AZE | RUS | ENG |

“Mənim üçün Heydər Əliyevin doğum tarixi var, ölüm tarixi yoxdur”

“Mənim üçün Heydər Əliyevin doğum tarixi var, ölüm tarixi yoxdur”
Vüqar Rəhimzadə: “Ümummilli lider olmasaydı, bugünkü Azərbaycanın varlığından söhbət belə gedə bilməzdi"

15 İyun Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Xalqın təkidi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev bugünkü müasir Azərbaycanın memarı oldu. Həmin dövrdə baş verənlər, ümummilli liderin hakimiyyətə ikinci dəfə qayıdışı, 15 İyunun Azərbaycan üçün əhəmiyyəti və digər məsələlərlə bağlı Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ilə söhbət etdik. O, həmin dövrdə gördüyü tarixi həqiqətləri "Kaspi” qəzetinə danışdı
 
- Vüqar müəllim, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bərpa etdikdən bir müddət sonra ölkədə vəziyyət acınacaqlı olub. Həmin dövrün ictimai-siyasi proseslərinə yaxından bələd olan bir şəxs olaraq, o illəri necə xatırlayırsınız?
 
- O illərdə doğrudan da Azərbaycan ölüm və qalım dilemması qarşısında idi. Biz müstəqilliyimizi ötən əsrin əvvəllərində qazanıb, 23 aydan sonra itirdiyimiz kimi, əsrin sonlarında da itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldıq. Demək olar ki, artıq ölkədə vətəndaş müharibəsi başlamışdı, siyasi sabitlik yox idi. Ölkəni siyasi və silahlı qruplaşmalar idarə edirdi. Ölkədə iqtisadi tərəqqi deyil, tənəzzülün dərinləşdiyi bir dövr idi. O dövrdə siyasi hakimiyyətdə təmsil olunanlar insanları çörəklə sınağa çəkirdilər, yalnız hakimiyyət uğrunda mübarizə aparırdılar. Eləcə də, o dövrdə Sürət Hüseynov bir tərəfdən, Əlikram Hümbətov cənubdan, "Sadval” terror təşkilatı şimaldan ölkəni parçalamaq istəyirdilər. Xarici düşmənlər də buna rəvac verirdi. Daxildəki bəzi qüvvələr də xaricdən onlara olan dəstəyə arxalanaraq, ölkədəki böhranı daha da dərinləşdirirdilər. Baxmayaraq ki, 1991-ci il oktyabrın 18-də yenidən müstəqillik aktı qəbul olunmuşdu, amma o dövrdə müstəqilliyin atributlarından söhbət belə gedə bilməzdi. Müstəqil siyasət, ordu yox, xarici siyasət yox, ümumiyyətlə, beynəlxalq əməkdaşlıq mövcud deyildi. Daxildə anarxiya, xaos, vətəndaş müharibəsi mövcud idi. Bu məqamda xalqın təkidli tələbi ilə Heydər Əliyevə müraciət edildi ki, ölkəni düşmüş durumdan çıxarması üçün yenidən hakimiyyətə qayıtsın. O dövrü yaxşı xatırlayıram və tez-tez Naxçıvana gedirdim, Ali Məclisin sessiyalarında iştirak edirdim. Azərbaycanın bütün bölgələrindən, xüsusilə sərhədyanı rayonlardan insanların axın-axın Naxçıvan Ali Məclisinə gəlməsinin şahidi olmuşam və rica edirdilər ki, Heydər Əliyev hakimiyyətə qayıtsın. Əgər Heydər Əliyev qayıtmasaydı, idarəçilikdə olmasaydı, ümumiyyətlə, bugünkü Azərbaycanın varlığından söhbət belə gedə bilməzdi. Bu məqamda Heydər Əliyev qayıtdı və bütövlükdə Azərbaycan vətəndaşlarının sabah olan inamını özünə qaytardı. Beləliklə, ölkədə siyasi anarxiyanın deyil, siyasi sabitliyin, iqtisadi inkişafın təməl prinsipləri müəyyən olundu. Müstəqil Azərbaycanın dövlət kimi atributlarının, ordu quruculuğunun, uğurlu xarici siyasətinin şahidi olduq.              
 
- AXC-Müsavat hökuməti dövründə Əbülfəz Elçibəy və ətrafı ölkəyə rəhbərlik etmək üçün niyə məhz ümummilli lider Heydər Əliyevi Bakıya dəvət etdi?
 
