• cümə, 19 Aprel, 14:05
  • Baku Bakı 25°C

“Məqsədə doğru bir yol qurmaq daha düzgündür, nəinki onu sadəcə arzulamaq”

10.12.18 09:08 1466
“Məqsədə doğru bir yol qurmaq daha düzgündür, nəinki onu sadəcə arzulamaq”
Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Rüfət Kərimzadənin "Qurd” kinolayihəsi 8-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində keçirilmiş film platformasının "Beynəlxalq ssenarilərin inkişafına dəstək” mükafatını qazanıb.Biz də gənc rejissor və ssenaristlə görüşdük. Rüfət Kərimzadə səfər təəssüratlarını bizimlə bölüşdü:

- Malatya Beynəlxalq Film Festivalı Türkiyədə kifayət qədər tanınmış, nüfuzlu bir festivaldır. Digər illərdən fərqli olaraq, bu il Azərbaycanla bir işbirliyi etmişdilər. Biz də öz film layihələrimizlə festivalda iştirak hüququnu qazandıq. Bu festivalda "Qurd” kinolayihəsi ilə iştirak etdik. Layihənin ssenarisi piçinq prosesindən keçdi. Əsas məqsədimiz bu mərhələyə qədər gəlmək idi. Qalib olduq, mükafat almaq gözəl hissdir, amma orada keçirilən görüşlər, master-klaslar, fikir mübadilələri nəyə desən dəyərdi. Filmlərin çəkim dəstəyi alması üçün hansı fondlara müraciət etmək lazım olduğu haqqında kifayət qədər material topladıq. Yeni sistemlə tanış olduq. Malatya film festivalına düşməyin özü bir uğur idi. Festival çərçivəsində orada iştirak edən peşəkar rejissorlarla, prodüserlərlə görüşmək, onlarla fikir mübadilələri aparmaq, diskussiyalarda olmaq, prodüser və rejissorlarla söhbət etmək bizə həm dəyərli informasiya verir, həm də peşəkarlıq baxımından qazancımız çox olur. Bunun özü böyük bir şeydir.

- Orada kimlərlə söhbət etmək imkanı əldə etdiniz?
- Türkiyəli rejissorNuri BilgəCeylanın master-klassı baş tutdu. Onunla dialoqlar mənim üçün hədsiz əhəmiyyətli oldu. İranlı prodüser Mohamməd Atebbai ilə çox qısa söhbətimiz olsa da, gələcək fəaliyyətimlə bağlı müəyyən məsləhətlər aldım, fikir mübadiləsi apardıq. Gələcəkdə toxunmalı və düşünməli olduğum məsələlərlə bağlı çox dəyərli söhbətimiz oldu. Maksim Elagin ilə söhbətmiz də maraqlı alındı. Orada azərbaycanlı rejissorlar da iştirak edirdi, onlarla bir ortamda olmaq, fikir mübadilələri aparmaq həqiqətən mənim üçün böyük qazanc idi.

- Festivalda qalib olan "Qurd” ssenarisinə film çəkməyi düşünürsünüzmü?
- Bu layihənin üzərində iş davam etməkdədir. Filmin çəkilməsi üçün dəstəyi hansı fondlardan və hansı şəkildə əldə edəcəyimizlə bağlı düşünürük. Onlar gələcək ssenarinin hazırlanması və inkişaf etdirilməsi üçün iştirakçılara dəstək verirlər. TRT-nin tammetrajlı filmlərə dəstək fondu mövcuddur, onlara da müraciət etmək ehtimalı var. Əgər film layihəsinin üzərində Malatya film festivalının dəstəyi varsa, bu artıq özü bir uğurdur.
- Filmi necə, hansı üslubda çəkməyi və hazır olduqdan sonra festivallara yenidən müraciət etməyi düşünürsünüzmü?
- Adətən müəllif filmlərinin rejissorları filmin ssenarisini də, rejissorluğunu da özü edir. Müəllif filmlərinin özünəməxsus bir üslubu, ruhu olmalıdır. Gələcək filmin də özünəməxsus bir tərzi və üslubu olacaq. Festivallara qatılmaq təbii ki, planda olacaq. Məsələ tək qatıldığım festivaldan əldə ediləcək mükafat deyil, məsələ festivallarda iştirak etməkdir, bu prosesi yaşamaq və keçməkdir. Oradakı insanlarla fikir mübadilələri etmək, daha böyük arenaya çıxmaq, festivalda iştirak edən filmləri izləmək, o ab-havada olmaqdır. Festivallara getmək rejissorun yaradıcılıq fəaliyyətinə tutarlı təsir edir. Və oradan çox şey öyrənib geri dönürsən. Yenilikləri bilmək sənin növbəti iş prosesinə təsir edir və bu da rejissorun özünü inkişaf etdirməsinə səbəb olur.

- Bundan öncə hansı festivallarda iştirak etmisiniz?
- Bundan əvvəl Polşada, Xorvatiyada, Latviyada keçirilən turizm filmləri festivallarında iştirak etdim. Rejissoru olduğum "Yurdum” qısametrajlı filmi böyük marağa səbəb olmuşdu. Bu filmlə Azərbaycanda keçirilən Bakı Beynəlxalq turizm filmləri festivalında da milli mükafata layiq görüldüm.
- Siz İncəsənət Universitetində də, Türkiyədə təhsil almısınız. Bu təhsil ocaqları arasında hansı fərqlərin şahidi oldunuz?
- Təbii ki, İncəsənət Universitetinin verdiyi təhsil mənim üçün dəyərlidir və onu müqayisə edə bilmərəm. Ancaq təəssüf ki, Türkiyədə aldığım təhsil gözləntilərimlə uzlaşmadı. Təkcə təhsillə kifayətlənmək də doğru deyil. "Networking” önəmlidir. Bir neçə professor var idi ki, onlardan əldə etdiyim biliklərin qısa zaman çərçivəsində mənə böyük xeyri oldu. Ancaq sırf universitet və təhsil sistemini götürsək, gözləntilərim özünü doğrultmadı deyə bilərəm.

