• çərşənbə axşamı, 23 aprel, 16:43
  • Baku Bakı 24°C

Mənzillər ucuzlaşır

19.05.15 06:38 1460
Mənzillər ucuzlaşır
Ekspertlər bu tendensiyanın ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırırlar
Ötən ilin sonlarından başlayaraq neftin qiymətində baş verən ucuzlaşma ilə əlaqədar mənzil bazarında da qiymətlərin enəcəyi bildirilirdi. Ekspertlər qiymət düşümünün gözlənilən olacağını desələr də, bu ilin əvvəlində manatın devalvasiyasından sonra mənzil bazarında müəyyən qədər qarışıq vəziyyət yarandı. Hətta evlərini manatla deyil, dollarla təklif edənlər oldu ki, bu da qiymət artımının yaranmasına gətirib çıxarırdı. Lakin son proseslər ekspertlərin ötən il verdikləri proqnozların doğrulduğunu göstərməkdədir. Belə ki artıq əmlak bazarında qiymət azalmaları müşahidə olunur.
İqtisadçı Vüqar Bayramov açıqlamasında bildirir ki, aprel ayının yekunlarına əsasən, mənzillərin qiyməti 8 faizə yaxın azalıb: “Ötən ilin payızında Bakıda mənzillərin qiymətinin azalacağı ilə bağlı açıqlama verəndə bəzi tədqiqatçılar süni və psixoloji qiymət artımlarına nail olmaq üçün yaxın zamanlarda qiymət artımlarının olacağı haqda məlumatlar yaydılar. Ötən müddətdə isə hər ay əvvəlki aya nisbətən qiymət azalmaları müşahidə edilir. Qiymət azalmaları sadəcə manat deyil, eyni zamanda dollar ifadəsində də özünü göstərməkdədir”.
İqtisadçı qiymət azalmasının payızadək davam edəcəyini deyir: “Əvvəla, əmlak bazarında tələb kəskin azaldığı üçün real satış qiymətində azalmalar müşahidə edilir. Bazarda alıcıların sayı az olduğu üçün praktik olaraq qiyməti satıcıdan daha çox ev alan diqtə edir. Məsələn, bizim monitorinqlər göstərir ki, öz mənzilini son qiymət olaraq 125 min manata təklif edən satıcı real alıcı olduğu halda hətta 110 min manata razılaşır. Bu isə təklif qiyməti ilə real satış qiyməti arasında kəskin fərqin olmasından xəbər verir. İkincisi, Rusiyaya tətbiq edilən sanksiyaların qüvvədə qalması şimal qonşumuzda yaşayan azərbaycanlıların Bakının mənzil bazarına tələbini azaldıb. Əksinə, onların bir qismi Azərbaycandakı əmlakını sataraq qiyməti daha çox ucuzlaşmış Rusiya və Ukrayna şəhərlərində mənzil almağa üstünlük verirlər. Üçüncüsü, qlobal iqtisadi çətinliklə bağlı olaraq nəinki Azərbaycanda, eləcə də bütün qonşu ölkələrdə vətəndaşlar daha çox yığıma üstünlük verirlər ki, bu da mənzillərə tələbi azaldıb. Dördüncüsü, neftin dünya bazar qiymətinin aşağı düşməsi ölkə ixracatının azalmasına və bununla da pul dövriyyəsində valyutanın payının məhdudlaşmasına səbəb olub. Nəhayət, Bakıda mənzillərin qiymətinin son illər kəskin artması, praktik olaraq, qiymətlərin tavana dirənməsinə səbəb olub. Bunlar isə o deməkdir ki, mənzil bazarında yaxın aylar üçün qiymət artımları gözlənilmir”.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı da qəzetimizə açıqlamasında bildirdi ki, son vaxtlar mənzil bazarında qiymət azalması müşahidə olunur. Onun sözlərinə görə, aparılan tədqiqatlar son bir ayda bazarda ciddi alıcı qıtlığının meydana gəldiyini göstərir: “Bu, təkcə mənzillərdə deyil, digər daşınmaz əmlak subyektlərinin alqı-satqısında da özünü göstərir. Paytaxtda çox sürətlə daşınmaz əmlak bazarına olan tələbin azalması tendensiyası müşahidə olunmaqdadır. Ötən illərdə ipoteka hesabına mənzil bazarında aktivliyi müəyyən qədər qoruyub saxlamaq olurdu. Amma son vaxtlar bu sahədə də ciddi problemlər müşahidə olunur. İpoteka proqramı ilə mənzil əlçatanlığı xeyli dərəcədə azalıb. İpotekanın coğrafiyası paytaxtdan kənar ərazilərə doğru genişlənməkdədir”.
R.Osmanlı indiki halda bazardakı vəziyyətlə bağlı hər hansı proqnozun verilməsinin doğru olmadığını bildirdi: “Qiymət azalması haqqında informasiyanı bazara ötürən kimi bu sahədə fəaliyyət göstərən agentliklər, alqı-satqı ilə məşğul olan sahibkarlar öz narahatçılıqlarını ifadə edirlər. Bildirirlər ki, bazara ötürülən hər bir informasiya indiki situasiyada alıcıların azalmasına gətirib çıxarır. Qiymət azalması deyən kimi müəyyən qədər alıcı kütləsi gözləmə mövqeyinə keçir. Ona görə indiki halda qarşıdakı aylarda bu prosesin davam edib-etməyəcəyini proqnozlaşdırmaq məntiqə uyğun deyil. Məncə, hər şey Avropa Oyunlarından sonra dövlətin daşınmaz əmlak bazarına investisiya yatırımları ilə bağlı qərarlarından asılı olacaq. Söküntülər, şəhərsalma, infrastruktur layihələrlə bağlı bazara pul axınlarının həcmi artacağı halda, qiymətlərin artacağı ehtimalı yaranacaq”.
R.Osmanlı deyir ki, təkrar mənzil bazarından fərqli olaraq ilkin bazarda ciddi qiymət azalması yoxdur: “Onun da əsas səbəbi bu sahənin daha çox inhisarda olması ilə əlaqədardır. İlk mənzil bazarında qiymətləri sahibkarlar müəyyənləşdirir. Ona görə də sahibkarların istəyindən və mövcud maliyyə vəziyyətindən asılı olaraq bu bazarda qiymətlərin dəyişməsi baş verə bilər. İndiki halda sahibkarlar hələ ki, qiymətdə azalma etmək niyyətində deyillər”.
“MBA Konsaltinq” Şirkətinin rəhbəri Nüsrət İbrahimli də qiymət azalmasının növbəti ilə qədər davam edəcəyini proqnozlaşdırır. O deyir ki, bu azalmanın müxtəlif səbəbləri var: “Səbəblər birinci bazarın qanunauyğunluğu ilə bağlıdır. Qanunauyğunluq bazarın dövrülük xüsusiyyətinə malik olması deməkdir. Müəyyən illər boyu artır, stabilləşir və ya azalır. Dövrülük xüsusiyyətinə görə, hazırda əmlak bazarında azalma dövrü yaşanır. İkinci səbəb xarici faktorlarla bağlıdır. Neft faktoru və regionda baş verən hadisələri səbəb olaraq qeyd etmək istərdim. Üçüncüsü isə daxildəki psixoloji faktorlardır. İnsanlar əllərindəki pulları xərcləməyə ehtiyat edirlər. Neftin qiyməti, gəlirlər azalır, insanlar pullarını xərcləməyə deyil, müəyyən qədər əllərində saxlamağa meylli olurlar. Daxili faktorlardan biri də Bakıda daşınmaz əmlak bazarında qiymətlərin həddindən artıq yüksək olmasıdır. Bu da insanların alıcılıq qabiliyyətini üstələyir. İnsanlar sanki bazardan küsüblər və hadisələrin nəticəsini gözləyirlər. Qiymətlər də ona görə düşməyə meyllidir”.
"Mülkiyyət" MMC-nin eksperti Araz Əbdülkərimov isə alış-verişdə ciddi azalma və qiymət düşümünün olmadığını bildirdi. O deyir ki, sadəcə olaraq əvvəlki vaxtlara baxanda bazarda alıcılar azalıb: “2015-ci il başlayandan mənzil bazarında alıcıların sayı azalmağa doğru getdi. Amma qiymətlərdə hər hansı enmə və ya dəyişiklik müşahidə olunmur. Hazırda mənzil bazarında vəziyyət stabildır. Amma bu stabillik təkcə daşınmaz əmlak bazarında deyil, bir çox sahələrdə hiss olunur. Biz yaxın vaxtlarda vəziyyətin düzələcəyini gözləyirik”.
A.Əbdülkərimov deyir ki, qarşıdakı vaxtlarda da mənzil bazarında hər hansı qiymət düşümü proqnozlaşdırmır: “Qiymətlərdə ucuzlaşma olmayacaq. Dolların qalxıb düşməsi bazara təsir etmədi və etməyəcək də. Avropa Oyunlarından sonra qiymətlərin daha da düşəcəyini deyənlər olur. Amma bu, bir fərziyyədir. Bazar isə fərziyyə deyil, iqtisadiyyat üzərində qurulur. Bazarda hər zaman müəyyən qədər alıcı kütləsi olur. Ona görə də alıcı qüvvəsinin olmadığını demək düzgün deyil. Sadəcə olaraq müəyyən zəifləmə hiss olunur”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər