Mənzil bazarı ilə bağlı proqnoz
Aprel ayında təkrar mənzil bazarında qiymətlərdə 6.16 faiz, ilkin
mənzil bazarında isə 6.98 faiz azalma müşahidə olunub. Bunu Trend-ə "MBA Group”
konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert
Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, aprel ayında bazarda aktivlik aşağı düşüb: "Bir
müddət banklar bazarda ipoteka kreditlərinin həcmini artırdılar və ona görə də
əvvəlki aylarda qiymətlərdə artım oldu. Amma son iki ayda ipoteka kreditlərinin
həcmində azalmalar var və müvafiq olaraq bazarda pul kütləsinin azalması
müşahidə edilir. Ona görə də alqı-satqı əməliyyatlarında azalmalar olub və bu
da öz növbəsində qiymətlərə təsir edib”.
Ekspert hesab edir ki, qiymətlərin aşağı düşməsi növbəti aylarda
davam etməyə bilər: "Yəqin ki, bu azalma müvəqqəti bir amildir. Ola bilsin, yay
aylarında qiymətlər stabilləşsin, ancaq ilin sonuna doğru bahalaşma qaçılmaz
olacaq. Ona görə ki, 2015-ci ildə manat dollar qarşısında dəyərini itirdi,
ancaq 2016-cı ildə qiymətlər artmadı, 2017-ci ilin ilk üç ayı ərzində müəyyən
qədər artdı, aprel ayında isə yenə azalma baş verdi. Yəni insanlar tədricən
manatın dəyəri ilə razılaşdıqca, bazara qayıdacaqlar və bununla da aktivlik
artacaq və qiymətlərdə də artım qaçılmaz olacaq”.
"Hər hansı artımın olması inandırıcı deyil”
Əmlak məsələləri üzrə
ekspert, iqtisadçı Rəşad Əliyev hesab edir ki, gələn il mənzil bazarında
bahalaşma olması üçün heç bir iqtisadi əsas yoxdur: "Əgər manatın dollara
nisbətdə məzənnəsi ilin sonuna kimi sabit qalsa, biz ümumiyyətlə, bazar üzrə
hər hansı əhəmiyyətli dəyişikliyin baş verəcəyini gözləmirik və qiymət artımına
səbəb ola biləcək heç bir amil mövcud deyil. Bəzi texniki faktorlara görə,
müvəqqəti bahalaşma ola bilər. Lakin bunun davamlılıq səviyyəsi olmayacaq.
Hazırda bazardakı qiymətlər tarazlaşıb. Düzdür, dollar qalxacağı təqdirdə,
müəyyən qədər artım müşahidə oluna bilər, ancaq manatın sabit məzənnəsi
dövründə qiymət qalxması üçün heç bir əsas yoxdur. Çünki nə makroiqtisadi şəraitdə müsbət
tendensiya müşahidə edirik, nə də alıcılıq qabiliyyətinin artımını görürük”.
R.Əliyevin sözlərinə görə, yay aylarında ölkəyə turistlərin axını
gözlənilir. Bu da daşınmaz əmlak bazarında yalnız kirayə qiymətlərinin artımına
səbəb ola bilər: "Turistlərin ölkəyə gəlişi daşınmaz əmlakda xüsusilə kirayə
bazarını müəyyən mənada cəlbedici edir. Bu səbəbdən kirayə bazarlarında müəyyən
qədər artım gözlənilir. Lakin Bakıda tikilən mənzillərə tələbat olmadığı üçün
mənzil bazarı öz stabilliyini qoruyacaq. Ciddi artımın olması inandırıcı deyil.
Yay mövsümündə ölkəmizə kifayət qədər turist gələcək. Turistlərin kütləvi axını
kirayə bazarındakı qiymətlərə ciddi təsir edəcək. Bu səbəbdən kirayə
qiymətlərinin 2-3 dəfə artması gözlənilir”.
"Qiymətlərin artacağı ilə
bağlı proqnozlar daha çox süni şəkildə tələb formalaşdırmaq üçün deyilir”
İqtisadçı ekspert Vüqar
Bayramlı da qəzetimizə açıqlamasında bildirdi ki, mənzil bazarında artımın
olması gözlənilmir: "Həm daxili, həm də xarici faktorlarla bağlı mənzillərə
tələbat azalıb və tələbin artması da gözlənilmir. Mənzillərə tələbin azalması, birbaşa, insanların yığıma üstünlük verməməyi
ilə bağlıdır. Əvvəlki dövrlərdə mənzil bazarı həm də yığım vasitəsi idi.
Xüsusilə sovet dövründə nəinki şirkətlər və ya dövlət, eyni zamanda vətəndaşlar
da yığıma üstünlük verirdilər. Lakin indi belə deyil. Bu da daşınmaz əmlaka
tələbin azalmasına gətirib çıxarır. İkincisi, əvvəllər mənzillər kommersiya
baxımından rentabelli idi. Yəni vətəndaş mənzili alırdı və aldığı mənzili
müəyyən müddət sonra sataraq gəlir əldə edə bilirdi. İndi isə hazırda mənzilin
qiymətində və əmək bazarında da qiymətlərdə azalmalar müşahidə olunduğu üçün
mənzili alıb müəyyən müddət sonra satıb gəlir əldə etmək mümkün deyil. Bu baxımdan, daşınmaz əmlak rentabelliyini
qoruyub saxlamır. İnsanlar mənzil alsa belə, alınan mənzili sonradan satmaq çətinləşib. Çünki tələb aşağıdır.
Digər tərəfdən isə 2015-ci ilədək mənzil bazarındakı təhlil göstərir ki,
mənzilə tələbin yüksək olmasının səbəblərindən biri Rusiyadakı
azərbaycanlıların Bakıda mənzilə olan tələbinin yüksək olması idi. Azərbaycanda
o zaman qiymətləndirmələrə görə, hər satılan 4 mənzildən birini Rusiyada
yaşayan azərbaycanlılar alırdı. Lakin indi Rusiyada da mənzillərin qiyməti aşağı düşüb, orada
yaşayan azərbaycanlıların maliyyə imkanları müəyyən qədər kiçilib. Buna görə, onların
da bazarda yaratdıqları təklif azalıb. Bu da mənzil bazarında qiymətlərin aşağı
düşməsinə gətirib çıxarıb. Qiymət artması üçün tələb artmalıdır və ya
təklif azalmalıdır. Təklif stabildir. Etiraf
etmək lazımdır ki, nəinki paytaxtda, hətta digər şəhərlərdə çoxlu sayda boş
mənzillər var. Bazarda olan real təklif stabildir, amma tələb aşağıdır.
Yüksələcəyi də hələlik gözlənilmir. Mövcud faktorlar daxilində yaxın aylarda
bazarda tələbin artacağını proqnozlaşdırmırıq”.
Ekspert hesab edir ki, növbəti ildə mənzilin artacağı ilə bağlı
söylənilən fikirlər, süni tələb formalaşdırmaq üçün deyilir: "Qiymətlərin
artacağı ilə bağlı proqnozlar daha çox süni şəkildə tələb formalaşdırmaq,
insanlarda bir narahatçılıq yaratmaq üçün ünvanlanan açıqlamalardır. Bunların
heç bir əsası yoxdur. Bazardakı real vəziyyəti əks etdirmir”.
Əsassız proqnozlar...
İqtisadçı ekspert Qadir
İbrahimli də hesab edir ki, bahalaşma ilə bağlı proqnozlar əsassızdır:
"Tikinti bazarının bəzi ekspertləri artıq tikinti şirkətlərinin maraqlarına
uyğun proqnozlar verirlər. Bu proqnozların heç bir iqtisadi, sosial əsası
yoxdur və yaxın vaxtlarda da Azərbaycanın mənzil bazarında heç bir bahalaşma
gözlənilmir, bu, birmənalıdır. Çünki bahalaşmaya səbəb olacaq amil yoxdur. Nə
gəlirlərin səviyyəsində artım var, nə investisiyalarda artım var, nə də ipoteka
proqramı genişlənir ki, hansısa şərtlər yaransın. Bu kimi şərtlər təmin
olunmadıqda, daşınmaz əmlak bazarında heç bir bahalaşma ola bilməz”.
Aygün ƏZİZ