AZE | RUS | ENG |

Mənzil idarəçiliyində yeni mərhələnin başlanğıcı

Mənzil idarəçiliyində yeni mərhələnin başlanğıcı
Ekspertlər deyirlər ki, yeni qaydalar sakinlərin hüquqlarını xeyli dərəcədə artırmış olacaq

Azərbaycanda, o cümlədən Bakıda tikintisi başa çatmış və artıq məskunlaşmış bütün yeni tikililərin MTK-lardan alınaraq idarəedici şirkətlərə və sakinlərə təhvil verilməsinə başlanır. Belə ki, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri təsdiqləyib. Məcəlləyə əsas dəyişikliklər mənzil qanunvericiliyinin pozulması ilə əlaqədardır. Belə ki, yeni tikililərin tikintisi başa çatdıqdan və həmin binadakı mənzillərin ümumi sayının əlli faizindən çoxu sakinlərin mülkiyyətinə keçdikdən sonra bir ay müddətində MTK ləğv edilməli və bina sakinlərinin yaratdığı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə təhvil verilməlidir. İnzibati Məcəlləyə edilən dəyişikliklər də bununla bağlıdır ki, bu proses üçün zəruri tədbirlər görməyən vəzifəli şəxslər iki min manat, hüquqi şəxslər beş min manat cərimə ediləcək. Qeyd edək ki, qanunvericiliyə əsasən, binanı idarə etmək üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) yaradıldıqdan sonra bu təşkilatın qərarı ilə bina idarəedici şirkətə verilməlidir. Sakinlər özləri bu məsələni həll etməsələr, bu işlə binanın yerləşdiyi bələdiyyə məşğul olacaq. Bu dəyişikliyin mənzillərin idarə edilməsi prosesinə necə təsir edəcəyini öyrənməyə çalışdıq.
 
 
  
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, bu məsələ mənzil idarəçiliyində yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər: "Çünki uzun müddətdir ki, mənzil-tikinti kooperativlərindən mənzil almış sakinlərin, əksər hallarda hüquqlarını pozulurdu. Xüsusilə də mənzil idarəçiliyi məsələlərində buna daha çox rast gəlinirdi. Ümumi qaydalara görə isə kooperativlər binanı sakinlərin istifadəsinə verdikdən sonra bir ay müddətinə ordan çıxmalıdırlar. Yəni idarəetməni sakinlərə verməlidirlər.  Amma əksər hallarda MTK-lar idarəçiliyi sakinlərə vermək istəmirlər. Yeni qaydalar isə təbii ki, sakinlərin hüquqlarını xeyli dərəcədə artırmış olur. Burada artıq bələdiyyələrin də yeni hüquqları yaranır. Çünki ola bilər ki, sakinlər idarəetmə məsələsini öz üzərilərinə götürmək istəməsinlər, yaxud qəbul etmək istəməsinlər. Bu halda yerli bələdiyyə belə bir səlahiyyətə malikdir ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) və ya başqa bir qurumu satınalma yolu ilə bu prosesə cəlb etsin. Burada artıq bir növ bələdiyyələr həm əlavə səlahiyyət əldə etmiş, eyni zamanda yerli idarəetmə orqanı kimi ərazilər üzrə çoxmənzilli binaların və ayrı-ayrı mənzillərin idarə edilməsinə cəlb edilmiş olurlar. Bir daha qeyd edirəm ki, yeni qaydalar MTK-lardan  mənzil almış sakinlərin hüquqlarını xeyli dərəcədə artıracaq”.
 
 
 
İqtisadçı Rəşad Həsənov qeyd etdi ki, istismar verilən mənzillərin idarə edilməsinin MTK-lardan alınması uzun müddət idi ki, mümkün olmurdu: "Ümumiyyətlə, ölkəmizdə mənzillərin idarə edilməsi ilə bağlı çox ciddi hüquqi boşluqlar var. Eyni zamanda bu sahədə xaos müşahidə edilir. Çünki Mənzil İstismar Sahələrinin fəaliyyətləri ləğv edilsə də, dövlətə məxsus binalarda və köhnə tikililərdə hələ də bu qurumlar mənzillərin idarə edilməsi, kommunal xidmətlərə nəzarət və s. kimi işləri görür. Yeni tikilmiş binalarda isə əksər hallarda mənzillərin idarə edilməsi hələ ki, MTK-ların üzərindədir. Daha doğrusu, MTK-lar bu hüququ əldə saxlamaq üçün çox ciddi mübarizə aparırlar, hətta, qanunsuzluqlara belə yol verirlər. Çünki bizdə olan faktlara görə, bir sıra hallarda Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinin işlərinə müxtəlif yollarla maneələr yaratmaqla, onların fəaliyyətini neytrallaşdırır və genişlənməsinin qarşısını alırlar. Deyərdim ki,  bu sahədə çox ciddi çatışmazlıqlar var. Demək olar ki, istehlakçı hüquqları tamam pozulur. Xidmət qiymətlərinin müəyyənləşdirilməsində mənzil mülkiyyətçilərinin heç bir iştirak hüququ olmur, onlara heç cür hesabat verilmir. Həmçinin çox böyük həcmdə vəsait yeyintiləri müşahidə edilib. Yəni MTK-lar üçün göstərdikləri xidmət əlavə gəlir mənbəyinə çevrilib. İstismara verilən mənzillərin idarə etməsinin MTK-lardan alınması uzun müddət  mümkün olmayıb. Baxmayaraq ki, sakinlər buna cəhd edirlər, amma istədikləri nəticəni ala bilmirlər. Çünki bu sahədə bəzi boşluqlar var. Belə ki, MMMC-nin yaradılması ilə bağlı qanunvericilikdə müxtəlif tələblər olmasına baxmayaraq, onun fəaliyyətinin təşkili və müdafiəsi ilə bağlı zəif halqalar mövcuddur”. 
 
 

Ekspert MTK-ların bu zəiflikdən istifadə edərək qeyri-qanuni yolla MMMC-lərin fəaliyyətini məhdudlaşdırdıqlarını deyir: "Məsələn, çoxmənzilli binaların hər hansı biri üçün MMMC-lər yaradılırdı və MTK-lar həmin binanı kommunal xidmətlər blokadasına alırdılar, binanın bu xidmətlərdən istifadəsi tamam məhdudlaşdırılırdı. Nəticə etibarilə sakinlər MTK-lara təslim olurdu. Amma son dövrlər bu sahədə qanunlar müəyyən qədər sərtləşib. Yeni qaydalara əsasən, yeni binalarda 50% sakin mülkiyyət hüququnu əldə etdikdən bir ay sonrakı  müddətdə MTK-lar buradan çəkilməlidir və MMMC-lər yaradılmalıdır. Bu proses başa çatmadığı halda, o zaman yerli aidiyyəti qurumların - bələdiyyələrin də üzərinə müəyyən öhdəliklər düşür. Amma çox az bələdiyyə var ki, MTK-larla mübarizə apara bilsin. Yaxşı olar ki, bu iş daha güclü bir quruma verilsin”.
 
 

R. Həsənov mülkiyyət hüququ məsələsinə də toxundu: "Digər bir məsələ isə mülkiyyət hüququdur. Qanunvericiliyə görə, mülkiyyət hüququ o zaman yaranır ki, mənzillərə çıxarışlar alınır və ya bağlanmış müqavilələr dövlət qeydiyyatına götürülür. Amma çoxmənzilli binaların 90%-in satışında istifadə edilən müqavilələr heç bir halda dövlət qeydiyyatına alınmır. Bu halda da onlar mülkiyyətçi sayılmırlar. MTK-lar bundan istifadə edərək idarəetməni öz əllərində saxlamağa çalışacaqlar və belə olarsa, yenə də sakinlərin mənzil hüququ pozulacaq”.
 
Günel Azadə 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966