• çərşənbə axşamı, 16 aprel, 08:12
  • Baku Bakı 14°C

“Mənim Prezidentim“ mahnısının klipi təqdim olundu

16.09.13 14:40 1895
“Mənim Prezidentim“ mahnısının klipi təqdim olundu
Bu gün əməkdar artisit Tünzalə Ağayeva və "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun iştirakı ilə "Mənim Prezidentim" klipininin təqdimat mərasimi keçirilib. Bu mahnı "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun himnidir. Sözləri İsmayıl Dadaşova, musiqisi və ifası Tünzalə Ağayevaya aid olan “Mənim Prezidentim” mahnısının “Youtube”-da və digər sosial şəbəkələrdə dünəndən etibarən yayımlanmasına start verilib.
200-ə yaxın gəncin də qatıldığı təqdimat mərasimində əməkdar artist gənclərə doğru yol göstərməyi özünə borc bildiyini, hər zaman onlara dəstək olduğunu qeyd etdi. Tünzalə Ağayeva çıxışı zamanı layihənin Prezident İlham Əliyevə dəstək üçün keçirildiyini, belə layihənin artıq ikinci dəfə iştirakçısı olduğunu vurğuladı. Onun sözlərinə görə, klipin çəkilişində gənclərdən böyük dəstək görüb və klip onların səyi nəticəsində ərsəyə gəlib: “Təqdim etdiyim “Mənim Prezidentim” klipini ölkəmizi yüksəklərdə görmək istəyən, daha parlaq Azərbaycan üçün çalışan Prezident İlham Əliyevə dəstək olan və vətənini sevən gənclərin sinerjisi hesab etmək olar. “Mənim Prezidentim” sıralarında yüz minləri birləşdirəcək gənclər hərəkatıdır. Gənclərlə çalışmaq mənim üçün çox maraqlı və əyləncəlidir. Hər zaman gənclərin düşüncələrinə hörmətlə yanaşmışam. Gənclərlə ən çox çalışan sənətçilər sırasındayam. 13 il səhnədəyəmsə, onun 10 ilini gənclərlə aktiv şəkildə çalışmışam. Bu mənim üçün böyük dəyərdir. Bu kampaniya əziz, cənab prezidentimizə könüllü sevgidən ibarət olduğu üçün biz də könlümüzdən gələn layihəyə ilə prezidentimizə dəstək olmaq istədik. Musiqiçinin əlindən dəstək olmaq üçün ona ithaf olunmuş mahnı gələr. Mən də bəstəkar kimi mahnımı prezidentə ithaf etdim və oxudum. Əlimdən gələni etməyə çalışdım. Buna görə də çox sevinirəm. Mahnının sözlərinin müəllifi İsmayıl Dadaşov da bu məsələyə ürəkdən yanaşdı və bizim xahişimizi qəbul etdi. Bu işin gözəlliyi odur ki, hər kəs layihəyə sevərək yanaşdı”.
Müğənni klipin rejissoru olan Ülviyyə Könüldən ürək dolusu danışdı. Belə ki, ona belə layihələrdə hər zaman müraciət etdiyini söyləyən Tünzalə Ağayeva Ülviyyə Könülün əl işindən məmnun qaldığını bildirdi: “Layihəyə başlamazdan öncə düşünürdüm, elə bir şey olsun ki, mahnını dinləyən hər kəsdə vətənpərvərlik hissi oyatmaqla bərabər, xalqın seçəcəyi liderə sevgisini ifadə edə biləcək bir musiqi olsun. İstədiyim layihəni də gerçəkləşdirdim. Zaman bu işin necə uğurlu olacağını göstərəcək. Ülviyyə Könüllə bir dəfə də belə bir “Biz gəlirik” layihəsi işləmişdik və həmin layihə də uğurlu alınmışdı. Ülviyyə xanımla bərabər, klipdə görkəmli və gözəl xanımımız modelyer Gülnarə Xəlilovanın da rolu var. Belə ki, onun hazırladığı geyimin məni daha gözəl göstərdiyini düşünürəm. Buna görə də ona təşəkkür edirəm. Şanslıyam ki, gözəl komanda və insanlarla çalışıram. Bu layihə ilə bağlı kimə müraciət etdiksə, hər kəs çəkilişə ürəklə qoşuldu. Sevgi dolu saatlar keçirdik. Əziyyət çəkdik, sevgi ilə yanaşdıq və sonunda bilirik ki, bu sevgidən gözəl meyvə əmələ gələcək. Bunun üçün də gənclərə təşəkkür edirəm. Klipin içində gördüyünüz simalar adi, könüllü gənclər idi. Mənim “Azərbaycanlıyam” mahnım da belə layihələrim sırasında idi. Hara gedirdimsə, məndən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mahnısını oxumağımı istəyirdilər. Düşünürəm ki, bu mahnı da onların sırasına qatılar. Bu layihə gənclərə bir növ çağırış şəklində yönəlir. “Mənim Prezidentim” mahnısı ilə gənclərə yaxşı mesaj vermək istədim”.
Tanınmış klipmeyker Ülviyyə Könül klip çəkilişlərindən əvvəl bir qədər qorxduğunu etiraf edərək, 1000 nəfər gənclə işləməyin çətin olacağını düşündüyünü, ancaq çəkilişlərdən zövq qaldığını söylədi: “Bu çox maraqlı layihədir. Tünzalə xanım mənə hər zaman yüksək reytinqli iş təklifi ilə müraciət edir. Mahnın özü də, sözləri də çox gözəldir. Belə ki, mahnı müasir üslubda yazılıb və zövqlə oxunub. Özüm də Tünzalə Ağayevanın bəstəkar kimi pərəstişkarıyam. “Mənim Prezidentim” gənclərə yaxın üslubda hazırlanmış mahnıdır. Çəkdiyimiz klipə gəlincə isə, bu klipi könüllülərdən ibarət aksiya hesab etmək olar. Başda Tünzalə xanım olmaqla klipdə kifayət qədər könüllü iştirak edirdi. 1000 nəfər insanın qarşısında klip çəkmək asan olmadı. Çox adrenalin yaşadım. Klipi böyük həvəslə çəkdim. Nəticədə düşünürəm ki, yaxşı klip alındı. Klipdə iştirak edənlərin əksəriyyəti ömürlərində birinci dəfə idi ki, rəqs edirdilər. Yəni bunu deməkdə məqsədim odur ki, klipdəki gənclər hansısa rəqs qrupunun solistləri deyildi. Klip çəkilişlərini üç operatorla işlədim. Açığını desəm, kütləvi səhnənin çəkilişindən qorxurdum, çəkiliş meydançasına gələndə hava mənim istədiyim kimi olmadı. Bilirsinizmi, əslində belə layihələr rejissordan böyük məsuliyyət tələb edir. Ən əsası, təşkilatçılıq o qədər yüksək səviyyədə idi ki, heç bir əziyyət çəkmədim. Bu layihədə iştirak edən hər bir gənc çox dəqiq idi. Kinoda, şou-biznesdə, müxtəlif səhnələrdə iştirak edən aktyorlardan belə nizam-intizam görməmişəm”.
Tədbirdə çıxış edən Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi Seymur Hüseynov bildirdi ki, “Mənim Prezidentim” Gənclər Təşəbbüs Qrupunun əsas məqsədi son 10 il ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə gənclərə çatdırmaqdır.
1000 nəfərdən çox gəncin iştirak etdiyi “Mənim Prezidentim” Gənclər Təşəbbüsü qrupunun himninin klip çəkilişləri İçəri şəhərdə lentə alınıb. Klipdə Tünzalə Ağayeva gənclərə səslənərək prezidentə dəstək olmağa çağırır.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər