• çərşənbə axşamı, 16 aprel, 21:49
  • Baku Bakı 18°C

Mənim öz kiçik dünyam var - İncəsənət

12.05.16 14:47 4271
Mənim öz kiçik dünyam var - İncəsənət

Rəsm insanı sakitləşdirir, bir anlıq adamı başqa aləmə səyahətə aparır. İnsanları sehrli dünyaya səyahətə çıxarmağı bacaran rəssamlar isə hələm-hələm doğulmur. Müsahibim 27 yaşlı gənc rəssam Əfsanə Həbibdir. Onunla tanış olduqdan sonra öyrəndik ki, əslində yaradıcılıq eşqi nə kitablarla, nə də təhsil ocaqlarında yetişdirilir. Maraqlı əsələri ilə dünyanın müxtəlif ölkələrində sərgiləri təşkil olunan gənc rəssam qonağımız oldu. Söhbət etdikcə, bizə aydın ki, Əfsanənin özünəməxsus sənət dünyası var. O, insanlarla rənglərin dilində danışır.

- İstərdik, ilk olaraq, rəssamlıq təhsili almadan necə belə maraqlı əsərlər yaratmağınızdan danışasınız.
- Əslində uşaqlıqdan hüquqşünas olmaq istəmişəm. Bu mənim xarakterimdən irəli gəlir. Ancaq məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinə qəbul oldum. Universiteti bitirdikdən sonra işləməyə başladım. Hiss edirdim ki, çalışdığım iş o qədər də ürəyimcə deyil. Nə qədər yaxşı iş şanslarım yaransa da, bu sahədə irəliləməyə o qədər də can atmadım. Gördüm ki, bu iş mənlik deyil. Atamın çox gözəl əl qabiliyyəti olub. O, boş vaxtlarında gözəl şəkillər çəkirdi. Mən də ona baxıb həvəslənirdim. Atam bu sənətin arxasınca getmədi. O, həvəskar rəssam kimi boş vaxtlarını dəyərləndirirdi. Atam Moskvada təhsil alıb, tamam başqa bir sahə üzrə çalışır. Onun əl işlərinə baxanda seçə bilməzsiniz ki, bunu dahi bir rəssam çəkib, yoxsa mənim atam. Mən öz əl işlərimdən ibarət sərgi açanda atamın da əsərlərini orada təqdim edəcəyəm. Atamın öz daxili dünyası var. O ki qaldı mənim əsərlərimə, həyatda insan sevinir, kədərlənir, deyir, gülür. Belə olan anlarda əlimə fırçanı alıram və o an keçirdiyim hissləri kağıza tökürəm. Əsəbləşəndə, yaxud da sevincli olanda nəsə çəkmək istəyirəm. İndi əsərlərimə baxanda bilirəm ki, o əsəri əsəbi olanda, yoxsa sevincli olanda çəkmişəm. Hirsimi də, sevincimi də əsər çəkməklə soyudurdum. Çalışdığım peşə məni o qədər də məmnun etmirdi. Sonda qərarlaşdırdım ki, bəlkə rəssam sahəsi üzrə ustad dərsləri alım, özümü təkmilləşdirim. Gənc rəssam Diləfruz Bağırova, Azərbaycanın tanınmış rəssamı, gözəl insan Sakit Məmmədovla tanış oldum. Bu yolda ilk onlarla tanışlığıma görə özümü uğurlu hesab edirəm. Rəsmlərimi onlara göstərdim, çox bəyəndilər. Bu mənə stimul verdi. Əsərlər çəkdikcə çevrəmdəki insanlar tərəfindən bəyənildiyini gördüm və daha da həvəsə gəldim. Mənə dedilər ki, bu sənətə ötəri həvəs kimi baxma. Daha sonra Sakit Məmmədovla sərgilərə, qastrollara, festivallara getdik.

- İlk olaraq hansı şəkillər çəkməyə başladınız?

- İlk işim milli xalçalarımızın üzərində vazada güllərdən ibarət oldu. İlk işim o qədər maraqlı alandı ki, hər kəsin diqqətini çəkdi. Çəkdiyim əsərlərin hamısının ayrı yeri var. Ancaq nədənsə ilk əsərimin yeri tamam başqadır. Hər stildən bir şey götürürəm. Demək olmaz ki, müəyyən bir stil üzərində çalışıram.

- Festivallara gedən yol necə başladı?
- İlk dəfə Sakit Məmmədov əsərimi gördü və çox bəyəndi. O, dünyanı gəzən, gözəl əl qabiliyyəti olan rəssamlarımızdan biridir. Bildirdi ki, Parisdə dünya miqyaslı bir sərgi olacaq. Elə oldu ki, mənim də əsərlərim həmin sərgidə yer aldı. Ora dünyanın müxtəlif ölkələrindən rəssamlar öz əsərlərini göndərmişdilər. İlk uğurum məhz buradan başladı. Əsərlərim bəyənildi, xoş təəssüratlarla geri döndük.

- Qarşıda hər hansı bir sərgi gözlənilirmi?

- Ötən həftə Rus Mədəniyyət Mərkəzində mənim əsərlərimdən ibarət sərgi keçirildi. Orada 17 əsərim nümayiş olundu. Sərgiyə gələn tamaşaçılar əsərlərim haqqında müsbət fikirlərini bildirdilər. Mayın 26-da Moskvada rəssamlarla bağlı böyük bir festival olacaq. Ora dəvət almışam. Hələ ki orada nümayiş etdirəcəyim əsərləri seçməmişəm. Əsərləri seçdikdən sonra orada iştirak edəcəyik. Gürcüstanda festivala dəvət aldım və orada iştirak etdim. Onlar mənim əsərlərimlə tanış oldular və öz müsbət fikirlərini səsləndirdilər. Amerikada həmyerlilərimizin təşkilatçılığı ilə payızda sərgim olacaq. Oraya təzə əsərlərimi aparmaq istəyirəm. Eyni işlərlə sərgilərə gedəndə yoruluram, elə bilirəm ki, heç işləməmişəm.

- Əsərlərinizdə nəyə önəm verirsiniz?
- Qadın rəsmi çəkməyi çox sevirəm. Səbəbini bilmirəm. Bəlkə də qadın olduğum üçün qadınları daha yaxşı başa düşürəm. Çəkdiyim qadın əsərlərimdə onun digər tərəfi görsənmir. Qadını tam olaraq göstərmirəm. Qadının digər tərəfini gizli saxlayıram. Hətta onun tərəf müqabilini də göstərmirəm. Əgər qadını orada göstərmişəmsə, əks cinsi göstərməməyə çalışıram. Onu artıq tamaşaçıların ixtiyarına buraxıram. Şəklə baxan qadın özünü onun yerində təsəvvür edir. Elə bir ab-hava yaratmışam ki, tamaşaçı qarşı tərəfi istədiyi adamla təsəvvürünə gətirə bilər. Qadının da əks tərəfinin simasını versəm, hər ikisi aydın, konkret simalar olacaq. Burada maraqlı heç nə olmayacaq. Mənə elə gəlir ki, bütün hissləri qadın daha gözəl ifadə edir. Mesajlarımı insanlara qadınların ifadələri ilə çatdırıram.

- Nələrdən ilhamlanırsınız?
- Hər şeydən. Hətta pis hadisələrdən belə, ilham alıb şəkil çəkə bilərəm. Göz yaşından, gülüşdən, sevgidən, məhəbbətdən. Toxuna və hiss edə biləcəyimiz bütün məfhumlardan.

- Rəssamlıq qazanc gətirən sahə deyil. Bu işə kommersiya məqsədi ilə baxırsınızmı?
- Heç zaman bu barədə düşünməmişəm. Bəlkə də nə zamansa olar. Ancaq hələ ki düşünmürəm. Bir dəfə bir xanım mənim əsərlərimə baxırdı. Yağışın altında qayıqda sevgililərin çətirin altındakı sevgisini əks etdirən bir əsəri gördü və ağlamağa başladı. Bu mənə çox təsir etdi. Qadının ağlamasına təbii ki, pis oldum. Digər tərəfdən də sevindim. Çünki anladım ki, insanların qəlbinə toxuna bilirəm. Həmin əsəri xanıma verdim. Bəlkə də kimsə o əsərə pul verib alsaydı, mənim üçün bu qədər dəyərli olmazdı. Ancaq o xanım bu əsərə isti yanaşdı və oradakı qəhrəmanlar ona təsir etdi. Elə ola bilər ki, əsərlərimi hədiyyə də verə bilərəm. Yetər ki, əsərlərimi sevərək izləsinlər.

- Rəssamların çoxu nədənsə ailə üzvlərinin şəkillərini çəkməkdən imtina edirlər. Sizdə necə?

- İndiyə kimi ailə üzvlərimin şəkillərini çəkməmişəm. Bir insanı tanımayanda, o daha maraqlı gəlir. Sözün düzü, indiyə kimi elə bir istəyim olmayıb. Tanımadığın insanı çəkə-çəkə onunla tanış olursan.

- Hədəfləriniz nələrdir?
- Mənim öz kiçik dünyam var. Həyatın nələr göstərəcəyini deyə bilmərəm. Bu işin peşəkarcasına təhsilini almaq istəyirəm. Nə qədər maraqlı əl işlərim olsa da, ancaq bunun çox dərin incəlikləri var və onlara tam olaraq yiyələnmək istəyirəm. Onları mənimsəsəm, daha gözəl əsərlər çəkə bilərəm. İstəyirəm ki, özünəməxsus bir stilim, dəst-xəttim olsun. Əsərlərimə baxanda desinlər ki, bu, Əfsanənin əl işidir.

- Rəsmlərinizdə öz işarələrinizi qoyursunuzmu?
- Çəkdiyim rəsmlərdə, sadəcə altdan öz imzamı – Əfsanə Həbib yazıram. Həbib atamın adıdır. Mənə elə gəlir ki, bu həvəs mənə ondan gəlib. Özümə borc bildim ki, əsərlərimdə onun adını qeyd edim. Həbib mənim ən böyük işarəmdir.

- Emalatxananız varmı?

- Şəxsi emalatxanam yoxdur. Ancaq gələcəkdə xüsusi bir emalatxanamın olmasını istəyərəm. Hazırda Sakit Məmmədovun emalatxanasında çalışırıq. İnsanın emalatxanası onun öz evi kimidir. Gecə-gündüz, istədiyin vaxt şəkil çəkə bilirsən.

- Bir müddət ABŞ-da yaşamısınız. Orada rəssamlıq sənətinə olan maraqla burada olan maraq arasında nə kimi fərqlər var?
- Çox fərqlər var. Bilirsiniz, insanlar müxtəlifdir. Amerikanın əhalisi çoxdur. Orada dünyanın müxtəlif ölkələrindən insanlar var. Onla
r rəssamlığı çox sevirlər. Bəzi ölkələrə baxanda Amerikada bu sənəti daha çox sevirlər. Onların da çox gözəl rəssamları var. İstənilən işdə uğur əsas rol oynayır. Bizim sahədə də elə. Bəzən Nyu-Yorkun küçələrində rəssamlar 5-10 dəqiqə ərzində insanların rəsmlərini çəkirlər. Baxırsan ki, dahi rəssamların əsərlərindən heç də geri qalmır. Orada ən yaxşıları seçilir.

- Amerikada tanınan rəssamlardan biri olmaq istəyiniz varmı?
- Nəinki Amerikada, bütün dünyada. Tanınmış rəssam olmağım üçün heç olmasa xaricdə yaşayan həmyerlilərimiz məni tanısın. Bu da böyük bir şeydir. Çox çalışmaq lazımdır. Mənim ağlıma belə gəlməzdi ki, görkəmli rəssam Sakit Məmmədovla bir yerdə çalışaram.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər