AZE | RUS | ENG |

Mənzil uzaq, yol uzun

Mənzil uzaq, yol uzun
Onun ilk şeiri mətbuatda dərc olunanda cəmi 14 yaşı var idi. "Mənim doğma çayım-mənim Kür çayım” adlanan bu şeirdə bir yeniyetmənin Vətən sevgisi, duyğuları elə zərif və səmimi ifadə olunub ki... Orta məktəbdə oxuduğu illərdə sinif yoldaşlarından məhz istedadı ilə fərqlənərdi. Bayram günlərində, eləcə də digər tədbirlərdə həmişə öz şeirlərini söyləyərdi. Orta məktəbi doğma Qazaxda bitirdikdən sonra indiki Bakı Dövlət Universitetində təhsil aldı.  Ədəbi-ictimai mühitdə tanınanda, istedadlı bir şair kimi diqqəti cəlb edəndə Davud Nəsibin  artıq 18 yaşı var idi. Onunla bir neçə il eyni ünvanda - "Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsində ayrı-ayrı redaksiyalarda çalışdıq. O, "Ədəbiyyat və incəsənət”, mən də "Azərbaycan müəllimi” qəzetlərində. İstər-istəməz hər gün rastlaşır, salamlaşır, bir-birimizin ovqatı ilə maraqlanardıq. Mənim həmin qəzetdə ilk şeirlərimi də məhz bu xeyirxah insan bəyənib dərc etmişdi.

        O, ailənin sonbeşiyi, daha doğrusu, yeddinci övladı idi. Anası İnsan xanım savadlı, duyğulu həssas bir qadın olub.  Davud atası Məcidin heç üzünü də görməyib. Ana bətnində ikən atası II Dünya müharibəsinə yollanıb, sonrada "qara kağız”ı gəlib. Beləliklə də ailənin bütün qayğıları İnsan xanımın zərif çiyinlərinə düşüb. Həyatın ağır sınaqlarından şərəflə, namusla qalib çıxan bu mərd və dəyanətli qadın ömrün dolaylarında tək qanadla 7 balasının hamısını oxudub, ev-eşik, ocaq sahibi edə bilib.

        Davud Nəsibin yaradıcılığı çox şaxəlidir. Təbii ki, birinci növbədə o, şairdir, amma tərcüməçi kimi də mükəmməl fəaliyyət göstərib. Ömrünün son illərində isə bir-birinin ardınca oxuculara təqdim etdiyi tarixi romanları onun necə kamil ədib , nasir olduğunu da təsdiqlədi. Bütün bunlar onun yaradıcılıq uğurları və ədəbi fəalliyyətinin adlarıdır. Davud Nəsib həm də ən çətin bir işin öhdəsindən  öz daxili zənginliyi və qabiliyyəti ilə qalib çixmışdı: O, əsil insan və vətəndaş idi. Bizim dəyərli alimimiz Nizami Cəfərovun  qələm dostu haqqındakı bir fikiri mənim də ürəyimdən vəbər verdi. Davudun təvazökarlığını, səmimiyyətini, iddiasızlığını, necə qürurlu olduğunu, vətənpərvərliyini  şərh edən bu sözləri şarin mənəvi portretini tamamlayır: "...nə ilk tanışlıq-dostluq illərində, nə də sonralar Davud Nəsibdə hər hansı bir əda-iddia görmədim. Əvvəl necə idisə, elə də qaldı...Çünki o, şair idi, anadan şair doğulmuşdu.”

 Onun şeirlərindəki düşündürmə qüdrəti həyatın bütün təzadlarını açıqlayır və oxucusunu kamilliyə çağırır:

                        `       El gözü qaranı ağdan seçəndi,
                               Bürün şadlığına, bələn yasına.
                               Bu yellər, bu sellər ötüb keçəndi,
                               Sən dayan, oynama yel havasına.

        Davud Nəsibi çox halda təbiət şairi adlandırırlar. Bu da səbəbsiz deyidir, onun şeirlərində təbiətin bütün gözəllikləri vəsf olunub. Qazağın Qarayazı meşəsindən başlamış Damcılının göz yaşları, başı qarlı dağların əzəməti, Kürün, Xəzərin ləpələri, Bakının füsunkarlığı  ilhamla, sevgiylə təsvir olunub. Əslində isə təbiət şeiri kimi dəyərləndirdiyimiz bu poeziya nümunələrinin mayasında Vətən eşqi, bütöv Azərbaycan həsrəti yuva salıb:     
 
                               Vətən məhəbbətli, Vətən ünvanlı,
                               Bir ürək döyünür köksümün altda.
                               İnanma yanılam, yolumu azam,
                                            Lazımsa Günəşəm, mən doğan Ayam,     
                               Məni kökləsələr elə bir sazam,
                               Bir Vətən eşqiylə çalınasıyam.

        Davud Nəsibin 40 illik yaradıcılığının 30 ili sovet dövrünə təsadüf edib. Bu gün onun külliyatını nəzərdən keçirəndə redaktəyə gələn, sovetləri vəsf edən bir sözə belə rast gəlməzsən, əksinə cəsarətinə heyran qalarsan:

                               Bir ucu Xəzərdir, bir ucu Xram
                               Təbrizsiz kim gülər, sevinər haram,
                               Cərrah istəyirəm, kəsilsin yaram,
                               Kədəri dənizdir Azərbaycanın.

         Araşdırmalar təsdiqləyir ki, şairlər adətən vətənlə, torpaqla bərabər,  ana mövzusuna da müntəzəm müraciət ediblər. Doğrudur ata haqqında da yazanlar çox olub, amma Cəfər Cabbarlıdan üzü bəri ana haqqında yazılan əsərlər üstünlük təşkil edib. Bu da təbiidir, peyğəmbərimiz də xatırladıb "Cənnət anaların ayağı altındadır”. Elə Vətənimizi də ana vətən kimi əzizləməyimiz bu məhəbbətin ifadəsidir. Maraqlıdır ki, Davud Nəsib yaradıcılığında Ata mövzusu xüsusi yer tutub. Atasının üzünü görmədən itirməsinə baxmayaraq, Davud Nəsibin nəinki yaddaşında, xəyalında, eləcə də yaradıcılığında əbədi yaşayan nüfuzlu, mötəbər bir insan - Məcid kişi var.  "Ata yadigarı” adlı şerindəki səmimi bir etirafı şairin daxili əminliyindən, təskiliyindən, ataya olan sevgisindən və əbədi bağlılığından xəbər verir: "Boyun qardaşımda, sifətin məndə, belə, çoxları salamat geri dönəndə, ata, sən qayıdıb bizə dönmüsən.” Təsəllinin inama çevrilməsi budur: "ürəyin qəlbimizdə, gözlərin gözümüzdədi.” "Sən tək idin, ata, bu günsə bizimlə yeddiləşmisən”. Bu məhəbbət o qədər dərin və əbədidir ki, hətta atadan yadigar qalan əşyalar da müqəddəs varlıq kimi əzizlənib, qorunub. Evlərində bir meşin palto olub. Atadan qalma bu paltonu övladlarından heç biri əyninə almayıb. Şair bunun səbəbini görün necə mənalandırıb: "Çöldə səhv edəndə evə gəlirik. Evdə nəzərimiz çaşır, karıxır, palto bizə baxır. Elə bilirik, paltonun içindən atamız baxır.” Əslində, bu məsuliyyətin, bu tərbiyənin mayasında ana öyüdünün yeri əvəzsizdir. Əlbəttə, bu nə sadəlövhlük, nə pafos, nə də romantikadı. Bu, əsil övlad sədaqəti və diqqətidir, desəm yanılmaram. Valideynlərini çöllərə salan, Qocalar evınə atanlar var. Bu örnək olan münasibət isə əsil övlad sədaqəti və yanaşmasıdır:

                               Bu palto arxadır
                               Atamız təki,
                               Həyat yollarını bizlə aşıbdır;
                               Üç qardaş paltonu geyinmirik ki,
                               Palto bizim üçün atalaşıbdır.

        Davud Nəsibin qəribə ifadələri var ki, mütləq səni düşüncələr aləminə çəkər. Məsələn, " Qəlbimdə düzlərin, dağların ətri” var; " Torpaq sinəsində gəzənlərin yox,onu ürəyində gəzdirənindir” (Yadıma özü işğalda,xəyalı qəlbimizdə olan yurd yerlərimiz düşdü- F.X.)”; " Payız ağacların qulaqlarında qızıl sırğa kimi asar payızı”;" O qədər arxaca o danışdı ki, axırda hamıdan arxada qaldı”; " Yaltağa yer göstər, yuxarı çıxart, fərqi yox, əyilən əyilməlidir” və s.

Davud Nəsib həm də istedadlı nasir idi. Onun Alban hökmdarı Cavanşirlə bağlı qələmə aldığı  "Cavanşir” (Bakı-2000) və "Cavanşirsiz məmləkət” ( Bakı-2002) adlı romanları ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılandı. Yadımdadır ki, birinci roman haqqında mənim də mətbuatda məqaləm dərc olunmuşdu. Ermənilərin torpaq iddiaları, başımıza gələn faciələr müəllifi bu əsəri yazmağa, tarixi keçmişimizə güzgü tutmağa vadar etmişdi. Tarixçilər də dönə-dönə təsdiq etdilər ki, bu roman bədii əsər olsa da Cavanşir obrazı ilə tarıxi sənədlərdəki Cavanşir bir-birini tamamlayır. Rəhmətlik akademik Budaq Budaqov yazırdı : " 705-ci ildə... ölkə ərəb xislətinə Alban kilsəsi isə erməni kilsəsinə tabe edilmişdi. Alban xalqının faciəsi də o vaxtdan başlamışdı. Alban xalqı parçalandı... Şair-yazıçı Davud Nəsibin əqidə və inamı bu torpaq və onun bölünməzliyi ilə bağlı olduğu üçün, bir vətənpərvər kimi ərsəyə gətirdiyi bu iki tarixi romanda Vətənin keşiyində durur... Davud Nəsibin bir uğuru da ondadır ki, tarixi həqiqətləri o, canlı, həyati lövhələr və maraqlı obrazlarla bədii şəkildə oxuculara çatdırmaqla yanaşı, həm də bütün bu tarixi prosesləri sadə və aydın roman dilində ümumiləşdirib”.

İkinci əsərin -"Cavanşirsiz məmləkət”in sonunda müəllifin "Son söz əvəzi”ndəki xitabı çox təsirli və düşündürücüdür. Sanki gələcək tarixçilərə, tədqiqatçılara bir çağırış, bir xəbərdarlığıdır. Məndən sonra siz nə etməlisiniz: "Hələ bu son söz deyil, mənim az-çox yazdıqlarıma. Mənzil uzaq, yol uzun... İtirdiklərimizi daşlı-kəsəkli, dağlı-dərəli bu yolda lazım gəlsə belə, dişimizlə, dırnağımızla, sürünə-sürünə axtarıb tapmalıyıq. Bu günə qədər buraxdığımız səhvləri bu gündən səbirlə ifçin-ifçin düzəldib yerinə qoymalıyıq. "Axtaran-tapar”, "Yolçu yolda gərək” deyib atalar. Bu sözlər yalnız və yalnız bu yurdu, bu xalqı canından artıq sevənlərə aiddir.”

Heyif ki, avtomobil qəzası zamanı həyatını itirən Davud Nəsib cəmi 60 il yaşadı. Amma elə əsərlərə imza  atdı ki, həmişə onu xatırladacaq. Yarımçıq qalmış arzularına, əsərlərinə ürəkdən yansaq da əlimizdən nə gəlir... Bircə onu arzulardım ki, belə istedadlı şəxsiyyətləri həmişə gələcək nəslə yaxşı tanıtmaq üçün təbliğatımızı mükəmməl quraq. Ailə-məişət mövzusunda zəif ekran əsərləri, filmlər çəkməkdənsə, Cavanşirlər barəsində nəsə yaradaq. Elə yazını da Davud Nəsibin misraları ilə tamamlayıram:

                        Günümə, ayıma ilimə nə var,
                        O mənə bac verib, məndən bac alıb,
                        Ölümdən qorxmuram, ölümə nə var,
                                 Hələ görülməmiş işlərim qalıb.

Kitablarının birinin sonluğundakı  fikri ilə ruhuna dualar oxuyuram: " Nə yerdəyəm, nə göydə, yazılarımı oxuyun, bəyənsəniz qəlbinizdəyəm.” Çox uzaqgörənliklə düşünülmüş arzudu, ya bəlkə də vəsiyyətdi. İllər də təsdiqlədi ki, Davud Nəsibin əsil ünvanı məhz ürəklərdədi.
 
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
      
                                                                                                              
 
                               
                               
 
 
 
 
 
 
 
 
 
 



 
                               
        
 
                             


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045