• çərşənbə axşamı, 23 aprel, 14:21
  • Baku Bakı 24°C

“Mənim üçün əsas olan səmimiyyətdir” - Gör-götür

22.07.16 11:10 3279
“Mənim üçün əsas olan səmimiyyətdir” - Gör-götür
Ekranlarda nə vaxt görürüksə, üzündən, gözlərindən təbəssüm əskik olmur. Özü də imkan olan yerdə gülərüz olduğunu deyir. Etiraf edir ki, Əkizlər bürcündən olduğundan müəyyən məsələlərdə həm efirdən kənarda, həm də efirdə ikili xarakteri özünü göstərir. Amma özünün dediyi kimi, hər ikisində səmimidir. Onun üçün əsas olan səmimiyyətdir. Qonağımız "Antenn” FM-də aparıcı, CBC Sport kanalında futbol şərhçisi Doktor Ziyadır. Bu il radioda olmağının 21 ili tamamdır, televiziyanın həyatında yaşı isə 17 ildir.

- Bir az keçmişə qayıdaq. 1999-cu ildə Tibb Universitetini uşaq psixonevroloqu ixtisası üzrə bitirmisiniz. İlk iş fəaliyyətinə harada başladınız?
- Uşaq Psixonevroloji Dispanserində bir il işlədim. Bu da internatura ilə işin sintezi idi. Gördüm ki, özümü bu sahədə çox narahat hiss edirəm. Düşündüm ki, nə qədər ki məni təkləməyiblər, dalaşmamışam, buranı tərk edim.
- Nədən, yaxud nələrdən narazı qaldınız ki?
- Hazırda həkimlərin maaşlarının hesablanma sistemindən xəbərim yoxdur. O zaman hər həkim mütləq ay ərzində 12 yeni xəstəni qeydiyyata götürməli idi. Ayın sonuna qədər həkimlər 8-9 nəfərin qeydiyyatdan keçdiyini görəndə, əlavə 3-4 nəfəri "tapmalı” olurdular. Valideynlər hansısa bir şikayətlə gələndə onların övladlarının diaqnozunu şişirdirdilər ki, ay ərzində tələb edilən 12 nəfər düzəlsin. O zaman etiraz edirdim ki, axı bu uşaqda oxuduğum qədərilə maksimum nevrotik vəziyyətdir və valideynlər sadəcə, uşaqla söhbət etdikdən, daha çox diqqət ayırdıqdan sonra problem həllini tapacaq. Mənə deyirdilər ki, sən heç nə bilmirsən, bu, ağıldankəmliyin birinci dərəcəsidir. Burada güdülən sırf o idi ki, 12 nəfər tamam olsun və biz maaşımızı tam alaq. Çünki qeydiyyatdan neçə faiz az xəstə keçirirdinsə, maaşın o qədər azalırdı. Bu sistemi anlaya bilmədim. Həkimlərin ümumi iclasında etirazımı bildirəndə təkləndim və orada qərara gəldim ki, işdən gedim. Amma Tibb Universitetini bitirdiyimə görə peşman deyiləm. O dövrdə topladığım biliklər mənə indiki işimdə xeyli kömək edir.

- Ümumiyyətlə, şərhçinin hansısa komandanın fanatı olmasını büruzə verməsi nə dərəcədə düzgündür?
- Şərhçi fanatı olduğu furbol komandasının adını yalnız özəl söhbətlərdə, sosial şəbəkələrdə açıqlaya bilər. Amma nə üçün bu komandaya üstünlük verdiyini əsaslandırmalıdır. Əgər iş başında matçı şərh edirsənsə, heç cür bunu büruzə verməməlisən. Daxili çempionatdırsa, məsələn, "Neftçi” ilə "Qarabağ” oynayırsa, sən hansı komandanın fanatı olduğunu bildirməməlisən. Yaxud xarici klublar öz aralarında oynayırsa, yenə də bunu özəl olaraq saxlamalısan. Amma Azərbaycan komandası xarici komanda ilə oynayırsa, Azərbaycan şərhçisi mütləq yerli komandanın tərəfində durmalıdır. Çünki sənə öz ölkənin nümayəndələri baxır. Əgər sən azarkeşliyi büruzə vermirsənsə, tamaşaçı səni anlamaz. Emosional nöqteyi-nəzərdən hər şey bərabər olmalıdır. Amma bir balaca özününkülərə üstünlük verməlisən.

- İnternetdə axtarış verəndə Doktor Ziya laboratoriyasına rast gəldim. Maraqlıdır, sahibkar kimi sözügedən laboratoriyada nə istehsal edirsiniz?
- 15-20 ildir bir yerdə olduğumuz dostlarla bu laboratoriyada çalışırıq. Vaxtaşırı kafedə, yaxud kiminsə ofisində toplaşıb ideyaları öz aramızda müzakirə edirik, uzağı qarşımızda planşet, yaxud kompyuter olur. Bu, hətta ictimai birlik də deyil. Adını özümüz qoymuşuq – Doktor Ziya laboratoriyası. Göstərmək istəyirik ki, radio dalğalarında rəqib olsaq da, ən azından yaxşı tanış, yaxud dostuq. Müzakirələr zamanı elə olur ki, birinin ideyası digərinin çalışdığı efirdə öz əksini tapır. Çünki həmin efir üçün daha yararlı sayırıq, nəinki ideyanı səsləndirən adamın radio efiri üçün... Prinsipcə, konsept bundan ibarətdir. Əlbəttə, ilk növbədə mənim öz layihələrim bu laboratoriyadan keçir. Laboratoriya bir otaq deyil, sadəcə, beyinlərdir.
Sahibkarlığa gəlincə, media sahəsində fərdi sahibkaram, daha dəqiq desəm, frilanserəm, jurnalist kimi vergiləri də ödəyirəm. Heç bir iş yeri ilə birbaşa bağlılığım yoxdur. Yalnız layihələr çərçivəsində çalışıram. "Antenn” FM-də aparıcılıq, CBC Sportda şərhçilik edirəm.

- Sizi ekrandan nə zaman görürüksə, üzünüzdə, hətta gözlərinizdə təbəssüm hiss edilir. Bu, içdən gəlir, yoxsa işdən irəli gələn vərdişdir?
- Vərdiş deyil. Çalışıram, imkan olan yerdə gülər üzümü göstərim. Düzdür, adam hər zaman gülməz, yoxsa deyərlər ki, qeyri-ciddi adamdır (gülür – L.M.). Məni işdən kənar görən insanlar hərdən niyə kədərli olduğumu soruşurlar. Deyirəm, kədərli deyiləm, sadəcə, fikirləşirəm, bu zaman beynim işləyir. Amma efirə çıxanda artıq başqa variant olur. Əkizlər bürcüyəm. Müəyyən məsələlərdə həm efirdən kənarda, həm də efirdə ikili xarakterim özünü göstərir. Amma hər ikisində səmimiyəm. Mənim üçün əsas olan səmimiyyətdir.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər