• cümə, 26 Aprel, 13:59
  • Baku Bakı 23°C

Mənzilləri bir günə qeydiyyatdan keçirmək mümkün olacaq

11.04.18 16:13 658
Mənzilləri bir günə qeydiyyatdan keçirmək mümkün olacaq
Nazirlər Kabineti "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişiklik edib. Belə ki, dəyişikliyə əsasən Qaydaya "Ərizənin sürətləndirilməklə icra edilməsi” başlıqlı yeni hissə əlavə edilib.
Ərizəçilərin təqdim etdikləri ərizə onların istəyi əsasında icra müddəti sürətləndirilməklə qəbul edilir. İcra müddəti sürətləndirilməklə qəbul edilən ərizələrin icrası daxil olmuş əvvəlki ərizələrin Qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək şərtilə həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələr müəyyən edilmiş icra müddəti sürətləndirilməklə bir, üç və yeddi iş günü müddətində icra olunur. Qeydiyyat müddəti inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar uzadıldıqda, ərizələr ümumi icra müddəti sürətləndirilməklə iki, beş və on iş günü müddətində icra edilir.
İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr bir və iki iş günü müddətində icra olunur. Qəbul edilən ərizələrdə sürətləndirilmiş icra müddəti, ərizəçilərə verilən təsdiqetmə bildirişlərində isə sürətləndirilmiş icra tarixi göstərilir. Həmin məlumatlar elektron daşıyıcılarda aparılan daşınmaz əmlakın dövlət reyestrində də qeyd olunur.
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən artırma əmsalları ilə hesablanır. Dəyişikliyin əmlak məsələlərinin həllinə necə təsir edəcəyini öyrənməyə çalışdıq.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli bu dəyişikliyi müsbət qiymətləndirdiyini bildirir: "Bu dəyişiklikdən sonra vətəndaşlar vaxt itkisi ilə qarşılaşmayacaqlar. Evlərində oturub internet vasitəsilə çıxarışlarını sifariş verib, ala biləcəklər. Yəni istənilən halda, elektron xidmətdən istifadə müsbət qiymətləndirilməlidir. Dünyanın bir çox ölkəsində bu metoddan istifadə edilir. Düşünürəm ki, edilən dəyişiklik əmlak sahəsində gedən prosesləri sürətləndirəcək”.
"Real Estate Capital” MMC şirkətinin direktoru Akif Əliyev qeyd etdi ki, qeydiyyat məsələsinin bir günə həllini tapması çox yaxşı haldır, amma gərək vətəndaşın bütün sənədləri qaydasında olsun: "Əgər dövlət qeydiyyatına qədər keçilməli olan proseduralarda problem yaranarsa, bu zaman qeydiyyatın bir günə reallaşması mümkün deyil. Ona görə də bütün sənədlərin qaydasında olması şərtdir. Həmçinin düşünürəm ki, bu addım əmlak bazarına da müsbət təsir göstərəcək. Yəni alqı-satqı proseslərində müəyyən qədər intensivlik müşahidə olunacaq. Çünki bu sahədə olan problemlərdən biri də sənədləşmə işidir. Hətta bəzən qeydiyyatda problem yarandığına görə, əmlakın qiyməti belə aşağı düşür. Bu problem öz həllini taparsa, bazarda müəyyən canlanma ola bilər”.
Günel Azadə
banner

Oxşar Xəbərlər