• cümə axşamı, 28 mart, 18:41
  • Baku Bakı 13°C

“Məqsədim Kanada universitetlərində dərs deməkdir” - Fotolar

04.07.19 09:00 13404
“Məqsədim Kanada universitetlərində dərs deməkdir” - Fotolar
Onu tanıyanlar deyirlər ki, məsləhətlərini, tövsiyələrini heç kimdən əsirgəmir. Təkcə tələbələrinə deyil, Kanadanın Ontario vilayətinə emiqrasiya edən azərbaycanlılara, orada təhsil alan tələbələrə əlindən gələn köməyi göstərir. Azərbaycanın adının tanıdılması, həqiqətlərimizin dünyaya yayılması istiqamətində gördüyü işlərin də sayı-hesabı yoxdur. 15 ildir ki, Kanadada yaşayan Yeganə Cəfərova 2014-cü ildən Torontonun Ontario vilayətinin "Pharma-Medical Science”, 2018-ci ildən isə "Canadore” kolleclərində məktəbəqədər təhsil işçilərinə ümumfənlər üzrə tədrisin metodikasından mühazirələr oxuyur.Bakıda olduğu günlərdə "Kaspi”nin redaksiyasında da qonaq olan Yeganə xanım Vətənimiz adına görüləcək yeni işlərindən, hədəflərindən də söhbət açdı.
"Geriyə yol yoxdur...”

- Kanadada "Ən yaxşı müəllim” adına layiq görülməyinizin kökündə yəqin ki, gərgin zəhmət, işinizə sonsuz həvəs dayanır.
- Ontario Kolleclər Assosiasiyası məni bu ada layiq görüb. Sevindirici haldır ki, 500 kollecdə çalışan müəllimlərin içərisindən seçilən 7 müəllimdən biri də mən oldum. "Pharma-Medical Science”kollecindən "İlin ən yaxşı müəllimi” seçildim. Torontoda kolleclər çoxdur və hər birində ən azı 100 müəllim çalışır. Təbii ki, bu, mənim üçün böyük sevincdir. Kanadaya təzə getdiyim vaxtlarda Azərbaycan dili sinfi ilə bərabər özəl uşaq bağçası yaratmışdım. Çətin tərbiyə olunan, qüsurlu uşaqlarla çox işlədim. Həmin bağça şəhər bələdiyyəsinin nəzdində yerləşirdi. 13 saat onlarla işləyirdim, gecələr də dərsə gedirdim. Çox yorulurdum. Ancaq məqsədimə çatmaq üçün çalışdım. Özüm üçün bir deviz yaratmışdım: "Geriyə yol yoxdur”. Riyaziyyat-informatika fakültəsini bitirdiyim üçün məhdudiyyətlər vardı. Bakıda da işləyə bilməmişdim, müharibə dövrünə düşmüşdü. Kurs keçdikdən sonra 10 il bağçada işlədim. Təhsilin hansısa şöbəsində olmağı qərara aldım. Hazırda əsas hədəfim yerli universitetdə dərs deməkdir. O pilləyə yüksəlməliyəm ki, Azərbaycan adına bir iş görə bilim. Yəni bir azərbaycanlı kimi mənim də səsim çıxsın. Çünki hara gediriksə orada ermənilərdir.


- Bir az geriyə qayıdaq. Uşaq bağçasındakı fəaliyyətiniz nə ilə fərqlənirdi? Çətin tərbiyə olunan uşaqlarla iş metodunuz da maraqlıdır.
- Kanadada bağça sistemi ev bağçalarından başlayır. Mən bağçanı açandan sonra bu tip uşaqlarla dil tapa bildiyimə əmin oldular. Başqa bağçaların qəbul etmədiyi qüsurlu uşaqları mənim yaratdığım bağçama gətirirdilər. Artıq təcrübəm artmışdı. Müşahidə edirdim ki, 7-8 bağçanı gəzən bir uşaq bir həftə ərzində mənim bağçamda dəyişirdi. Belə uşaqlarla işləmək xüsusi metod tələb edir. Uşaq ağlayır və ya dəcəllik edirsə, bunun arxasında hansısa bir səbəb dayanır. Biz həmişə uşağın dəcəlliyini cəzalandırır, "ağlama, sus” deyirik. Ancaq onun problemini həll etmirik. Mənsə uşağın nə üçün belə hərəkət etdiyinin səbəbini bilmək üçün həmin problemləri axtarıb tapırdım. Bəzən valideyni də onları başa düşmür. Nəticədə uşaqlar aqressiv olurlar. O, problemi həll edincə uşaq dəyişməyə başlayır. Bu, bir gün yox, uzun müddət davam edən prosesdir. Kanadada gündəlik adi məktəblər, həmçinin problemli uşaqların oxuduğu məktəblər var. Problemli uşaqların oxuduğu məktəblərin sayı o biri məktəblərin sayından çoxdur. Əgər uşaq çox aqressivdirsə bir sinifdə 4, az aqressivdirsə 6 uşaq oxuyur. 6 uşaq olanda 3 müəllim, 4 uşaq olanda isə 2 müəllim işləyir. Çətin tərbiyə olunan uşaqların məktəbi fərqli yerlərdə olur. Onları avtobus aparıb-gətirir. Azərbaycan dili dərsi keçdiyim məktəb 8-ci sinfə qədərdir. Mən başlayanda orada belə sinif yox idi, ancaq indi 15 aqressiv uşağın təhsil aldığı sinif var. Bu cür uşaqların sayı artır. Müəllimlər də gərək o cür uşaqlarla rəftar etməyi bacarsın. Onlarla işləmək çox çətindir. Sadəcə, müəllim düzgün anlayanda həmin uşaqlarla düzgün rəftar etmək olur. Uşaqlar görəndə ki, sən onları başa düşürsən, həmin aqressiv hərəkətləri daha etmirlər.

Mən öz təcrübəmi bölüşmək üçün Ontario Təhsil Şöbəsinə müraciət etdim. Məni bir kollecə dəvət etdilər. Orda bağçalar üzrə qanunun müddəaları dəyişmişdi. Bütün kolleclərə icazə vermişdilər ki, tərbiyəçi köməkçiləri diplom proqramları ilə işləsinlər. Mənim kollecdə dərs demək təcrübəm yox idi. Ona görə kollec üçün özüm sistem qurdum. İyulun 25-də həmin kollecdə dərs deməyimin 5 ili tamam olacaq. Kanada dövləti kolleclərində oxumaq üçün tələbələrə pul ayırır. Və istəyir ki, həmin pul itməsin. Yəni işləsinlər, dövlətə vergi ödəsinlər. Mənim mühazirələrimdən iki kitab hazırlayıblar. O kitabları oxuyan tələbə artıq həmin sistemi başa düşür. Birinci buraxılışda tələbələrim 100 faiz işlə təmin olundular. Tələbənin uğuru müəllimin adını da tanıdır. Bu tanıtım isə həmin kollecə marağı çoxaldır və orada daha çox oxumaq istəyən olur. Kolleclər Assosiasiyası da hansı fakültənin tələbələrinin daha çox iş tapmasına diqqət yetirir. Tələbə bir növ müəllimin fəaliyyətini nümayiş etdirir. Təhsil şöbəsindən tələbələrimin uğurla iş tapmasının səbəbi ilə maraqlanaraq "öz qısa hekayəni yaz” deyə təklif etdilər. Hekayəm qəbul olundu və mənə sertifikat və təbrik məktubu göndərdilər. Beləliklə, 2018-ci il üçün "Ən yaxşı müəllim” adına layiq görüldüm. Kollecə tələbələrin axını çoxaldı. Məni başqa kolleclərə də dəvət etdilər. İndi mən müəllimlərə də, onların köməkçilərinə də dərs keçirəm.

Gəlin, məktəbimizi yaradaq!

- Ana dili sinfinizin fəaliyyəti də diqqət çəkir. Emmiqrasiya edən azərbaycanlılar bu sinfə maraq göstərirlərmi?
- 13 ildir ki, Torontoda Azərbaycan dili sinfimiz fəaliyyət göstərir. Yay məktəbində 3 həftə gündəlik dərslərimiz olacaq. Təhsil şöbəsi adətən hər həftənin şənbə günləri dil dərslərinə yer verir. Bu dərslər həftədə bir dəfə, 2 saat yarım keçirilir. Biz bayram günləri və tətil günləri istisna olmaqla dərsi tədris edirik. Təhsil şöbəsi təklif edir ki, uşaqlar çox olarsa siniflərin sayını artıraq. Bu isə orada yaşayan azərbaycanlıların dili necə sevməsindən və uşaqlarına aşılamağından asılıdır. Biz xaricdə yaşayan heç kəsi buna məcbur edə bilmərik. Uşağın da marağı olmalıdır. Məcburiyyət olanda uşaq gəlmək istəmir. Bunun üçün uşaqda maraq yaratmaq, dili nə cür öyrənməyin lazımlığını onlara aşılamaq lazımdır. Uşaqlar dili sevməlidirlər ki, öyrənsinlər. Bəziləri «Mən Kanadada yaşayıram, Azərbaycan dili nəyimə lazımdır?» - deyə düşünür. Keçən il az qala sinfimiz bağlanırdı. O vaxt iordaniyalı xristian öz uşaqlarını sinfimizə yazdırdı ki, bağlanmasın. Sonra uşaqların sayı 32-yə çatdı.

Mən onlara "Gəlin, məktəbimizi yaradaq” deyirəm. Çünki orada azərbaycanlılar da, uşaqları da çoxdur. Uşaq sərbəst qalanda diqqətdən kənarlaşa, xoşa gəlməyən vərdişlərə meyllənə, öz milliyini itirə bilər. Bu baxımdan, Ana dili məktəbinin yaradılması və azərbaycanlı uşaqların ora cəlb edilməsi çox vacibdir. Kanadada başqa millətlərin, o cümlədən ermənilərin çoxsaylı məktəbləri var. O cümlədən çoxlu erməni uşaq bağçaları var. Bizim də maliyyəmiz olsa, belə məktəblər və uşaq bağçaları aça bilərik.

Hər bir millət bir-birini dəstəkləyir

- Mediadan, sosial şəbəkələrdən də izləyirəm: diaspor fəaliyyətində də yaxından iştirak edirsiniz. Ümumiyyətlə, Kanadada azərbaycanlıların təşkilatlanması işi hansı səviyyədədir?
- Mən Kanadaya getdiyim gündən yaratdığım siniflərlə diaspor fəaliyyətinə dəstək olmağa çalışmışam. Ölkəmiz adına keçirilən bütün işlərdə həmişə maddi və mənəvi dəstəyimi göstərmişəm. Əsas məqsədimiz Azərbaycanı tanıtmaqdır. Hazırda Diasporla iş üzrə Dövlət Komitəsi bu istiqamətdə fəaliyyətini genişləndirib. Diaspor hərəkatı güclənir. Biz də harada olmağımızdan asılı olmayaraq, bir-birimizə dəstək göstərməliyik. Xaricdə də gərək elə birləşək ki, gördüyümüz işlərin effekti olsun. Nədənsə, kimdənsə inciklik varsa unutmaq, ölkə haqqında düşünmək, məsələlərə şəxsi nöqteyi-nəzərdən yox, milli nöqteyi-nəzərdən baxmaq lazımdır. Mən xüsusən gənclərlə bu istiqamətdə iş aparmağa çalışıram. Vaterloo Universitetinin professoru İlham Axundovla da Ontario ştatında təhsil alan azərbaycanlı tələbələri bir araya gətirməklə bağlı söhbətlərimiz olub. Hər kəs öz sahəsində çalışıb Azərbaycanı tanıtmağa, həqiqətlərini yaymağa çalışmalıdır. Kim Azərbaycan adına yaxşı bir iş görərsə, mən orada varam. Mən bu işlərdən yorulmuram. Toplaşmağa yerimiz olmadığı üçün bir-birimizin evində yığışıb müzakirələr aparırıq. Kanadada 18-ə yaxın diaspor təşkilatı var. Onların ümumi bir qurumu olsa da, birlikdə iş görmək hələ ki, o qədər də alınmır. Azərbaycanın təbliğatı ilə bağlı işlərə ehtiyac var. Mən orada olan azərbaycanlılara «öz biznesinizi yaradın» deyə tövsiyə edirəm. Məsələn, Torontoda Azərbaycan şirniyyatı mağazası yoxdur. Bu əyalət azərbaycanlıların ən çox cəmləşdiyi yerdir. Həmçinin milli restoranımız yoxdur. Dəfələrlə restoran açılıb-bağlanıb. Ruslar, türklər, iranlılar, çinlilər, italyanlar və b. emiqrantlar əsasən ümumi mağazadan deyil, özlərinin işlətdikləri mağazalardan mal alırlar. Bizim isə öz mağazamız olmadığı üçün həmin mağazalara üz tuturuq. Bir dəfə mağazaların birində Azərbaycan paxlavası gördüm. Üstündə "erməni paxlavası” yazılmışdı. Administratoru çağırıb narazılığımı bildirdim: «Siz öz paxlavanızı gətirin, adını "Azərbaycan paxlavası” yazaq» dedi. Biz gərək ölkəmizi sevdiyimizi elə nümayiş etdirək ki, Kanada hökuməti də bizim arxamızda dursun. Hər bir millət bir-birini dəstəkləyir. Biz tək özümüzü dəstəkləməklə iş irəli getməyəcək. Gərək elə edək ki, başqa xalqlar da bizi dəstəkləsin.
Söhbətləşdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər