır. Fərqində olmalıdır ki, mən cəmiyyətə necə faydalı ola bilərəm. Təkcə özünün istəklərinə cavab verməli deyil. Gənclər cəmiyyətin ehtiyaclarını ödəməyə çalışmalıdır. Özünün şəxsi fərdi arzularınla yaşamaq mümkün deyil, onda adam uğursuz olur. Mütləq əvvəlcə ətrafı nəzərə almalısan. Gənclərlə çox çalışmışam. Həmişə gəncliklə dost olmağa çalışıram. Amma indiki gənclərdən narazılığım o mənada var ki, onlar məhz "mən belə istəyirəm, belə olsun” şəklində öz istəklərini hər şeydən qabağa qoyurlar. Amma ailənin, şəhərin, Vətənin ehtiyacları, istəkləri var. Onlara uyğun, onlara layiq olanda adam daha çox sevilir və uğur qazanır. Biz ağacların ən yüksək zirvəsinə qalxmaq istəyiriksə, onda gərək ulduzları hədəf seçək ki, ağacların yüksək nöqtəsinə qalxa bilək. Gənclərin də hədəfləri yüksək olmalıdır ki, nəyəsə nail ola bilsinlər. Ancaq özünü düşünərək bunu etmək mümkün deyil”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər