• çərşənbə axşamı, 19 mart, 06:34
  • Baku Bakı 8°C

Mənşəyi bilinməyən ət yemədiyimizə necə əmin olaq?

26.04.17 09:30 1212
Mənşəyi bilinməyən ət yemədiyimizə necə əmin olaq?
At və eşşək kimi heyvanların əti indiyə qədər bizdə yeyilməyib. Buna görə də bu heyvanların ətini alıb evinə aparan, çətin ki tapılsın. Amma belə məhsulun alıcıya digər heyvanların əti kimi satılması halları çoxalır. Demək olar ki, son günlər tez-tez at, eşşək ətinin əhaliyə qanunsuz şəkildə satılmasının qarşısının alındığı barədə məlumatlar mətbuatda yer alır. Acınacaqlı vəziyyət odur ki, mənşəyi bilinməyən əti satan adama dəfələrlə xəbərdarlıq edilsə də, o yenə də bu işindən əl çəkmir və yenidən yaxalanır. Bu kimi hallar niyə artır? Belə hallarla bağlı qanunvericilik nə deyir? Mübarizə tədbirləri necədir?
Biznes üçün azad şəraitin olmasından sui-istifadə edənlər də var
Mövzu ilə bağlı "Kaspi”yə açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, 20 ilə yaxındır ki, AİB leş mafiyasını ifşa etmək üçün iş aparır: "Ən uğurlu iş ötən ilin aprel-may aylarında oldu. Nəhayət dövlət orqanları və Daxili İşlər Nazirliyi uğurlu əməliyyatlar apardı, leş yığanları ifşa etdi. Amma qeyd etdiyiniz kimi, proses ləngimir”. E.Hüseynov deyir ki, problemin azalmamağının birinci səbəbi qanunlarla bağlıdır: "Cəmiyyətdə belə problemlər olanda onun kökünü qanunlarda axtarmaq lazımdır. Çünki cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur. İkincisi, mövcud qanunları icra edən dövlət orqanları zəif işləyirlər. Bu məsələnin problemli olmasına görə də, cənab Prezident bu ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı ayrıca fərman imzaladı. 2018-ci ilin əvvəlindən agentlik işə başlayacaq. Biz AİB olaraq agentlikdə təmsil olunmaq istəyirik, təkliflərimizi vermişik”.
E.Hüseynov deyir ki, problemin digər səbəbi azad bazar mühitindən sui-istifadə edən işbazların olmasıdır: "İkinci səbəb buna tələbatın olmasından yaranır. Azərbaycanda hələ sovet vaxtı ciddi qida çatışmazlığı olub. 1982-ci ildə siyasi büro qərar qəbul etdi ki, SSRİ-də qida çatışmazlığını həll etmək üçün heyvanlar kəsilməsin. Hətta toylarda heyvanların kəsilməsinə icazə verilmirdi. Onda Azərbaycanda at, eşşək ətinin heç adı çəkilmirdi, elə bir tələbat yox idi. Lakin Azərbaycanın ən varlı, müstəqil dövründə at, eşşək ətini insanlara satmaq üçün təşəbbüslər var. Çünki biznes üçün azad şərait yaradılıb. Kim hansı bizneslə məşğul olmaq istəsə, şərait var. Bu azadlıqdan pul qazanmaq üçün sui-istifadə edənlər də var. Hətta Türkiyədən Azərbaycana yeni təhlükəli tendensiya transfer olunur. Eşşək ətinin, südünün xeyirli olması ilə bağlı əhali arasında iş aparırlar. Təəssüflər olsun ki, bəzi dövlət orqanları, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri qeyd edirlər ki, at, eşşək ətini yemək olar, bu şərtlə ki, istehlakçını aldatmayasan. Bu absuddur. Qanunun qadağan etmədiyi hər şeyi yemək olmaz. At, eşşək əti Azərbaycan üçün ənənəvi yemək deyil. Bizim bədənimizdə onları həzm edən hormonlar yoxdur. Bu təhlükəli tendensiyadır”.
AİB sədri onu da bildirdi ki, problemin bir səbəbi də cəza mexanizmlərinin zəif olmasıdır: "Mövcud qanunvericiliyə görə, istehlakçını 100 manata qədər aldada bilərsən. Buna görə heç bir cəza yoxdur. Yəni, eşşək ətini qoyun əti adı altında sat. Əgər bir nəfərə 100 manatdan artıq ət satmayıbsansa, lap 1000 nəfərə satsan da cəza məsuliyyəti yoxdur. Bu, qanundakı bir boşluqdur. Təhlükəli xəstəlikdən ölmüş heyvanların ətlərini satanları isə maksimum 400 manat cərimə gözləyir. Bu vəziyyət dəyişməlidir”.
Qanunvericilikdə sərt cəzalar nəzərdə tutulub
Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Xəyal Bəşirov deyir ki, son dövrlərdə mənşəyi bilinməyən ət məhsullarının satışı ilə bağlı hallar tez-tez baş verir: "Müvafiq dövlət qurumlarının, hüquq mühafizə orqanlarının bu cür xoşagəlməz və qanunsuz hallarla ciddi şəkildə mübarizə aparmalarına baxmayaraq, bir çox insanlar mənşəyi bilinməyən ət məhsullarını qanunsuz yolla satıb pul qazanmaqdan çəkinmirlər. Təbii ki, insan orqanizmi üçün potensial təhlükə mənbəyi olan bu cür məhsulların bazara daxil olması səbəbindən heç birimiz, o cümlədən azyaşlı uşaqlarımız bu məhsulların istehlakçısı olmaqdan və onların zərərli təsirlərindən sığortalanmayıb”.
X.Bəşirov bildirdi ki, müvafiq dövlət qurumları tərəfindən bu cür qanunsuzluqlarla mübarizə ilə yanaşı, qanunvericiliyimizdə də bu məsələ ilə bağlı müvafiq sanksiyalaşdırmalar həyata keçirilib və ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub: "İlk olaraq onu qeyd edim ki, qeyd olunan bu məsələ ilə bağlı insanlarımızın hüquqlarının pozulması halları, bu cür pozuntularla qarşılaşanların hansı hüquqlara malik olması və bununla bağlı digər məsələlərin əks olunduğu "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub və hazırda da qüvvədədir. Həmin qanuna əsasən, hər bir satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Eyni zamanda, satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir.
Bundan başqa, qeyd etdiyimiz qanunun tələblərinə görə, malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Hətta adı çəkilən qanuna əsasən, istehlakçıların bu qanunla nəzərdə tutulmuş hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan pozuntuya səbəb olmuş şəxs tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir”.
Hüquqşünas qeyd etdi ki, bu cür qanun pozuntuları ilə bağlı qanunvericiliyimizdə mülki məsuliyyətlə yanaşı, inzibati və cinayət məsuliyyətləri də nəzərdə tutulub: "Bu da belə qanunsuzluqlara yol verən şəxslərin islah olunmasına və həm onlar tərəfindən, həm də digər şəxslər tərəfindən gələcəkdə belə hallara yol verilməsinin qarşısının alınması məqsədlərinə xidmət edir. Belə ki, əgər qeyd etdiyimiz pozuntular zamanı istehlakçılara 100 (yüz) manatadək miqdarda zərər vurulubsa, bu zaman bu əməl inzibati xəta hesab olunur və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Yox əgər müvafiq qanun pozuntusu zamanı istehlakçılara 100 (yüz) manatdan artıq zərər vurulubsa və ya bu zaman artıq cinayət məsuliyyəti yaranır ki, bu cür şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulduğu kimi, beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin bu cinayət nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulduqda, yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Aygün
banner

Oxşar Xəbərlər