• şənbə, 20 Aprel, 10:57
  • Baku Bakı 14°C

“Mənim tanrım gözəllikdir, sevgidir” - Fotolar

21.12.17 19:28 2099
“Mənim tanrım gözəllikdir, sevgidir” - Fotolar
Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi ilə bağlı "Mənim tanrım gözəllikdir, sevgidir” adlı tədbir keçirilib.
Kollecin tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov tədbiri giriş sözü ilə açaraq, Hüseyn Cavidin son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş edildiyini dilə gətirib. Qeyd edib ki, qüdrətli söz sənətkarı öz yaradıcılığı ilə Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb. X.Məcidov bildirib ki, H.Cavidin əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır. Direktor müavini H.Cavidin totalitarizmin çoxsaylı qurbanlarından biri olduğunu da diqqətə çatdırıb. Deyib ki, repressiyaya məruz qalan şair qürbət ölkədə vəfat edib. Onun nəşinin qalıqları ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1982-ci ildə uzaq Sibirdən vətəninə gətirilib, Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərə ucaldılıb. Qeyd edib ki, bu hadisə milli ruhun dirçəlişi və azərbaycançılıq məfkurəsinin təntənəsi baxımından müstəsna əhəmiyyət daşıyır. X.Məcidov Prezident İlham Əliyevin 24 oktyabr 2017-ci il tarixdə "Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladığını da xatırladıb. Bildirib ki, bu, böyük Azərbaycan şairi və dramaturquna verilən dəyəri bir daha nümayiş etdirir.

Kollecin ədəbiyyat müəllimi Zəminə Həmzəyeva Azərbaycan ədəbiyyatının inkişafı naminə müstəsna xidmətlər göstərmiş böyük söz ustası H.Cavidin həyat və yaradıcılığından geniş söhbət açıb. Bildirib ki, yaradıcılığa şeirlə başlayan H.Cavid 1910-cu ildə "Ana” adlı ilk pyesini yazıb. 1937-ci ilə kimi isə bir-birinin ardınca 20-dən çox pyesi ilə oxucuların görüşünə gəlib. Qüdrətli sənətkarın Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyduğunu dilə gətirən Z.Həmzəyeva vurğulayıb ki, H.Cavidə məxsus "Maral”, "Şeyx Sənan”, "Uçurum”, "Şeyda”, "İblis”, "Afət”, "Peyğəmbər”, "Topal Teymur”, "Knyaz”, "Səyavuş”, "Xəyyam”, "İblisin intiqamı”, "Atilla”, "Koroğlu” ssenarisi, yarımçıq "Azər” poeması və başqa əsərlər ədəbiyyatımızın inciləri sayılır. Qeyd olunub ki, tarixi mövzulara böyük ustalıqla müraciət edən H.Cavid öz yaradıcılığında yalnız Azərbaycanı deyil, bütün bəşəriyyəti düşündürən problemlərə, məsələlərə işıq saçıb.

Çıxışlardan sonra kollec tələbələri Pərvanə Əlizadə, Aydan Gənciyeva, Dilbər Cabbarlı, Tünzalə Qurbanova, Dürdanə Məmmədova, Türkanə Qasımova, Cəmalə Mehtizadə, Mələk Kavalerskaya ölməz şair H.Cavidin şeirlərini bədii qiraət ediblər. Ümid Abışov, Gülmirə İsgəndərzadə dramaturqun əsərlərindən bəzi rolları canlandırıblar. Nicat Hüseynzadənin gitarada müşayiəti ilə Gülbahar Hüseynova və şöbə müdiri Məhbubə Qurbanova H.Cavidin sözlərinə bəstələnmiş mahnılar ifa ediblər.

Sonda BİTKol-un direktoru Varis Allahverdiyev direktor müavini X.Məcidova, kollec kitabxanasının müdiri Suqra Nəcəfovaya, təhsil müəssisəsinin ədəbiyyat müəllimlərinə və tələbələrə belə bir tədbiri təşkil etdiklərinə görə minnətdarlığını bildirib.








banner

Oxşar Xəbərlər