• cümə, 29 Mart, 15:48
  • Baku Bakı 14°C

Məqsəd dövlətləri siyasi təzyiq altında saxlamaqdır

26.12.13 08:08 1449
Məqsəd dövlətləri siyasi təzyiq altında saxlamaqdır
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisinə dair yekun hesabatını açıqlayıb. DTİHB-nin əvvəlki hesabatlarında olduğu kimi bu dəfə də sənəddə prezident seçkisinin beynəlxalq standartlara uyğun keçirilmədiyi vurğulanıb.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə DTİHB-in birinci dəfə qərəzli hesabat yaymadığını söyləyib. Deyib ki, DTİHB ənənəvi hesabatları ilə Azərbaycana və digər dövlətlərə qarşı qərəzli mövqe nümayiş etdirir. Onun sözlərinə görə, büronun məqsədi heç də seçkiləri müşahidə etmək və qiymətləndirmək deyil: “DTİHB-in məqsədi bəzi dövlətlər qrupunu daim siyasi təzyiq altında saxlamaqdır. Çünki onların sənəddə qeyd etdikləri ittihamların Azərbaycan seçki reallığı ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanda seçkinin bütün mərhələləri demokratik, şəffaf, qanunauyğun formada keçirilib. Hər bir namizəd öz mövqeyini açıq şəkildə həm bildirib, həm də təbliğat-təşviqat aparmaq hüququna malik olub. Yəni, Azərbaycanda yaşayan kimlərinsə, o cümlədən namizədlərdən hansınınsa qorxudulmasından, təzyiq altında saxlanılmasından söhbət gedə bilməz. Büronun seçki prosesinə də mənfi rəy verməsinin özü onların seçki məntəqələrində ya olmaması, ya da olaraq reallığa göz yummaq, xəyallarındakı formatı zorla Azərbaycana qəbul elətdirmək istəyindən xəbər verir. Seçki günü mən özüm MSK-da, YAP nümayəndəsi kimi Bakının 10 rayonunun 24 seçki məntəqəsində oldum. Seçki məntəqələrinin açılışından bağlanmasına qədər müxtəlif mərhələləri izlədim. Bəzi məntəqələrdə mənimlə bərabər DTİHB-in nümayəndələri müşahidə aparırdı. Lakin onlar nədənsə seçkinin demokratik və şəffaf getdiyi, namizədlərə, seçicilərə bərabər şərait yaradılması barədə mənzərələrə göz yumdular. Onlar öz yekun rəylərində ümumi mənzərəni deyil, radikal müxalifət mövqeyində olan, seçkilər haqqında yanlış təsəvvür yaratmaq istəyən qüvvələrin fikirlərini əsas götürdülər. Bu kimi səbəblərdən DTİHB-in hesabatı heç bir həqiqətə söykənmir, hər hansı reallığı əks etdirmir. Bu sənədin siyasi sifariş əsasında hazırlandığı açıq-aydın hiss olunur”.
Millət vəkili DTİHB-in hesabatında yer alan bəzi məqamlar üzərində xüsusilə dayanıb. Bildirib ki, sənəddə müxalifətin əsas namizədinin ciddi qanun pozuntuları ilə bağlı MSK-ya şikayətlər etməsi, guya qarşı tərəfin buna əhəmiyyət verməməsi barədə məlumatlar ağ yalandır: “Şəxsən mən seçki dövründə MSK-nın bütün iclaslarında, o cümlədən ayrı-ayrı namizədlərin müraciətlərinə baxılması prosesində də iştirak etmişəm. Əvvəla bütün müraciətlər MSK-nın təlimatına uyğun olaraq qəbul edilib, araşdırılıb, müvafiq sənədlər toplanılıb, həmin müraciətlər müzakirəyə çıxarılıb. Belə halda müraciətlərə baxılmaması barədə söylənilənlər uydurmadır. İkincisi, müraciət edənlərin özlərinin iştirakı ilə hər bir məsələyə aydınlıq gətirilib. Həqiqətən də qüsurlar, çatışmazlıqlar olduğu təqdirdə, onların dərhal aradan qaldırılması barədə müvafiq göstərişlər verilib. Bir çox hallarda isə müxalifət tərəfindən verilən şikayət ərizələrinin həqiqətə uyğun olmadığı aydınlaşdırılıb. Bu müzakirələrin gedişatını təkcə MSK üzvləri deyil, eyni zamanda beynəlxalq təşkilatların nümayəndələri də izləyiblər. Bu faktın özü də DTİHB-in hesabatının yalana, qeyri-obyektivliyə söykəndiyini bir daha sübut edir”.
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da ATƏT DTİHB-nın hesabatını qərəzli və əsassız adlandırıb. Bildirib ki, ATƏT-in bu qurumundan bundan başqa heç nə gözləmək olmaz. O, 20 ildən artıq bir müddətdə Azərbaycanda seçkilər keçirildiyini, həmin qurumun isə daim bu seçkilər barədə mənfi rəy verdiyini vurğulayıb: “Bu təşkilat Azərbaycandan dəfələrlə aşağı səviyyədə seçki keçirən ölkələr haqda müsbət rəy verib. Hətta bir qədər də irəli gedərək, həmin ölkələrdə demokratiyanın çiçək açdığını bəyan edib. Elə bu qərəzin nəticəsi olaraq, bəzi Avropa ölkələri bu təşkilatı seçkiləri izləməyə buraxmırlar. Çünki bilirlər ki, həmin təşkilatın hesabatı qərəz və yalan üzərində qurulub. Burada bir neçə detalı xatırlatmaq istəyirəm. Avropanın bir çox ölkələrində seçki təşviqatı müddəti iki aydır. Niyə ATƏT-in bu qurumu həmin ölkələrə seçki müddətinin iki ay olmasını irad tutmurlar? Azərbaycanda da seçki təşviqatı müddəti dörd il əvvəl iki ay edilib. Bu dörd il müddətində həm bələdiyyə, həm də parlament seçkiləri keçirilib. İndiyə qədər bu məsələyə niyə toxunmayıblar? Hesabatda namizədlərin qeydiyyatında problemlərin olması haqda yer alan məqamlar da əsassızdır. Azərbaycandakı seçkilərdə ən asan prosedurlardan biri də namizədlərin qeydiyyata alınmasıdır. O ki, qaldı seçicilərin qorxudulması hallarına, mənim üçün də maraqlıdır, seçicini necə qorxutmaq olar? Bunun prosedurunu göstərsinlər. Yaxud da sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyətlərin olmasından söz açılır. Heç kim deyə bilməz ki, seçki təşviqatı dövründə qapalı və ya açıq yerlərdə seçicilərlə görüş üçün narahatlıq yaradılıb. Mediada da namizədlər üçün bərabər şəraitdə pulsuz efir vaxtı ayrılıb. Burada qanun pozuntuları haradadır? Hesabatı analiz etdikdə, rəyin nə qədər ədalətsiz, qərəzli, çirkin olmasını görmək olur. Əslində, bu hesabat bəzi müxalifət nümayəndələrinin sözləri əsasında formalaşıb. Onlar özləri də bir iki əlavə etməklə hesabat şəklində açıqlayıblar. Bu qurum ölkədə heç bir müşahidə aparmayıb. Hesabat yalan və böhtandan ibarətdir”.
Millət vəkili Zahid Oruc da ATƏT-in Varşava bürosunun yekun hesabatının Azərbaycanda keçirilən seçkilərin nəticələri ilə bağlı olmadığını bəyan edib. Bildirib ki, onların əvvəlcədən tutduğu mövqe alt qatda gizlənən ciddi maraqlar, Azərbaycanı zəiflədərək idarə etmək ssenarisinə hesablanıb: “Bunu heç bir halda müşahidələrin nəticəsi kimi dəyərləndirmək olmaz. ATƏT-in Varşava Bürosu casus şəbəkəsidir. Bu büroda çalışanların bir çoxu kəşfiyyat orqanlarının nümayəndələridirlər. Sadəcə, seçki sistemləri ilə bağlı hazırlıqlı texnoloq olmaqdan çoxdan çıxıblar. Birmənalı şəkildə peşəkar diplomat və kəşfiyyat nümayəndələri olaraq, tendensiyalılıq, maraq güdmək, daha artıq qaralamaq, rəy yaratmaq, anti hakimiyyət orqanlarla işləmək, onların rəylərini qabartmaq və sair kimi üsulları çox dərindən bilirlər. Prezidentliyə namizədlərin irəli sürülməsi dövründə onlarla görüşmüş adam kimi deyə bilərəm ki, həmin şəxslərin cəmi 220 nəfərlik tərkibdə bütün ölkə üzrə seçkilərin müşahidəsi üçün resursu mövcud deyil. Ona görə də onların ilkin və yekun hesabatlarında yalnız 1200 seçki məntəqəsindəki müşahidələr əsasında formalaşan rəy öz əksini tapıb. Hərçənd ki, bunun özü də natamam və qeyri-obyektiv yanaşmadır”.
Millət vəkilinin sözlərinə görə, DTİHB müşahidəçilərinin olduqları seçki məntəqələri ümumi məntəqələrin beşdə birini əhatə edib. Bu isə bütövlükdə Azərbaycanda keçirilən seçkiləri qiymətləndirmək üçün yetərli sayıla bilməz: “Onlar bilərəkdən ki, hər hansı məntəqədə 30-60 dəqiqə epizodik şəkildə dayanıblar. Sonradan özlərinin qrant ayırdıqları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəyini əsaslı sayaraq, bunun üzərindən hesabat hazırlayıblar. Bundan başqa, Milli Şuranın namizədi Cəmil Həsənlinin də qeyd etdiyinə görə, müxalifəti təmsil edən müşahidəçilərin ümumi sayı 2500-dən artıq olmayıb. Baxmayaraq ki, bu müşahidəçilər müxalifətin radikal qanadını təmsil edirdilər, elə Cəmil Həsənli əhval-ruhiyyəsində də seçki prosesinə qatılmışdılar, onların təxminən 80 faizə yaxını seçkilərin yekun sənədinə imza atıblar. Həmin şəxslər satın alınmadan, qorxudulmadan, hər hansı təzyiq və təsirə məruz qalmadan bu addımı atıblar. Namizədlərin bərabərlik məsələsinə gəlincə, bir çoxları düşünürdü ki, Azərbaycanda zəif bənd oyununu gerçəkləşdirəcəklər və nəticədə Ermənistandakı hadisələr təkrarlanacaq. Yəni, müxalif qüvvələrin sərt tənqidinə hakimiyyət dözməyəcək, rəqiblərinə qarşı güc tətbiq edəcək, silah işlədəcək, qan töküləcək və bundan istifadə edən bəlli qüvvələr Azərbaycanı Ermənistandan da betər aşağılayacaqlar. Nəticədə ölkəmizin siyasi, iqtisadi durumuna hazır “resept”lə təsir göstərəcək, Azərbaycanı istədikləri kimi idarə edəcəklər. Bütün bunlar baş vermədiyi üçün ATƏT DTİHB-nin qərəzli hesabatları ard-arda ictimailəşdirilməkdədir. Hesab edirəm ki, bu, Azərbaycan xalqının seçiminə, onun iradəsinə hörmətsiz münasibətdir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər