Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb
Bu
gün Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, Xəzər Universitetinin
akademik tərəfdaşlığı, Kainat Tədris Mərkəzi və ATGTİ-nin təşkilatçılığı ilə Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan III Tələbələrarası
Məntiq Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Park İnn
otelində baş tutan tədbirdə Veysəloğlu Qrupun Biznesə Dəstək üzrə Baş direktoru
İlqar Nuri, Xəzər Universitetinin professoru Fuad Rəsulov, ATGTİ-nin Beynəlxalq
Əlaqələr şöbəsinin rəhbəri Ramin Həbibzadə və Kainat Tədris mərkəzinin
direktoru İlqar Ağakişiyev və olimpiadanın iştirakçısı olmuş tələbələr iştirak
ediblər. Mükafatlandırma mərasiminə Azərbaycan Respublikasının dövlət himninin
səsləndirilməsi ilə başlanılıb. Ardınca olimpiadanın gedişi və qaliblərdən bəhs
edən videoçarx nümayiş olunub.
Bilik
yarışının qaliblərini təbrik edən Veysəloğlu Qrupun Biznesə Dəstək üzrə Baş
direktoru İlqar Nuri məntiq
olimpiadasının əhəmiyyətindən söhbət açıb, iştirakçılara həm təhsilində, həm də
gələcək işlərində müvəffəqiyyətlər arzu edib.
Tədbirin
sonunda III Tələbələrarası Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb.
Belə ki, ilk onluğu tutan tələbələrə sertifikat, Teas Press Nəşriyyat evindən
bestseller kitablar, planşet, noutbuk və 1-ci yerin sahinibə Veysəloğlu Qrup tərəfindən
iPhone X mobil telefonu təqdim olunub, Xəzər Universitetindən isə 2 illik ödənişsiz
MBA təhsili almaq şansı qazanıb. İkinci tura keçən 200 tələbəyə isə Ulduz
Şokolad Fabrikindən şokoladlar, Kainat Tədris Mərkəzindən isə test kitabları hədiyyə
olunub.
Xatırladaq
ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr
olunan III Tələbələrarası Məntiq OlimpiadasıAzərbaycan Dövlət Neft və Sənaye
Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər
Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan
Texnologiya Universitetinin inzibati binasında keçirilmişdi. Birinci mərhələdə ümumilikdə 3177 tələbə iştirak
etmiş və final mərhələsinə 200 nəfər vəsiqə qazanmışdı.