“Mənzil varsa, onun alqı-satqısı da var”
Bu
günlərdə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, Azərbaycan
Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Nüsrət İbrahimov Trend-ə
açıqlamasında bildirib ki, Bakıda mənzil bazarında ən böyük aktivlik Yeni
Yasamalda, mikrorayonlarda və Əhmədlidə müşahidə olunur. Onun sözlərinə görə, yüksək tələbat bu
bölgələrdə mənzillərin daha əlçatan olması ilə əlaqədardır. Bir kvadrat metr
üçün orta qiymət 1200-1300 manat ətrafında dəyişir.
Qeyd
edək ki, bir müddət əvvəl N.İbrahimov bildirmişdi ki, 2018-ci ilin əvvəlindən
Bakıda ilkin mənzil bazarında qiymətlər 3 faiz, fevral ayında isə bir faiz
artıb. Onun sözlərinə görə, eyni zamanda ikinci mənzil bazarında azalma qeydə
alınıb. 2017-ci ilin statistikasına gəldikdə isə, ekspertin sözlərinə görə,
daşınmaz əmlak bazarında qiymətlər 3,46 faiz azalıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri,
əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir
ki, mənzil bazarında hazırkı vəziyyət stabil olaraq qiymətləndirilir: "Hələlik
qiymət dəyişməsi müşahidə olunmur. Digər göstəricilər üzrə də artım və ya
azalma yoxdur. Ümumilikdə tələb ötən ilin sonlarında olduğu kimi, aşağı olaraq
qalmaqdadır. Təklif portfelinin həcmi isə yeni tikililər hesabına
genişləndirilsə də, indi 3-4 il əvvəl olduğu qədər bazara mənzil çıxarılmır.
Tələb və təklif strukturu arasında ciddi fərq var. Bu isə bazardakı ümumi
vəziyyətə mənfi təsir göstərir. Həm təkrar bazarda, həm də yeni mənzillərdə
vəziyyət təqribən oxşardır. Adətən ipoteka kreditləri verildiyi zaman təkrar
bazarda müəyyən qədər canlanma yaranır. Amma bugünkü vəziyyət stabil olaraq
qalmaqdadır. İpoteka kreditlərinin verilməsində cüzi azalma olsa da, təkrar
bazarda ciddi dinamika yoxdur. Rayonların bölgüsü üzrə götürdükdə, Bakı
şəhərində daha çox aktiv olan ərazilər Yasamal, Xətai, Binəqədi, Nizami,
Nəsimi, Nərimanov rayonlarıdır. Həmçinin Nəsimi rayonunun mikrorayonlar
hissəsində tələb daha çoxdur. Burada mənzillərin qiyməti müxtəlifdir. Ona görə
də orta qiymət müxtəlif formada dəyişir. Məsələn, Nəsimi rayonunun elə ərazisi
var ki, orada mənzilin 1 kv. metrinin qiyməti 4-5 min manat arasında dəyişir.
Eyni rayonun elə zonası var ki, mənzilin 1 kv.metri 1200 manatdır. Mənzillərin
qiymətləri yerləşmə zonasından, layihəsindən asılı olaraq dəyişir. Məsələn,
fransız layihəli mənzillə Leninqrad layihəli mənzilin qiyməti arasında 30-35
faiz qiymət fərqi var. Qiymətlər həm də binaların mərtəbəliliyinə görə dəyişir.
9-cu mərtəbədə yerləşən mənzillə 4-cü mərtəbədə yerləşən mənzillərin qiymətləri
arasında 5-6 min manat fərq var. Mənzillərin qiyməti həm də sosial obyektlərə
yaxınlığına görə dəyişə bilir. Bütün bu faktlar ümumilikdə mənzilin qiymətinə
təsir göstərir. Yuxarıda qeyd etdiyim rayonlara alqı-satqı üzrə pay bölgüsü
daha çox düşür. Amma bütövlükdə götürsək, digər rayonlarda da vəziyyət təqribən
oxşardır. Aktiv və passiv ərazilərin də özünəməxsus xüsusiyyətləri var. Məsələn,
Xəzər rayonunda çoxmənzilli binaların sayı olduqca azdır. Bu rayonun əsas
hissəsi fərdi yaşayış evlərindən və bağ evlərindən ibarətdir. Həmçinin Sabunçu
rayonunun müəyyən hissəsi eyni formadadır. Bu göstəricilər əsasında da
qiymətlər dəyişir. Bakı şəhərində bu gün minimum qiymətlər ucqar ərazilərdə
olur. Məsələn, Əmircan, Buzovna kimi ərazilərdə mənzilin 1 kv. metrinin təqribi
qiyməti 850-900 manatdır. Ən bahalı mənzillərə gəldikdə isə, paytaxtda 1 kv.
metri 5000-7000 manat arasında bazara təklif olunan mənzillər var. Bu mənzillər
paytaxtın birinci zonasında yerləşir. Birinci zona dedikdə isə, Səbail və
Nəsimi rayonlarının mərkəzə və dənizə yaxın olan ərazilərində yerləşən
mənzillər nəzərdə tutulur”.
Əmlak üzrə ekspert Rəşad Əliyev bildirdi ki, artıq mənzillərə olan tələb dəyişib: "Bakı şəhəri üzrə
müxtəlif təklif paketləri əsasında satılan mənzillər var. Əgər mənzil varsa,
deməli, onun alqı-satqısı da var. Sadəcə olaraq söküntü zonasına düşən
mənzillərin satışında müəyyən qədər azalma olduğu müşahidə edilir. Belə
mənzillərə olan tələb də aşağı səviyyədə qiymətləndirilir. Aprel ayında sosial
mənzillərin satışına başlandı və qiymətləri açıqlandı. Eyni zamanda, şəhərin
bir çox ərazilərində pilot layihələr həyata keçirilir. Çox güman ki, gələn il
bazarda satışın strukturunda və qiymətlərə təsir edən amillərdə yeni trendlər
müşahidə ediləcək. Məsələn, keçən ilin sonlarından pilot layihələrin başlanması
ilə köhnə tikililərə olan tələbat kəskin olaraq azalıb. Bu mənzillərin
qiymətində nəinki artım, hətta azalma müşahidə olunur. 5-10 il bundan əvvəl
tikilən mənzillərə isə tələb nisbətən artıb. Analoji olaraq keçən ilin
sonlarından başlayaraq bu mənzillərin qiymətində artım var. Alıcıların zövqündə
olan dəyişikliklər bazardakı qiymətlərə də təsir edir. Məsələn, əvvəlki
dövrlərlə müqayisədə vətəndaşlar daha çox keyfiyyətli binalara və mənzillərə
üstünlük verirlər. Rayonlar üzrə tələbə gəldikdə isə, vəziyyət əvvəlki kimi
olaraq qalmaqdadır. Demək olmaz ki, hansısa ərazidə olan mənzillərə tələb
artıb. Qiymətlərə gəlincə isə, maksimum qiymətlər şəhərin mərkəzində yerləşən
lüks mənzillərdədir. Belə mənzillərin bir kv.metrinin qiyməti 7-8 min manata
yaxındır. Amma bu cür mənzillərin sayı çox azdır. Belə mənzillər şəhərin
mərkəzində yerləşir və mənzərəsi birbaşa dənizə açılır. Minimum qiymətlərə
gəlincə, bu, mənzillərin sinfindən asılıdır. Məsələn, ekonom, komfort və lüks
siniflərə aid olan mənzillər var. Qiymətlər bu siniflərə uyğun olaraq dəyişir”.
Şəbnəm