• çərşənbə axşamı, 23 aprel, 13:10
  • Baku Bakı 24°C

Məqsədi bəlli olan gənc istedad - Portret

02.12.14 10:36 1996
Məqsədi bəlli olan gənc istedad - Portret
Futbol həmişə Azərbaycanın ən populyar idman növü olub. Bu indi də belədir, gələcəkdə də belə olacaq. Beynəlxalq matçlarda mərkəzi arenanın tam dolması, bilet almaq üçün səhər açılandan yaranan növbələr sözlərimizə sübutdur. “Neftçi” və “Qarabağ” klublarının Avropa Liqasının qrupunda layiqli mübarizə aparması, ötən günlərdə 17 və 19 yaşlı milli komandamızın elit raunda vəsiqə qazanması da ölkəmizdə futbolun inkişafa doğru irəliləməsinin göstəricisidir. Əsas milli komanda bir qədər zəif çıxış etsə də, gələcəyə ümid böyükdür. Çünki böyük perspektiv vəd edən oyunçularımızın sayı yetərincədir. Bu dəfə onlardan biri – “Neftçi” Futbol Klubunun müdafiəçisi Məqsəd İsayev haqda danışacağıq.
Futbol sevgisi
1994-cü il iyunun 7-də ziyalı ailəsində anadan olan Məqsədin adını nənəsi qoyub. İdmana isə atası aparıb. Ancaq ilk olaraq oğlunun güləşlə məşğul olmasını istəyən valideyni onu bu növə yazdırsa da, məşqlər uzun sürməyib. Çünki balaca Məqsəd ən kiçik yaşlarından ürəyini məhz futbola verib. Böyük həvəsinin qarşısında geri çəkilən yaxınları, karyera pillələrini sürətlə irəliləyən oğullarının uğurlarını izləməyə başladılar. İlk məşqçisi Əli Abuzərov ona yaxşı start verə bildiyindən İsayev buralara qədər gəlib çıxa bilib.
“Neftçi”yə gəliş
Həmişə şərəfini qorumaq arzusunda olduğu “Neftçi”nin bütün yaş qruplarını pillə-pillə arxada qoyan Məqsəd 19 yaşında əsas komandanın heyətində debüt edir. Buna qədər iki il U-17, daha iki il isə əvəzedicilərin uğuru üçün çalışıb. Oynadığı bütün komandalarda özünü ən yaxşı tərəfdən göstərməsi, məşqçilərinin tapşırıqlarını düzgün yerinə yetirməsi milli komanda çalışdırıcılarının da diqqətini cəlb edib. Məqsəd əvvəlcə yaşı 15-ə qədər olan futbolçulardan ibarət (U-15) yığmamızda forma geyinib. Ardınca U-17, sonra isə U-19-un şərəfini qoruması Olimpiya yığmamız – U-21-ə də yolunu açıb. İsayev hazırda bu komandanın heyətində Azərbaycan bayrağını beynəlxalq arenada dalğalandırır. Ən yaxın hədəf əsas milli komandadır. Ki, bu gedişlə qısa zamanda bu hədəfin də öhdəsindən gəlinəcək. Yuxarıda qeyd etdiyimiz kimi, Məqsəd ötən il “Neftçi”nin formasını geyinməyə başlayıb. Baş məşqçi Böyükağa Hacıyev klubun gənclərə şans vermək siyasətini davam etdirərək İsayevi davamlı meydana çıxarıb. Ötən mövsüm Premyer Liqa matçlarında az görünsə də, qəhrəmanımız Azərbaycan Kubokunda “ağ-qaralar”ın bütün oyunlarında top qovub. İlk mövsümündəcə ölkə kubokuna sahib çıxması böyük uğurdur. Yetərincə təcrübəli və tanınmış futbolçuların arasında özünə əsas heyətdə yer tapmaq, möhkəmlənmək asan iş deyil.
Avropada debüt
Artıq Məqsəd İsayev ölkə futbolunun flaqmanı olan “Neftçi”nin əsas heyət üzvüdür. Sağ cinah müdafiəçisi mövqeyində möhkəmlənən və gücünə şübhə qoymayan oyunçu, bu yay avrokuboklarda da ilk oyununu keçirdi. Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda Sloveniyanın “Koper” klubunu qəbul edən “Neftçi”nin müdafiəsində yeni bir ad göründü. Arenanı dolduran azarkeşlərin çoxu bu gənci tanımadığından onun oyununa daha böyük maraqla baxırdılar. Debüt o qədər də yaxşı alınmadı. Məqsəd 90 dəqiqəni çalışıb böyük güc sərf etsə də, səmərəli oynaya bilmədi. Növbəti mərhələdə Gürcüstan “Çixura”sı ilə vacib səfər matçında da şans qazanan İsayev bu dəfə daha yaxşı çıxış etdi. Görünən o idi ki, məşqçilər ona şərait yaratdıqca, təcrübəsi artdıqca futbolçu daha çox xeyir verəcək. Azərbaycan Premyer Liqasının hazırda davam edən mövsümü buna sübutdur. Məqsədə böyük etimad göstərilir, ən vacib matçlarda şans verilir.
“Qoca”nın yerinə cavan
“Neftçi”nin son illərdəki böyük uğurlarında müstəsna rolu olan Mahir Şükürovun gedişindən sonra onun yerini kimin tutacağı maraqlı idi. Ona əvəz tapmaq çətin idi. Çünki təcrübəli oyunçu “ağ-qaralar”ın kapitanlığını etmiş birisi idi və komandanın ən vacib qarşılaşmalarında heyətdə yer alırdı. Beləsinin yerini qısa müddətdə doldurmaq asan deyildi. Klub rəhbərliyi əcnəbi futbolçu gətirsəydi, heç kim onları qınamayacaqdı. Ancaq “Neftçi”də gənclərə güvənmə ənənəsi sözünü dedi və Məqsəd şans qazandı. Bu o demək deyil ki, bu imkan ona elə-belə başa gəlmişdi. Əsas heyətə düşmək üçün böyük əziyyət çəkmək gərəkdir. Məqsəd İsayev bütün yaş qrupları üzrə komandalarda özünü ən yaxşı tərəfdən göstərmiş, intizamlı, peşəkar birisi kimi adından söz etdirmişdi. Ona görə də gənc futbolçu özündən 12 yaş böyük birinin yerinə iddiasını ortaya qoyanda, bu, normal qarşılandı. Çünki hamı Məqsədin öz məqsədinə çatmaq üçün var gücünü ortaya qoyacağına əmin idi. Hadisələrin axarı göstərdi ki, bu əminlik əbəs deyilmiş.
Sürətli futbolçu
Məqsəd İsayev klassik cinah müdafiəçisidir. Sağ ayağı ilə daha yaxşı oynayır. Çox yaxşı sürəti və texnikası var. Rəqib futbolçuların ani diqqətsizliyindən yararlanaraq cərimə meydançasına yaxınlaşmağı, həm yerlə, həm də havayla ötürmələr verməyi xoşlayır. Gənc olduğundan fiziki hazırlığı da yüksək səviyyədədir. Bunun hesabına bütün 90 dəqiqə ərzində verilən tapşırığı eyni faydalılıqla yerinə yetirə bilir. Əsas üstünlüyü olan sürətindən hücuma gedərkən top itiriləndə tez geri qayıtmaq üçün istifadə edir. Yeganə çatışmazlığı epizodlarda düzgün qərar verməməsidir ki, bu da təcrübə azlığından irəli gəlir. Məsələn, hələ “Koper”lə debüt matçında bir neçə dəfə şans qazansa da, asmalarını gah çox uzağa, gah da çox yaxına etdiyindən, komandası qol şansı əldə etməkdə çətinlik çəkmişdi. Amma bu problem yavaş-yavaş həllini tapmaqdadır. Futbolda bir çox digər növlərində olduğu kimi oynadıqca, daha çox yarışlarda iştirak etdikcə çətinliklər arxada qoyulur. Məqsəd də oyundan-oyuna “artırır” və təcrübəsini çoxaldır. Artıq bir neçə ildən sonra xarici futbol klublarının da ona “elçi” düşəcəyinə, sıralarında görmək istəyəcəyinə şübhə yoxdur. Hər halda, o öz qarşısına bu məqsədi qoyub.
Portreti
Məqsəd hər keçən gün adını doğruldur. Oyundan-oyuna, yarışdan-yarışa təcrübə qazanır və bundan qarşısına qoyduğu hədəflər üçün yararlanmağa çalışır. İstəyi böyük futbolçu olmaq, tanınmış xarici klublardan birinin formasını geyinməkdir. Bunun üçün yetərincə vaxtı, potensialı və enerjisi var. Matç və ondan kənarda fərqli adam olur. Oyunlar zamanı diqqətli, işinə ciddi və məsuliyyətli yanaşır. Adi həyatda isə gülərüz, həyatsevər biridir. Bizim təsəvvürümüzdəki portretində də bu iki Məqsədin qarışığını görə bilərik. Cəmi 20 yaşı var. Mübarizəyə hər an hazır vəziyyətdədir.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər