Mənzil bazarında qiymət artımının səbəbi nədir?
2017-ci ilin oktyabrında Bakıda daşınmaz əmlak bazarında qiymətlər
manat ekvivalentində 0,46 faiz artıb. Bunu Trendə "MBA Group"
konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət
İbrahimov deyib. Onun sözlərinə görə, ötən ay torpaq bazarı, eləcə də mənzil və
kommersiya obyektlərinin icarəsi bazarı artım nümayiş etdirib.
O qeyd edib ki, hesabat dövründə torpaq bazarında qiymətlər 1,61
faiz, mənzil kirayəsi bazarında 6,06 faiz, kommersiya obyektlərinin kirayəsi
4,73 faiz bahalaşıb: "İlkin mənzil bazarında qiymətlər 0,41 faiz, təkrar mənzil
bazarında 0,75 faiz, kommersiya obyektləri bazarında 4,88 faiz azalıb". Ekspert
bildirib ki, ilin əvvəlindən bazarda qiymətlər 9,16 faiz azalıb. Onun sözlərinə
görə, ümumilikdə qiymətlərin ucuzlaşması bir qədər azalıb, torpaq bazarı və mənzil
kirayəsi bazarında qiymətlər ilin əvvəlindən bəri müvafiq olaraq 4,71 faiz və
16,22 faiz artıb. Bazarın digər seqmentləri azalma nümayiş etdirib: "İlkin
və ikinci mənzil bazarlarında qiymətlər ilin əvvəlindən müvafiq olaraq 10,46
faiz və 4,31 faiz, kommersiya obyektləri bazarında 19,01 faiz, obyektlərin icarəsi
bazarında isə 15,38 faiz azalıb".
N.İbrahimov əlavə edib ki, oktyabr ayında qiymətlərin
artımı mövsümi xarakter daşıyır: "Bu, adi haldır, yayda bir qədər azalmadan
sonra payızda bazar fəallaşır. Biz bu il də bu prosesi müşahidə edirik. Fikrimcə, noyabr və dekabr aylarında qiymətlər artmaqda davam edəcək. İlin sonunadək qiymətlər daha 3-5 faiz bahalaşa bilər".
Bəs görəsən, daşınmaz əmlak bazarındakı bu qiymət artımı tendensiyası
mövsümi xarakterlilikdən çıxaraq, gələn il də davam edə bilərmi?
Məsələ
ilə bağlı Nüsrət İbrahimovun özü ilə
əlaqə saxladıq. O bəzi məqamları qeyd etdi və bildirdi ki, ilin sonuna kimi
qiymətlərdə müəyyən artım istisna deyil: "Qiymətlərdəki bu artım mövsümlə əlaqədardır.
Payız ayları daşınmaz əmlak bazarı üçün mövsümi aylar hesab olunur. İkinci bir
məqam isə struktur dəyişikliyi ilə bağlıdır. Bəzi aylar bazara bahalı, bəzi
aylar isə nisbətən ucuz mənzillər daxil olur. Belə struktur dəyişiklikləri
zamanı ümumi orta qiymət dəyişməsi olur. Qiymət artımları adətən payızdan
başlayaraq ilin sonunadək davam edir. Qeyd edim ki, ilin sonuna qədər 3-4 faiz
də qiymət artımı ehtimal edilir”.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyir ki, əslində bu rəqəm daşınmaz əmlak bazarı üçün o qədər də
böyük əmsal hesab edilmir: "Bu, əslində nisbi qiymət dəyişməsi kimi qiymətləndirilə
bilər. Nisbi qiymət dəyişməsi isə bazar üçün elə də ciddi əhəmiyyət daşımır. Yəni
göstəricilər ümumilikdə bazarın dinamikasına təsir göstərə biləcək səviyyədə
olan qiymət artımı deyil. Məsələn, aylıq göstərici üzrə bazarda qiymət artımı təqribən
4-5 faiz həddinə çatarsa, bu zaman bazarda əhəmiyyətli dəyişiklikdən danışmaq
olar. Yalnız o halda artımın baş vermə səbəbləri və göstəricilərini təhlil etməyə
dəyər. 1-1,5 faizə qədər qiymət artımları dinamikanı dəyişmir. Orta qiymətlə
götürsək, ən aşağı göstərici mənzil bazarı üçün təqribən min manatdan
yuxarıdır. Yəni, min manatlıq göstəricidə 0,46 faiz dəyişmə elə də böyük əhəmiyyət
kəsb etmir. Məsələn, kommersiya sahələrində və torpaq bazarında orta göstərici
daha böyükdür. Bu sahələrdə 1-1,5 faizlik dəyişmələr, artımlar effekt verir. Mənzil
bazarının indiki vəziyyətinə gəldikdə isə, hazırda mövsümlə əlaqədar olaraq
dinamika müşahidə olunur. Amma bu dinamika ümumi göstəricilərə təsir edəcək həddə
deyil. İndi gələn ilki ipoteka kreditlərinin şərtləri müzakirə edilir. Gələn
ildən şərtlərin dəyişəcəyi gözlənilir. O cümlədən ipoteka, sosial mənzil
fonduna ayrılacaq vəsaitlərin həcminin artırılması ilə bağlı dövlət büdcəsinə təkliflər
edilib. Düşünürəm ki, bu təkliflər təsdiqini taparsa, gələn il üçün bazarda nəzərəçarpacaq
dəyişikliklər ola bilər. Çünki qeyd olunan rəqəmlər bir il üçün böyük rəqəmlər
hesab olunmasa da, müəyyən qədər əhəmiyyətlidir. İndiki halda mövsümlə əlaqəli
olan dinamikanı nəzərə almasaq, bazarda hər hansı bir ciddi dəyişiklik baş verməyib”.
Şəbnəm Mehdizadə