• çərşənbə axşamı, 23 aprel, 19:25
  • Baku Bakı 20°C

Mənim üçün yeganə düstur istedaddır

03.11.15 11:43 2121
Mənim üçün yeganə düstur istedaddır
- Cavid, hər bir şəxsdə özünü bu və ya digər şəkildə göstərmək arzusu var. Səndə yazmaq marağı və ehtirası özünüifadə ehtiyacındanmı doğur? Yoxsa...
- Ədəbiyyatın ənənəvi bir tərifi var: insanı mənən zənginləşdirməlidir, başqa insanlara qarşı mərhəmət hissi oyatmalıdır, yəni, dünyada yaxşı nə varsa, ədəbiyyatda olmalıdır, ədəbiyyat onu göstərib təbliğ etməlidir. Mən bunu belə qəbul edirəm. Bu nöqteyi-nəzərdən yanaşsaq, mənim yazmaq ehtiyacım da bundan doğur. Düzdür, ədəbiyyat dünyanı dəyişməyəcək, mən bunu bilirəm. Dünyanın xilasını ədəbiyyatda görən adamlar mənim aləmimdə çox sadəlövh, bu dünya ilə ayaqlaşmayan adamlardır. Çünki söz və ədəbiyyat dünyanı xilas etsəydi, Viktor Hüqonun doğulduğu, ”Səfillər”in yazıldığı bu dünyada iki dünya müharibəsi olmazdı. Yəni, eyni əsrdə həm “Səfillər” yazıldı, həm də qırğınlar oldu, milyonlarla adam öldü. Deməli, ədəbiyyat və söz dünyanı xilas edə bilməz. Yalnız fərdləri - özünü dərk edə bilən fərdləri xilas edə bilər. O mənada mənim bir gənc yazıçı olaraq, içində söz demək ehtiyacı olan bir adam kimi istəyim yalnız özünüifadədir. Amma bundan başqa burda şöhrət amili, tanınmaq, hörmət görmək amili də təbii ki, var. Və kim sizə desə ki, mən yalnız söz və ədəbiyyata xidmət etmək üçün yazıram, demək, onlar qeyri-səmimi adamlardır. Bu məqsədi qarşısına heç Nizami Gəncəvi də qoymayıb.
- O zaman belə bir sual yaranır - Latın Amerikası ədəbiyyatının görkəmli nümayəndələri öz ölkələrinin sözünü dünyaya çatdırmaq istədiklərini bildirmirdilər?
- Burda başqa bir nüans var. Əlbəttə, onlarda öz qitələrinin, yaşadıqları ərazilərinin sözünü demək, dünyaya çatdırmaq məqsədi ola bilər. Məsələn, bir nəsil yetişir, qarşısına məqsəd qoyur ki, biz də nələrsə edək. Bu, başqa şeydir. Amma biri var sənin potensialın buna imkan verir, biri də var potensialın yoxdur, yalnız danışırsan ki, mən o yerlərə çatacam. Bəlkə də Lyosa və Markes kimi yazıçılarda əvvəllər heç o məqsədlər olmayıb, amma artıq gəlib bir zirvəyə çatanda istər-istəməz bunu demək onlar üçün əlavə prestijdir. Sanki özlərini təsdiq etməyin ləzzətini alırlar. Bu amil də var təbii ki. İnanmıram gənc bir adam qarşısına məqsəd qoysun ki, mən yalnız ədəbiyyat üçün, təmsil etdiyim coğrafi ərazinin ədəbi üfüqlərini genişləndirmək üçün yazıram.
- Ürəyini, fikirlərini ortaya qoyduğun yazılarının gələcəyi ilə bağlı düşünürsən heç?
- Çox qəribədir ki, 3 il əvvəl yazdığım hekayələri artıq bəyənmirəm. Onlardan imtina da etmirəm, amma mənim istədiklərim deyil. Ancaq “Günəşi gözləyənlər” romanı ilə bağlı eyni şeyi düşünmürəm. Gələn il hekayələr kitabı nəşr etdirmək istəyirəm və düşünürəm ki, həmin hekayələri ora salmayacam. Yalnız son iki ildə yazdığım hekayələr və bundan sonra nə yazacağamsa, onlar olacaq.
- “Günəşi gözləyənlər” və “Aclıq” romanı. Bunları bir oxucu kimi necə dəyərləndirərdin?
- “Aclıq” usta yazıçının əlindən çıxıb. Məncə, Knut Hamsun “Aclıq”ı 30-35 yaşlarında yazıb. Amma bu faktdır ki, ortaya usta mətn qoyub. Açığı, mən öz romanım haqqında elə də yüksək fikirdə deyiləm. Yəni indi yazsaydım bəlkə də başqa cür yaza bilərdim. Xüsusən, “Leyla”nı yazanda fikirləşirdim ki, bu, ondan daha yaxşı alınıb. Amma zövqünə inandığım adamlardan eşitdim ki, birinci roman daha yaxşı alınıb. Baxmayaraq ki, ilk romanım idi. Hətta, Əsəd Cahangir o romanın əlyazmasını oxuyanda heyrətlə mənə zəng vurmuşdu ki, inanmırdım sən belə bir əsər ortalığa qoyasan. Mənə deyirlər, ”Leyla” bəlkə də ona görə birinci roman qədər uğurlu alınmadı ki, sən o həyatı yaşamamısan deyə, Leylanın psixoloji dərinliklərinə enə bilməmisən.
- “Həsən maşın alacaq” hekayəndə bir dəmir parçasına həddən artıq dəyər verilməsi kimin bəxtsizliyidi, qəhrəmanın yoxsa cəmiyyətin?
- Məncə, böyük mənada cəmiyyətin bəxtsizliyidi. Heç vaxt heç kimə, öz qəhrəmanıma da arzu etməzdim ki, o vəziyyətə düşsün. Qeyri-təvəzökarlıq kimi qəbul etmə: hekayəni yazandan sonra məndə qəribə müəllif arxayınlığı, xoşbəxtliyi yarandı ki, nə yaxşı bunu yaza bildim. Ətrafdan da müsbət, yaxşı fikirlər eşidirdim. Düzdür, Mirmehdi Ağaoğlu ilə Seymur Baycan o hekayəni bir müddət gözümdən saldılar (Gülür).
- Nə manada?
- Təxminən bu şəkildə ki, maşın problem ola bilməz, insan bir maşına görə o vəziyyətə düşə bilməz.
- Ədəbiyyatda nəyin problem olub-olmayacağı kimi bir bölgü var?
- Əlbəttə, yox. Ədəbiyyatda hər şey problem ola bilər. Əsas odur ki, sən ona necə yanaşırsan, necə qəbul edirsən və necə ifadə edirsən.
- Bəs bu gedişlə Həsən maşın alacaqmı?
- Burda əsas maşın deyil. Maşın zahiri məsələdi. Təxminən belə ki, məsələ Akaki Akakiyeviçin şinelində deyil.
- “Ənənə” ilə Cavidin əlaqəsi və baxışı hansı səviyyədədir?
- Mənim üçün yeganə düstur istedaddır. Adamın istedadı varsa, “facebook”da da ədəbiyyat yarada bilər, gedib divarda da bir cümlə yaza bilər və görərsən, bu da istedaddır. Adamın istedadı yoxdursa, nə qədər oxusa da heç nə ona kömək etməyəcək. Dostoyevskinin bir sözü var, deyir, istedadsız yazıçı şikəst əsgər kimidir. Amma istedadın mütaliə ilə inkişafı vacibdir. Oxumadan istedad bir yerə qədər apara bilər yazıçını. Bir yerdən sonra təkcə istedad ona kömək etməyəcək.
- Yazı yazmaq ehtiyacını qarşılamaq mənbəyidir həm də. Ümumiyyətlə, yazaraq dolanışığını təmin etmək istəyərdin?
- Əlbəttə, istəyərdim. Amma ədəbiyyat insanı maddi cəhətdən yaşatmır. Nəinki məni, Azərbaycanın tanınmış yazıçılarını da yaşatmır. Vaxtilə Anarın, Elçinin kitabları yüksək tirajlarla satılırdı, yaxşı da pul qazanırdılar. İndi onların da kitabları 500 tirajla satılır, mənim də.
- “Leyla” romanı digər əsərlərindən daha çox təsir yaratdı. Səbəbini izah edə bilərsənmi?
- Təsir yox, daha çox səs-küy deyə bilərəm. “Günəşi gözləyənlər” romanıma nisbətən müzakirəsi daha çox oldu. Bu, ədəbi mətn, bədii təsir mənasında deyildi. Yəni daha çox ədəbiyyatətrafı söhbətlər idi. Bunun da səbəbi romanın hardasa şou-bizneslə əlaqədar olmasıdır. Yəni, sanki romandakı ədəbi keyfiyyətlər, mənim oxucuya aşılamaq istədiyim fikir, açıb göstərmək istədiyim məqamlar ikinci plana keçdi. İstəməzdim oxucunun diqqəti bir istiqamətə yönəlsin.
- Bir yazıçının göstərmə və nəql etmə bacarığı mövzudan daha canlı və qabarıq olmalıdır. “Günəşi gözləyənlər” romanında bu hissi oxucularına yaşatdın. Daha sonra sənə nələr əngəl oldu?
- Deyirsən, daha sonra yaza bilmədim?
- Sadəcə çox fərqlənir.
- Səbəbini mən bilmirəm. Orda qarşıma konkret məqsəd qoymamışdım ki, məhz belə yazacam. Amma hadisələri nəqletmə, əhvalatı yaxşı danışmaq üsulu ola bilər daha uğurlu alınıb. Amma mən o əsəri yenə də onu özüm üçün ciddi mənada uğur bilmirəm. Mənə görə nəqletməm indi daha maraqlıdır. Məsələn, “Dərd qapını tapmır”, “Həsən maşın alacaq”, “Səttar Nisgil”, “Mağarada yaradıcı tətil” hekayələrimdəki təhkiyə formasını daha uğurlu hesab edirəm.
- Hansı hekayə və romanın içinə daxil olmaq, orda yaşamaq istərdin?
- Knut Hamsunun “Aclıq”, “Torpağın bərəkəti”, Maksim Qorkinin ”Uşaqlıq” romanlarında, Mirzə Cəlilin ”Poçt qutusu”, Andre Moruanın “Əsirin qayıtması”, Ömər Seyfəddinin “Şüşə saray” hekayələrində. Ağlıma gələnlər hələ ki bunlardır. Amma daha çox “Poçt qutusu”nda Novruzəli ilə yol-yoldaşı olmaq istərdim.
- Bəs oxuculara tövsiyən nədir, kimləri oxusunlar? Və yaxud, maraqlıdır, özünü tövsiyə edirsənmi oxusunlar?
- Hər-halda düşünürəm ki, o qədər də maraqsız yazıçı deyiləm. Ən azı sərf etdikləri vaxta heyfislənməzlər. Deyim ki, mən yazılarımda daha maraqlı adamam.
- Ədəbiyyatda, xüsusən, modern ədəbiyyatda əyləncəvilik qavramı nəyə xidmət etməlidir?
- Sualın cavabını Kulisdəki “Əylənək” adlı yazımda vermişəm: ədəbiyyatı və sözü bütləşdirmək lazım deyil. Yəni insanlarda xof yaratmaqla yaxşı ədəbiyyat ortalığa qoymaq olmaz. Əyləncəvilik istedadla yazılıbsa, qoy olsun.
- Bir az poeziyadan da danışaq. Müasir poeziyada oxumağa ehtiyac hiss etdiyin imzalar kimlərdir.
- Fərid Hüseyni, Qisməti, Şəhriyar del Geranini, Sevinc Elsevəri, Aqşin Evrəni məmnuniyyətlə oxuyuram.
- Aqşin Yenisey də var axı. XXI əsr poeziyamızda ən çox fərqlənən imzalardandır…
- Əlbəttə. Aqşin Yenisey ədəbi faktdır. Xüsusən, şeir sahəsində, şair kimi. Nasir kimi Aqşin mənim yazıçım deyil. Məsələn insanda bəzən şeir oxumağa mənəvi ehtiyac yaranır. O zaman mən adını çəjdiyim imzaları oxuyuram.
- Son olaraq Cavid Zeynallının yazı prosesi necədir?
- Təəssüf ki, özümü səhər tezdən durub yazmağa alışdıra bilməmişəm. Vaxtilə yaradıcılıq evləri olub. Son vaxtlar tez-tez o cür yaradıcılıq evlərinin olmasını arzu edirəm. Amma yazmağa ehtiyac hiss edəndə məkanın fərqi yoxdur.
Ülvi Babasoy
banner

Oxşar Xəbərlər