• çərşənbə axşamı, 19 mart, 10:25
  • Baku Bakı 8°C

Mənim yazı günüm – Ülviyyə Heydərova

19.03.18 14:20 1804
Mənim yazı günüm – Ülviyyə Heydərova
Bu layihə çərçivəsində yaradıcılıqla məşğul olan tanınmış simalar özlərinin məhsuldar hesab etdikləri bir yaradıcı günü təsvir edirlər. Növbəti qonağımız yazıçı, publisist Ülviyyə Heydərovadır.
Taxta döşəməli otaq. Otaq başdan-başa əşyalarla doludur: televizor, divan, şifoner, çarpayı, masa, iki şüşəli, üç taxta şkaf, üç stul, kitab rəfi və sayı bilinməyən kitablar... Otağın qəribə rəngi var. Ona nə ağ, nə də açıq çəhrayı demək olar. Əsas odur pəncərədən süzülən günəş şüasını həvəslə içəri ötürür, emulsiyalı divarları işıqlandırır. Divarlar isə qalereyaya çevrilməyin bir addımlığındadır.
Bura kirayə qaldığım sayca onuncu evin əsas otağıdır. Artıq iki ilə yaxındır ki, yazılarım burada yaranır. Düzdür, hərdən noutbukumu götürüb mətbəxə gedir, radioqəbuledicini yandırıb "Azərbaycan radiosu”nu dinləyə-dinləyə hərfləri yan-yana düzürəm. Amma bir qədər sonra oturduğum stul məni yormağa, bezdirməyə başlayır. Yenə hücrəmə qayıdıram, əvvəlcə noutbuku işə salıb, sonra televizoru qoşuram. Televizorda kanal axtarışına çıxmıram. Təki səs gəlsin. İnsan səsi...
Yerim divanda rahat olsa da, əslində? çox vaxt sözü çətinliklə "doğuram”. İllah da? bədii söz olanda o, özünü elə bil naza qoyur. Onu ürəyimin səsi ilə çağırıram. O isə öz kefindədir, içimdə gəzib-dolanır, bəzən sinəmi dağıdır. Amma çıxmağa tələsmir. Bəlkə məndən ayrılmaq istəmir? Bəlkə öz zamanını gözləyir? Nə vaxt gəlir-gəlsin. Onsuz da, söz yazılmaq üçün yaranır. Fərqi yoxdur, ya hərf-hərf alına yazılır, ya da cümlə-cümlə monitora düşür. Təki kiminsə taleyini həll etsin, ürəyinə sığınsın, yaddaşına köçsün.
Deyə bilmərəm, yazdıqlarım kiminsə qəlbinə yol tapıb, ya yox? Amma onu dəqiq bilirəm ki, kirayə qaldığım evlərdən çıxanda ilk olaraq ürəyimi götürürəm. Axı, sözüm orda olur. Hərdən istəyirəm bədii yazılarımın hər birini yaşadığım küçələrə həsr edim. Hər dəfə də fikrimdən vaz keçirəm. Bununla belə, hansı hekayəmin, məqaləmin harada yazıldığını dəqiq xatırlayıram. Məsələn, "Noutbuk” povestimi Mustafa Sübhi, "Pul” hekayəmi Çingiz Mustafayev küçələrindəki quş damından azca fərqlənən evlərdə yazmışam. İndi nə o evlər, nə də küçələr var. Buldozerlər oranı hamarlayıb.
Qəribədir, heç bir söz doğulduğu məkanda qalmır. Hərdən yazılarımı dünyaya gətirdiyim evlərə aparmaq istəyirəm. Vaxt imkan vermir. Boş vaxtım olan kimi divanda oturmaq, noutbuku dizlərimin üstünə qoyub, sözü səsləmək istəyirəm. Son aylar vaxt məndən qaçaq düşsə də, yazıdan ayrılmamışam. Bilmirəm, hansımız sadiqik.
...Bir azdan ayağı qalxacağam. Əvvəlcə otağı səliqəyə salacağam, sonra özüm paklanacağam. Sözüm yaman təmizkardı...
Sözün sancısı döş qəfəsimdə tutub. O yoldadır. Xoş gəlir!
banner

Oxşar Xəbərlər