- Çünki Heydər Əliyevin kifayət qədər dövlətçilik təcrübəsi var idi. Ulu öndər hansı vəzifədə olubsa, o, daim Azərbaycanı və azərbaycanlıları düşünüb. Heydər Əliyevin dahi bir siyasətçi kimi dünyada nüfuzu var idi. Ölkə daxilində də ümummilli liderə böyük etimad, sevgi var idi. Heydər Əliyevin Azərbaycana bağlı şəxsiyyət idi. O dövrdə Azərbaycanı düşdüyü bəlalardan yalnız Heydər Əliyev qurtara bilərdi və zaman da bunu sübut etdi. Xalq ona etimad göstərirdi və Heydər Əliyevin qətiyyəti nəticəsində bu hadisələr tarixə çevrildi və faciəli günlər arxada qaldı. Əgər ulu öndər hakimiyyətə gəlməsəydi, o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün nümayəndələrini Sürət Hüseynov dar ağacından asacaqdı. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı onları bu bəlalardan qurtardı. Onların hər biri sağ qalmalarına görə, birmənalı şəkildə Heydər Əliyevə borcludurlar.    
 
- 15 İyun Milli Qurtuluş Günü kimi tariximizə düşən bu bayramın əhəmiyyəti nədən ibarətdir?
 
-  Bu, Azərbaycanda mövcud olan bayramların zirvəsində dayanan bir bayramdır. Məhz bu gün Heydər Əliyevin parlamentə sədr seçildiyi və Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdığı bir gündür. Müstəqil, qüdrətli Azərbaycanın varlığı məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. 15 İyun Azərbaycanda siyasi anarxiyaya, silahlı qruplaşmalara son qoydu, dağılmış iqtisadiyyatın qarşısı alındı və ölkə vətəndaşlarının sabah olan inamını özünə qaytardı. Çox məsələləri qeyd etmək olar. Amma ümumən, 15 İyun Azərbaycanın müstəqilliyinin məhv olmasının qarşısının alındığı bir gündür və bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir.   
 
-15 iyun 1993-cü il tarixindən indiyə qədər ötən müddət ərzində Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında nə dəyişib?
 
- O dövrdən indiyədək kifayət qədər böyük dəyişikliklər var. Ulu öndərimizin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yenə də Azərbaycanda daxili sabitliyi pozmağa cəhd edən qüvvələr var idi. Misal üçün, dövlət çevrilişlərinə, eyni zamanda terrora cəhdlər oldu. Bunların hamısını biz görmüşük, yaşamışıq. Ən böyük tarixi hadisələrdən biri 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi”nin imzalanmasıdır. Bu ərəfədə də biz bir sıra terror hadisələrinin şahidi olduq. Şəmsi Rəhimov, Afiyəddin Cəlilov və digər dövlət xadimləri qətlə yetirildi. Əlbəttə, hakimiyyətdə olmuş AXC-Müsavat cütlüyü, eləcə də xaricdən dəstək alan bəzi ermənipərəst qüvvələr yenə də sabitliyi pozmaq istəyirdi. Siyasi sabitlik olmadan isə hansısa uğurlu fəaliyyətdən, yaxud da nəticələrdən söhbət gedə bilməz. Heydər Əliyev ilk növbədə ölkədə siyasi sabitliyi bərqərar elədi. Biz yenə mart, oktyabr hadisələrinin şahidi olduq, dövlət çevrilişlərinə cəhdlər var idi. Xalq-Heydər Əliyev birliyi bu faciələri aradan qaldırdı və "Əsrin müqaviləsi” imzalandı. Ulu öndər qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu baxımdan, "Əsrin müqaviləsi” adi bir fikir, söz və ya iş deyil. O müqavilədə iştirak edən xarici şirkətlərin arxasında olan dövlətləri inandırmaq lazım idi ki, onlar sazişi imzalasınlar. Onları buna inandırmaq özü böyük iş tələb edirdi. İllərlə həmin ölkələrlə danışıqlar aparılıb və bu gün uğurlu nəticələr göz önündədir. Ölkə iqtisadiyyatının təməl prinsipləri məhz həmin sazişin imzaladığı gündə qoyulubdur. Sonra atəşkəs elan olundu, zəngin qanunvericilik bazası, eləcə də  Azərbaycan Konstitusiyasının qəbul edildi. O dövrdə ən vacib məsələlərdən biri ordu quruculuğu sahəsində işlərin aparılması idi. Müharibənin getdiyi bir dövrdə, 1993-cü ilin payızında Heydər Əliyevin bir çağırışı ilə minlərlə insan hərbi xidmətə gəldi və Azərbaycan ordusu formalaşdı. Bu gün isə qüdrətli Azərbaycan Silahlı Qüvvələrindən söhbət açırıq və ən güclü ordular sırasında olması ilə fərəhlənirik. Əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqları işğaldan azad olunacaqdır və tezliklə Azərbaycan bayrağı Şuşada, Xankəndində və digər azad olunan rayonlarımızda dalğalanacaqdır.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə  Azərbaycanda söz azadlığı bərpa olundu. O qeyd edirdi ki, söz və fikir azadlığı olmadan demokratik prinsiplərin bərqərar olmasından söhbət gedə bilməz. 1998-ci il, avqustun 6-da senzuranın ləğv edilməsi məhz Azərbaycan mətbuat tarixinin zirvəsində duran hadisələrdən biri oldu. Hesab edirəm ki, bu, məhz Heydər Əliyev qətiyyəti, cəsarəti sayəsində baş verdi. Özü də MDB ölkələri arasında ilk dəfə senzuranın ləğvi məhz Azərbaycanda baş verdi. Bütün sahələrdə bu uğurlar reallaşdı. Azərbaycan əksər beynəlxalq təşkilatlara üzv oldu. Müstəqilliyimizin ilk illərində özümüz cəhd edirdik ki, beynəlxalq təşkilatlar, aparıcı ölkələrlə əməkdaşlıq edək. Amma bu gün o ölkələr, beynəlxalq təşkilatlar özləri maraqlıdır ki, Azərbaycanla əməkdaşlıq etsinlər. Azərbaycan ərazisinə və əhalisinin sayına görə çox da böyük ölkə deyil, amma siyasi çəkisinə, iqtisadi qüdrətinə, söz sahibliyinə görə dünyanın ən aparıcı ölkələri ilə rəqabət aparmaq gücünə malikdir. Cənub Qaz Dəhlizinin, ardınca TANAP layihəsinin açılışı oldu. Azərbaycanın mövqeyi olmadan bu layihələrin heç biri mümkün deyildi. Bunların təməl prinsipləri Heydər Əliyev tərəfindən qoyulub və bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilir, müasir Azərbaycan dünyaya təqdim olunur. Mənim üçün Heydər Əliyevin doğum tarixi var, ölüm tarixi yoxdur. Onun ideyaları, irsi bizim üçün əbədidir və bu, Azərbaycanı inkişafa yönəldən irsdir, prinsipdir. Hesab edirəm ki, Heydər Əliyev Azərbaycan üçün həmişə var və hər zaman olacaqdır.           
 
- Sizin də qeyd etdiyiniz kimi, qurucusu və memarı ümummilli lider Heydər Əliyev olan müstəqil Azərbaycan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bəs, ölkəmizin gələcək inkişaf perspektivlərini necə görürsünüz?
 
- 2017-ci ilin 14 sentyabrında "Əsrin müqaviləsi-2” imzalandı. Bu saziş 2050-ci ilə qədər davam edəcək. Bu müqavilə Azərbaycanın və ölkə vətəndaşlarının mənafeyinin qorunması baxımından böyük dividentlər gətirəcək. Eyni zamanda Bakı-Qars-Tbilisi dəmiryolunun açılışı tək region üçün deyil, dünya nəqliyyat dəhlizinin dəyişməsində çox önəmli hadisə oldu. Bu, "İpək yolu” layihəsi istiqamətində reallaşan böyük bir layihədir. Belə layihələr gələcəyə hesablanıb. Hesab edirəm ki, Azərbaycanın uğurları davamlıdır və ölkəmizin gördüyü bir iş sabah iki işə çevriləcəkdir. Azərbaycan təkcə regionda deyil, bütün dünyada aparıcı ölkələrdən biridir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu kifayət qədər böyükdür. Azərbaycanın uğurları daha da çox olacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi bütün işlər Azərbaycan vətəndaşları rifahının yaxşılaşdırılmasına yönəlib.
 
Bəxtiyar MƏMMƏDLİ   

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6935
GBP 1 İngilis funt sterlinqi 2.2148
TRY 1 Türk lirəsi 0.3529
KWD 1 Küveyt dinarı 5.6107
SEK 1 İsveç kronu 0.1910
EUR 1 Avro 1.9828
CHF 1 İsveçrə frankı 1.7026
USD 1 ABŞ dolları 1.7000