- Sizcə, türk kinolarının bu qədər inkişafının səbəbləri nədir?
- Türk sineması uzun bir yol keçib. Teatroçular dövrü, Gənc sinemaçılar dövrü, Yeşilçam adlanan bir dövrü də nəzərimizdən keçirsək, Muhsin Ertoğrul, Lütfi Akad, Yılmaz Güney kimi rejissorları da düşünsək və ümumiyyətlə, onların kino tarixinə qısaca göz gəzdirsək, anlarıq ki, böyük bir inkişaf prosesi keçiblər. O inkişaf prosesinin davamını da biz son illərdə görə bilirik. Festivallarda olan uğurları, kino bazarının inkişafı və dünya kino industriyası ilə azdan-çoxdan ayaqlaşmağa cəhd edə bilmə imkanlarının səbəblərindən biri də budur.Əlbəttə ki, bu gün yeni filmlər çəkilməlidir. Azərbaycanda kifayət qədər istedadlı gənclər və rejissorlar olduğuna inanıram, çoxunu şəxsən tanıyıram. Onların qısa film çəkmələri üçün doğru-düzgün dəstək olsa, bu filmlər festivallarda iştirak etsə, öz auditoriyası çərçivəsinə çıxsa, bunun özü böyük uğur ola bilər. Təsəvvür edin ki, burada qısa bir film çəkilir və o, Berlində və Kannda proqrama daxil olur və ya nominasiya üzrə qalib olur. Təbii ki, bu proses deyildiyi qədər sadə deyil, əksinə, çoxşaxəlidir. Ümumiyyətlə, festivallarda iştirak, mükafat ardınca qaçmaq və s. perspektivlərdən yanaşaraq film çəkmək doğru deyil. Kino sənətkarı yaratmaq istədiyinə fokuslanmalıdır, öz daxili səyahətinin və dünyasının məhsulunu ortalığa qoymaq və göstərmək yanğısında olmalıdır, eləcə də savadlı bir iş prosesi aparmaq və savadlı kino çəkmək məqsədi güdməlidir. Festivallar onsuz da bu yanğının və istəyin reallaşmasına şərait yaradır. Eləcə də müxtəlif ölkələrdən olan sinemaçıların bir araya gəlməsi qədər önəmli bir hadisənin baş verməsinə də səbəb olur, film festivalları. Olduğum festivallarda Azərbaycan haqda minimal məlumatı və ya heç məlumatı olmayan iştirakçılar vardı. Onları məlumatlandırmaq, ölkəmlə tanış etmək imkanı da oldu. Sənət və mədəniyyətlər paylaşımı da baş tutur.
- Bəs bu gənclərə kimlər dəstək göstərməlidir?
- Gənclərə dəstək göstərə biləcək qurumlar hələ ki Mədəniyyət Nazirliyi və "Azərbaycanfilm” kinostudiyasıdır. Söhbət kinonun bir sənət olaraq inkişafından gedir. Bunun üçün ayrıca bir fond ayrıla bilər. O fond kinonun inkişafına professional bir şəkildə fokuslanaraq dəstək ola bilər. Digər ölkələrdə kifayət qədər uyğun və sınaqdan keçirilmiş modellər var. Fikrimcə, bu mövzuda tutarlı addımlar atmaq istəyi olsa, bu işin professionalları doğru istiqaməti asanlıqla müəyyənləşdirə bilərlər.
- On ildən sonra özünüzü harada görürsünüz?
- 10 ildən sonra özümü təbii ki, yetərincə professionallaşmış bir kino rejissoru kimi görmək istərdim. İndiki dünyagörüşümdən çox daha irəlidə, indi ağlıma belə gətirmədiyim düşüncələrdə və məqsədlərdə olmaq, eləcə də Azərbaycan kinosu və Azərbaycan turizminin təbliği ilə bağlı məqsədlərimə artıq nail olmuş bir halda olmaq istərdim.

- Bəs Oskar, Kann?
- Təbii ki, onlar öz yerində. On ildən sonra özümü Oskar panelində, o məşhur mükafatı əlimdə tutan bir rejissor olaraq görürəm də, bunu xəyal da edə bilirəm bəzən. Yəni, bu istək və arzu təbii ki, var. Amma mən məsələlərə real yanaşmağı sevirəm. Oskar nominantı və Kann filmləri festivalı mükafatçısı olmaq məqsədi qoyaraq yola çıxmaqda bir anlamsızlıq görürəm. Zamanla ora doğru gedilə biləcək bir yol qurmaq daha düzgündür, nəinki sadəcə arzulamaq. Bu məqsəd və arzu varsa da, bu yol konkret bir prosesdir və konkret addımlar atılmalıdır. Təbii ki, bu, tək bir adamın işi deyil, daha yüksək miqyaslı geniş prosesdir. Bir daha vurğulayıram ki, kino hansısa festivallar və ya müsabiqələrdə iştirak, mükafatlar qazanmaq məqsədi güdərək çəkilməməlidir. Həyat rəngarəngdir və macəra ilə doludur. 5 ildən sonra həyatım elə dəyişə bilər ki, tamam başqa istiqamətə gedər və fərqli uğurlar qazana bilərəm. Fikrimcə, həyat stabil, bir istiqamətdə və tək bir plan üzərində yaşanacaq qədər darıxdırıcı olmamalıdır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər