• cümə, 29 Mart, 00:56
  • Baku Bakı 7°C

Mənzil-kommunal sektoru özəlləşdirilməlidir

07.12.16 14:59 1350
Mənzil-kommunal sektoru özəlləşdirilməlidir
Milli Məclisdəki büdcə müzakirələrində mənzil-kommunal sektorunun özəlləşdirilməsi təklifi diqqət mərkəzində olub. Təklifi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev irəli sürüb: "Mən başa düşmürəm niyə indiyə qədər bu sektoru özəlləşdirməmişik?” Millət vəkili "Azərenerji”, "Azəriqaz” və "Azəristiliktəchizat”ın özəlləşdirilməsinin vacibliyini vurğulayıb.
Müzakirələrdə maliyyə naziri Samir Şərifov da mənzil-kommunal sektorunun özəlləşdirilməsinin mümkünlüyünü vurğulayıb: "Hazırda özəlləşmə proqramı hazırlanmır. Geniş özəlləşməyə hazırlıq görülür. Ziddiyətli məqamlar da var. Ona görə də bu məsələyə hökümət tərəfindən baxılır”.
Bəs mənzil-kommunal sektorunun özəlləşdirilməsi cəmiyyətə nə verə bilər? Bunun müsbət cəhətləri nədir?
Milli Məclisin deputatı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili qəzetimizə açıqlamasında bildirdi ki, özəlləşmə proqramında xidmət səviyyəsinin artırılması vacib məqsədlərdəndir. Millət vəkilinin sözlərinə görə, bu sahədə dövlət-özəl sektorun əməkdaşlığı daha səmərəli olar: "Özəlləşmənin əsas məqsədlərindən biri sosial ədalət və iqtisadi səmərənin təmin olunmasıdır. Mənzil-kommunal sektoru əhalinin bütün qruplarını əhatə edir. Bu səbəbdən sektorun inkişafı və xidmətlərin səviyyəsinin artırılması vacib şərtlərdəndir. Amma eyni zamanda, əhaliyə sosial dövlət qayğısının da göstərilməsi vacibdir və bu vaciblik dövlətin bu sektoru tənzimləməsini şərtləndirir. Düşünürəm ki, bu sektorda qarışıq idarəetmə, yəni dövlət-özəl sektor əməkdaşlığı daha səmərəli ola bilər”.

"İslahatlar mütləq lazımdır”

İqtisadçı-ekspert Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, ölkəmizdə mənzil-kommunal sektorunun özəlləşdirilməsinə böyük ehtiyac var: "Dünyanın əksər ölkələrində mənzil-kommunal xidmətləri özəl şirkətlər tərəfindən həyata keçirilir. Təcrübə göstərir ki, bu sahəyə dövlət tərəfindən ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi xərclənir. Xüsusən istilik sistemində yaranan problemlər ondan xəbər verir ki, dövlət tərəfindən vəsait ayrılır, amma reallıqda vətəndaşlar keyfiyyətli xidmətlərdən istifadə edə bilmirlər. Bu sektorun özəlləşdirilməsi çox vacibdir və indiki dövrdə daha aktualdır. Artıq özünümaliyyələşdirmə, özünüidarəetmə və özünüinkişaf prosesinə keçilməlidir. Bu sahədə islahatlar mütləq lazımdır”.
Ekspertin sözlərinə görə, mənzil-kommunal sektorunun özəlləşdirilməsi cəmiyyət üçün müsbət nəticələr verə bilər: "İlk növbədə, dövlət büdcəsinə qənaət deməkdir. Hazırki dövrdə büdcə vəsaitlərinə qənaət edilməsi çox vacibdir. Nəzərə alsaq ki, 2014-cü ildən başlayaraq qənaət rejimi tətbiq olunub, deməli, özəlləşmə də vəsaitlərin qənaət edilməsinə şərait yaradacaq. İkincisi, birmənalı şəkildə kommunal xidmətlərin keyfiyyətini artıracaq və əsaslı şəkildə fərq hiss ediləcək. Üçüncüsü və ən əsası isə, özəlləşmə kommunal xidmət işçiləri ilə müştərilər arasında sivil münasibətlərin formalaşmasına imkan yaradacaq. Yaranan rəqabət cəmiyyətin xeyrinə olacaq və özünümaliyyələşdirmə sisteminə keçid təmin ediləcək. Eləcə də, rəqabətin yaradılması qiymətlərin artmamasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə imkan verəcək. Optimal qiymətlər və tariflərlə daha keyfiyyətli xidmətlər təklif etmək mümkün olacaq”.

"Gecikmişik...”

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov isə düşünür ki, bu xidmətlər indi yox, çoxdan özəlləşdirilməli idi. "Kaspi”yə açıqlama verən həmsöhbətimiz vurğuladı ki, mənzil-kommunal sektorunun hazırki qaydada saxlanılması büdcə üçün sərfəli deyil: "Sözügedən sahələrin özəlləşdirilməsində gecikmişik. Bu xidmətləri Avropa ölkələrində özəl təşkilatlar həyata keçirir. Yeni qanun həyata keçirilən zaman dövlətin məsrəflərinin bir qismi azalacaq, digər tərəfdən də bu xidmətlərin keyfiyyətində əsaslı dəyişiklik olacaq. Hesab edirəm ki, bu xidmət çoxdan özəlləşdirilməli idi. Nə qədər ki gec deyil, bu siyasəti həyata keçirmək lazımdır. Baxın, bu gün mənzil-kommunal təsərrüfatı hansı xidmətləri göstərir, onun fəaliyyətindən kim razıdır? Kimin evinə gedib təmir edir, kimin binasında problemi həll edir? Etdiyi işlər o qədər əhəmiyyətsiz olur ki, heç insanların gözünə də dəymir. Amma özəl olanda, burada məsələlərə yanaşma və tələb də fərqli olacaq. Özəl təşkilatdan tələb də çox olacaq. Özəlləşdirmə aparılsa, ilk növbədə keyfiyyətdə dəyişiklik hiss edəcəyik. Xidmətin keyfiyyəti yüksələcək. Sözügedən sahələrin özəl əllərdə olması nəticəsində həmin sahəyə baxanlar elə xidmət etməyə çalışacaqlar ki, əhalidən alınan haqqın cavabını verə bilsinlər. İkincisi də, elə sahələr var ki, dağılır, pis vəziyyətdədir, o sahələrə maddi yatırımlar qoymaqla vəziyyət düzələcək. Məsələn, lift təsərrüfatı başlı-başına qalıb, icra orqanları bununla məşğul olmurlar. Axırda ölkə rəhbəri məcbur olub Prezident Fondundan liftlərin təmirinə pul ayırdı. Amma özəlləşdirmə olsa, bu problemlər də olmayacaq”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər