• çərşənbə, 24 Aprel, 20:52
  • Baku Bakı 23°C

“Məqsəd xaricdə Azərbaycana qarşı mənfi rəy yaratmaqdır”

22.11.13 09:14 1509
“Məqsəd xaricdə Azərbaycana qarşı mənfi rəy yaratmaqdır”
Milli Şuranın keçmiş prezidentliyə vahid namizədi Cəmil Həsənli “işgüzar” məqsədlə ABŞ-a yollanıb. Orada fikirləri ölkəmiz üçün əhəmiyyətli olmayan şəxslərlə görüşən C.Həsənli özünü müxalifət lideri kimi təqdim edib. Seçkilərin arxada qaldığını və Milli Şurada nə sədr, nə də həmsədr olmadığını nəzərə alsaq, onun nəyə əsasən özünü lider kimi təqdim etməsi bir çoxunda qıcıq yaradır. Ümumiyyətlə, səfərin hansı məqsədlə edilməsi ölkəmizdə birmənalı qarşılanmır. Ekspertlər bu səfəri sadəcə, turist gəzintisi adlandırırlar.
Fikirlərini qəzetimizə açıqlayan prezidentliyə keçmiş namizəd Zahid Oruc söylədi ki, C.Həsənlinin bugünkü funksiyasının nədən ibarət olduğunu söyləmək çətindir. Çünki ətrafındakı insanlar ondan fiqur kimi istifadə edirlər. Ümumilikdə isə C.Həsənlinin heç bir xarizmatik liderlik keyfiyyətləri yoxdur: “Xatırlayıram ki, seçki dövründə şura üzvlərindən kimsə onu parlayan ulduz və bir neçə dili yüksək səviyyədə bilən peşəkar xadim, Harvard səviyyəli alim adlandırdı. Halbuki elə deyil. 10 illik parlament üzvlüyü dönəmində birgə bir neçə səfərlərdə olduğumuzdan əminliklə deyə bilərəm ki, onun intellektual qabiliyyətində xeyli çatışmazlıqlar var. Rus dilində 0,5 faiz, ingilis dilində isə maksimum 3 kəlmə bilir”.
Z.Orucun fikrincə, şəxsiyyətə pərəstiş o zaman ola bilər ki, əvvəlcə həmin şəxsiyyətin özü mövcud olsun. C.Həsənli isə stabil bir insan deyil: “Parlamentə üzv olduğu dövrdə bir neçə xətti özündə ifadə edən gedişlərdə bulunurdu. Bu, elə o zamandan siyasi riyakarlığın göstəricisi idi. Bir neçə dəfə mükafatlandırılsa da qeyri-prinsipial mövqe tuturdu. Belə insanın cəmiyyət, sıravi insanlar üzərində hakimiyyətini bərqərar etməsi mümkün deyil. Elə ona görə də vətəndaşlar onu dəstəkləmədi. Cəmil Həsənli yalnız “ləkələ və şübhə yarat” prinsipi ilə hərəkət edən şəxsdir”.
C.Həsənlinin Amerikaya getməsini heç bir halda siyasi səfər adlandırmayan müsahibimiz bildirdi ki, orada Ramiz Yunusla görüşüb şəkillər çəkdirmək, bunu isə Azərbaycan mediasına ötürmək səfərin xüsusi turne olduğunu göstərmir: “Görüşdüyü şəxslərin heç biri xüsusi önəmi olan simalar deyil. Yaxşı ki o, Barak Obama Administrasiyasının sonuncu dərəcəli şəxsi ilə görüşməyib. Yoxsa sonra, Obamanın, Amerikanın Milli Şuraya xüsusi bir simpatiyasının olduğunu iddia edərdilər. Cəmil Həsənli oraya bir turist kimi gedib. Onun səfərində nə Qarabağ, nə də milli problemlərlə bağlı məsələnin müzakirəsi yer almayıb. Sizə açıq deyim ki, o, təbiət etibarı ilə çox qorxaq adamdır. Düşünürəm ki, Cəmil Həsənliyə iki sual vermək lazımdır. Birincisi, bu səfərin maliyyəsi haradandır? İkincisi isə cənab prezidentin parlament xətti ilə ona verdiyi mənzildən nə vaxt çıxacaq?”
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə dedi ki, Milli Şuranın əvvəlcədən planlaşdırılmış belə səfərlərinin mahiyyətində başqa niyyət gizlənir. Seçki zamanı yaşanan məğlubiyyəti hansısa vasitələrlə ört-basdır və kompensasiya etməyə çalışsalar da, heç bir nəticənin olmayacağı dəqiqdir: “Bildiyiniz kimi, seçkidən sonra keçirdikləri mitinqləri də baş tutmadı. Bir neçə dəfə müəyyən günlərə mitinq təyin etsələr də, yekunda onu təxirə saldılar. Ümumiyyətlə, Milli Şura özü zərbə aldı. Bu zərbədən isə heç cür özlərinə gələ bilmirlər. Çünki nə iləsə kompensasiya olunan məqam deyil”.
Xarici təşkilatlara, başqa dövlətin məmurlarına şikayət etməklə seçkidəki uğursuzluğu saxtakarlıq adlandırmaq olmaz. Fikir verdikdə, C.Həsənlinin Azərbaycana qarşı hər zaman tənqidi mövqe tutan şəxslərlə görüşdüyünü dərhal sezmək mümkündür: “Şahidi olduğumuz məsələlər bir daha sübut edir ki, onların məqsədi Azərbaycana qarşı başqa ölkələrdə mənfi rəy yaratmaqdır. Öz dövlətini xaricdə aşağılayan şəxs necə prezidentliyə namizəd ola bilər? Bizim müxalifət nədənsə bu cür hərəkətlərdən çəkinmir. Məğlubiyyətlərinin, etimad qazanmamalarının səbəblərini axtarmaq, bundan çıxış yolu tapmaq əvəzinə ölkəmiz haqda başqa yerlərdə həqiqətə uyğun gəlməyən fikirlər səsləndirirlər. Guya Azərbaycanda onlara danışmaq üçün imkan verilmir. Axı belə deyil, ən azı debatlardakı çıxışınızı hər kəs görüb”.
Müsahibimiz onu da qeyd etdi ki, C.Həsənlinin Milli Şuranın sədri və ya həmsədri olması ideyasının ortaya atılması, ənənəvi müxalifətin iflasa uğradığını boynuna alması deməkdir: “Özlərini böyük partiya sayan AXCP və Müsavat liderləri prezident seçkilərində bir-birilərinə güzəştə getmədilər. Hətta Milli Şuranın sədrliyi məsələsində də dil tapa bilmədilər. Nüfuzlarını tamamilə itirdiklərini yaxşı anladıqlarına görə prezidentliyə namizəd kimi Cəmil Həsənlini qabağa verdilər. Bilirdilər ki, özlərinə tərəfdaş toplaya bilməyəcəklər. Cəmil Həsənliyə çıxış yolu kimi baxsalar da bumeranq effekti gördülər. Parlamentdə oturduğu zaman Cəmil Həsənlinin partiyadan çıxmasına göz yumanlar onun namizədliyini verməklə aciz duruma düşdüklərini göstərdilər”.
T.Kərimli vurğuladı ki, müxalifət Milli Şuranın simasında dərin böhrana düşüb. Bu səbəbdən, Azərbaycan cəmiyyəti haqlı olaraq onların arxasınca getmədi: “Milli Şura önünə əsas məqsəd kimi Azərbaycanda hakimiyyət uğrunda mübarizəni qoymuşdu. İndi isə Milli Şura daxilində hakimiyyət uğrunda mübarizə gedir, özü də ən pis vəziyyətdə. Düşdükləri gülməli vəziyyətdən, bataqlıqdan çıxmaq üçün isə ancaq Azərbaycan hökuməti ilə dialoqa can atmalıdırlar”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər