• cümə, 29 Mart, 12:44
  • Baku Bakı 14°C

Məqsəd Azərbaycanı zəiflətməkdir

16.09.16 13:51 1029
Məqsəd Azərbaycanı zəiflətməkdir
Milli Şuranın 11 sentyabrda baş tutan mitinqinə xarici qüvvələrin dəstək verməsi barədə səsləndirilən fikirlər səngimir. Bildirilir ki, həmin qüvvələr ölkə daxilində sabitliyi pozmaq istəyirlər və hakimiyyətə təzyiq edə bilmək üçün müxalif qurumlara dəstək göstərirlər. Bu sırada isə daha çox Qərbin, "gülənçi”lərin və dindən siyasi alət kimi istifadə edən dövlətlərin adı çəkilir. Bəs onların hədəfləri nədir? Azərbaycanda sabitliyi pozmaqla nə əldə etmək istəyirlər və buna nail ola bilərlərmi?

Millət vəkili Jalə Əliyeva "Kaspi”nin suallarına cavabında dedi ki, tək bir cavabı var - Azərbaycan durmadan inkişaf edir deyə müəyyən xarici dairələr qısqanclıq nümayiş etdirirlər: "Biz dünyada gedən bəzi problemlərdən, maliyyə böhranından çıxa bildik. Ölkəmiz demək olar ki, bütün problemlərdən, enişlərdən, üzü ağ çıxıb. Dünyanı ağuşuna almış narahatlıqların Azərbaycandan yan keçməsi, ölkəmizin balanslı xarici siyasət yürütməsi, iqtisadiyyatını idarə edə bilməsi kimlərəsə xoş gəlmir. Bəzi qarışıqlıqlardan uzaq durmağımız, bölgədə nüfuz sahibi olmağımız, getdikcə nüfuzumuzun bir qədər də artması, bölgənin, regionun lider dövlətinə çevrilməyimiz və qüdrətli olmağımıza qısqanclıqla yanaşırlar. Dünyada öz sözünü demiş və iradəsini diktə etməyə alışmış qüvvələrə bunlar sərf etmir və kiçik dövlətlərin söz sahibi olmasını istəmirlər”.

J.Əliyeva bildirdi ki, Azərbaycanın inkişafına və nüfuzunun artmasına mane olmaq istəyənlər bunun üçün əllərindən gələni edirlər. Ən rahat yol isə buradakı əlaltıları vasitəsilə qarışıqlıq yaratmaqdır: "Həmin adamlara maliyyə ayırmaqla ölkəmizdəki sabitliyi, hökm sürən əmin-amanlığı boğmağa çalışırlar. Həmçinin xalqın ürəyinə şübhə toxumu səpməyə cəhd edirlər. Bunu artıq hamı başa düşür. Çünki deyilənlər gizlədilməsi mümkün olmayan həqiqətlərdir. Üstəgəl, təəssüf doğuran, arzuedilməz həqiqətlərdir”.

J.Əliyeva onu da nəzərə çatdırdı ki, ölkədə vacib proseslər yaşanan zaman həmin qüvvələr bir qədər də aktivləşirlər: "Diqqət etsəniz, görərsiniz ki, bu cür proseslər hər zaman Azərbaycan siyasi əhəmiyyətli proses ərəfəsində olduğu zaman daha da genişlənir. İstər seçkilər, istərsə də referendum ərəfəsində həmişə bunu müşahidə edirik. Şübhə toxumları əkərək xalqın diqqətini yayındırmağa, narazılıq yaratmağa çalışırlar. Toplumu mənfi tərəfə yönəltmək istəyirlər. Amma təcrübə göstərir ki, xalq heç zaman öz düz yolundan dönməyib, inanıram ki, bundan sonra da dönməyəcəklər. Çox uzağa getməyək - aprel hadisələri zamanı bunu müşahidə etdik. Həmin vaxt hər kəs bir nöqtəyə vururdu. Hamı Qarabağın azad olması üçün həm döyüşə, həm də birləşməyə hazır idi. Xalq da öz liderinə inanır. Ona görə də xarici qüvvələrin daxildəki əlaltıları vasitəsilə reallaşdırmağa çalışdıqları yeni təxribat planları da fiaskoya uğrayacaq. Hətta başlamamış iflas edəcək”.

Politoloq Elxan Şahinoğlu da kənar qüvvələrin məqsədli şəkildə Azərbaycan haqda mənfi fikirlər səsləndirdiyini düşünür: "Razıyam ki, insan haqları hansısa ölkənin daxili işi deyil. Beynəlxalq təşkilatlar məhz onun üçündür ki, gərəkli anlarda ölkə hakimiyyətinə demokratiya və insan haqları siyasətini korrektə etmələri ilə bağlı tövsiyələrini versinlər, məruzəçi təyin etsinlər, hesabat hazırlasınlar və s. Buna baxmayaraq, ABŞ Konqresində Azərbaycanda insan haqları və demokratiyanın durumuyla bağlı dinləmələrin "Azərbaycan naminə” olduğuna şübhə edirəm. Əgər dinləməni təşkil edənlərin içərisindəerməni lobbisinin təsiri altında olan şəxslər çoxluq təşkil edirsə, belələrinin dinləmələri Azərbaycanda insan haqları və demokratiya naminə həyata keçirdiklərinə inanmıram. Onların əsl məqsədi Azərbaycanda insan haqları və demokratiyanın bərqərarı deyil, Azərbaycanın tamamını - iqtidarlı və müxalifətli zəif durumda saxlamaq, ölkəmizin Ermənistan üzərindəki üstünlüyünü artırmasına, Dağlıq Qarabağı nəzarətə götürməsinə mane olmaqdır. Əgər həmin konqresmenlər bu qədər ədalətlidirlərsə, niyə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq edirdilər, axı o zaman insan haqları və demokratiya ilə bağlı Vaşinqtonun Bakıya hər hansı iradı yox idi? Çünki həmin konqresmenləri Azərbaycanda insan haqları və demokratiya yox, Ermənistanın işğalçı siyasətini müdafiə etmək düşündürürdü. Bu müddətdə dəyişən bir şey yoxdur”.

Politoloqun qənaətinə görə, Azərbaycan hakimiyyətinin tənqidçiləri Ricard Kozlariç və Devid Kramer öz fikirlərini ifadə edirlər, bunu kimsə onlara qadağan edə bilməz. Ancaq digər tənqidçi rolunda çıxış edən amerikalı konqresmenlərin əksəriyyətinin Azərbaycanı tənqid etmələrində səmimiyyət azdır: "Azərbaycanda nə dəyişiklik baş verəcəksə, bu, daxildəki qüvvələrin siyasi iradəsinin hesabına mümkün olacaq. Həmin dəyişikliklər – siyasi və iqtisadi islahatların sürətləndirilməsi bizə lazımdır, amerikalı konqresmenlərə yox! Rəsmi Vaşinqtonun Azərbaycanda inqilab olmasında maraqlı olduğuna inanmıram. Ancaq amerikalı bir qrup konqresmenin Dövlət Departamenti və Ağ Ev rəsmiləri kimi düşündüyünü zənn etmirəm. Onlar "Azərbaycan üçün nə qədər pisdirsə, bizim üçün (erməni lobbisi) və Ermənistan üçün bir o qədər yaxşıdır” prinsipindən çıxış edirlər”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər