“Məqsəd dövlət qulluqçusu-vətəndaş münasibətlərinin yeni müstəviyə keçirilməsidir”

“Məqsəd dövlət qulluqçusu-vətəndaş münasibətlərinin yeni müstəviyə keçirilməsidir”

Müsahibə
16 Sentyabr 2012, 09:43 1511
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. 2012-2015-ci illəri əhatə edəcək fəaliyyət planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır.
Hər iki Fəaliyyət Planının layihəsi Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən hazırlanıb.
Fəaliyyət proqramı çərçivəsində növbəti illər ərzində şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində bir sıra təbirlər keçiriləcəkdir. Bu sənədlərlə bağlı suallarımızı Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyevə ünvanladıq.

- Əliməmməd bəy, bu günlərdə ölkə prezidenti tərəfindən təsdiqlənən fəaliyyət proqramı vətəndaş cəmiyyəti institutları tərəfindən necə qiymətləndirilir?
- Təbii ki, vətəndaş cəmiyyəti institutları bu sənədin qəbul edilməsini alqışlayırlar. Bunun bir sıra əsaslı səbəbləri var. Birincisi, proqramda nəzərdə tutulan işlərin həyata keçirilməsində qeyri hökumət təşkilatlarının iştirakı xüsusi vurğulanır. İkincisi, bu proqramın hazırlanmasında vətəndaş cəmiyyəti institutları yaxından iştirak ediblər. Yeni fəaliyyət planlarının hazırlanması prosesində geniş ictimaiyyətin iştirakı təmin edilib. Veb saytlardan istifadə etməklə fəaliyyət planlarının layihələri ictimai müzakirəyə çıxarılmışdı. Bu müzakirələrdə beynəlxalq təşkilatlar da iştirak etdilər. Nəticədə sanballı bir sənəd ortaya qoyuldu. Ölkə prezidentinin fəaliyyət planlarının icrası ilə bağlı sərəncamında da xüsusi olaraq qeyd olunur ki, dövlət təşkilatlarının nəzərdə tutulan işlərin həyata keçirilməsi zamanı mütləq vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etməlidirlər.

- Bu fəaliyyət planlarının qəbul edilməsi hansı zərurətdən irəli gəldi?
- Hər iki fəaliyyət planı Azərbaycanda indiyədək korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan işlərin davamı kimi qiymətləndirilməlidir. Çünki hazırda Azərbaycan hökumətinin əsas prioritetlərindən biri ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi, şəffaflığın təmin edilməsi, yeni innovasiyaların tətbiq edilməsi ilə dövlət modelinin müasirləşdirilməsi və açıq hökumətin qurulmasıdır. Bu prioritetlərin təmin olunması üçün əlbəttə ki, müəyyən proqramların qəbul olunması, kompleks işlərin həyata keçirilməsi lazımdır. Bu fəaliyyət planları da məhz buna xidmət edir. Bir şeyi də qeyd etmək istəyirəm ki, keçən ilin dekabrında ölkə prezidenti tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması ilə bağlı Milli Fəaliyyət Planı qəbul edilmişdir. Həmin planda da göstərilmişdir ki, korrupsiyaya qarşı mübarizə üzrə yeni fəaliyyət planı qəbul edilməlidir. Bu baxımdan bu sənədlərə həm də insan hüquq və azadlıqları kontekstindən yanaşılmalıdır. Yəni bütün işlər insan naminə edilir. Həm açıq hökumətin təşkili, həm də korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ölkə vətəndaşlarının hüquqlarının təmin edilməsinə yönəlib.
Bundan başqa, Azərbaycan 2011-ci ildə Açıq Hökumət Təşəbbüsünə qoşulub və bu baxımdan belə bir fəaliyyət planının qəbul edilməsi zəruri idi. Bununla əlaqədar keçən ildən etibarən ayrıca fəaliyyət planı hazırlanırdı. Sonradan qərara alındı ki, bu fəaliyyət planı korrupsiyaya qarşı mübarizə ilə koordinasiya edilsin. Bu fəaliyyət planlarından biri digərini tamamlayır.
- Bəs bu proqramın bundan əvvəlki proqramlardan fərqi nədən ibarətdir?
- Bu proqramı əvvəlkilərdən fərqləndirən səciyyəvi xüsusiyyətlərdən biri burada görüləcək işlərlə yanaşı, nəticə indikatorlarının da göstərilməsidir. Nəzərdə tutulan tədbirlərin nə vaxt, hansı dövlət təşkilatı tərəfindən, hansı çərçivədə, hansı coğrafiyada həyata keçiriləcəyi konkret olaraq göstərilib. Digər qeyd olunası məqam ondan ibarətdir ki, fəaliyyət planlarında nəzərdə tutulan işlərin görülməsi üçün konkret maliyyə mənbələri də qeyd edilib. Bu isə gələcəkdə nəzərdə tutulan işlərin həyata keçirilməsində maliyyə probleminin olmayacağı deməkdir.
Diqqəti çəkən və mühüm məqamlardan biri də fəaliyyət planlarında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olan şikayətlərin araşdırılmasının nəzərdə tutulmasıdır. İndiyədək idarəyə daxil olan şikayətlər araşdırılması üçün müvafiq strukturlara göndərilirdi. İndi isə birbaşa idarənin katibliyinin araşdırmalar aparmaq imkanı olacaq. Məncə, bu, çox vacib məsələdir. Fəaliyyət planına əsasən, mütəmadi olaraq ölkədə korrupsiyanın vəziyyətinin öyrənilməsi ilə bağlı sosioloji sorğuların keçirilməsi nəzərdə tutulur. Bu sorğular həm ümumilikdə, həm də ayrı-ayrı sahələr üzrə keçiriləcək. Bütün bunlar bir vəzifə olaraq fəaliyyət planında nəzərdə tutulur.
- Fəaliyyət planında korrupsiyanın xüsusilə çox olduğu sahələr konkret vurğulanırmı?
- Fəaliyyət planlarında cəmiyyətdə korrupsiyanın daha çox yayıldığı sahələrlə bağlı xüsusi vurğular var. Məsələn, sənəddə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xüsusi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda səhiyyə və təhsil sahəsində də xeyli yeniliklərin tətbiqi planlaşdırılır. Xüsusilə də şəhərsalma və tikinti işləri ilə bağlı fəaliyyət planında ayrıca bir fəsil var. Bundan başqa, dövlət qulluğuna qəbul, dövlət satınalmaları ilə bağlı vacib olan məqamlar nəzərə çarpır. Yəni proqramda korrupsiyanın həm mikro, həm də makro səviyyədə qarşısının alınması nəzərdə tutulur.
- Bu planların həyata keçirilməsi nəticəsində ölkədə korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər reallıqda gözə çarpacaqmı?
- Əlbəttə ki görülən işlər vətəndaşların həyatında hiss olunacaq. Diqqət yetirirsinizsə, fəaliyyət planlarının imzalanması ilə paralel olaraq ölkə prezidenti respublikada Asan Xidmət Mərkəzlərinin yaradılması, Əhaliyə Dövlət Xidmətləri və Sosial İnnovasiyalar Agentliyinin strukturunun təsdiq olunması haqqında da sənəd imzaladı. Asan Xidmət Mərkəzlərinin yaradılması ilə vətəndaşlar yalnız bir mərkəzə gələrək məmurlarla konkret təmasda olmadan müxtəlif xidmətlərdən yararlana biləcəklər. Bu da həm proseslərin şəffaflığını artıracaq, həm də korrupsiya ehtimallarının qarşısını alacaq. Bütün bunlar vətəndaşların, hüquqi və fiziki şəxslərin rahatlığını təmin etmiş olacaq. Yəni ümumilikdə həm qeyd etdiyimiz dövlət proqramlarının qəbul olunması, həm də Asan Xidmət Mərkəzlərinin yaradılması korrupsiyanın məhdudlaşdırılmasına yönələn addımlardır. Məqsəd xidmətin vətəndaşa yaxınlaşdırılması, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin yeni müstəviyə keçirilməsidir. Bütün bunlar dövlət orqanlarının əsas məqsədlərinin vətəndaşa xidmət olduğunu bir daha təsdiqləyir. Yəni əsas məqsəd vətəndaşa xidmətin çeşidinin və keyfiyyətinin artırılması və onun rahatlığının təmin edilməsidir. Bütün bunlar ölkədə həm iqtisadi yüksəlişi stimullaşdıracaq, həm monopoliyanı aradan qaldıracaq, həm də əhalinin rifah halının yüksəldilməsinə xidmət edəcək.
- Məlum olduğu kimi, son vaxtlar korrupsiyaya qarşı mübarizə işləri çərçivəsində xeyli sayda həbs olunanlar da var. Yeni fəaliyyət planlarının icrası bu istiqamətdə hansı yeniliklərə səbəb olacaq?
- Biz həmişə vurğulayırıq ki, ölkədə korrupsiyaya qarşı mübarizəni tənzimləyici tədbirlərin, qabaqlayıcı addımların hesabına aparaq. Yəni korrupsiyaya şərait yaradan halları aradan qaldırmaq əsas prioritetdir. Amma bəzi hallarda inzibati tədbirlərsiz, sanksiyalarsız keçinmək də mümkün olmur. Əgər ölkədə korrupsiyanın səviyyəsi heç də aşağı deyilsə, bəzi məmurlar öz şəxsi maraqlarını ictimai maraqlardan üstün tuturlarsa, qeyri-qanuni sövdələşmələrə gedirlərsə, belə şəxslərin məsuliyyətə cəlb edilməsi vacibdir. Əgər bu olmasa, əhalinin dövlət orqanlarına etimadı azalmış olar. Buna görə də korrupsiya hallarına yol vermiş dövlət məmurlarının həbsi təbii qəbul olunmalıdır. Əgər cinayət varsa, heç şübhəsiz ki, onun cəzası da olmalıdır.

İlham QULİYEV