• cümə, 19 Aprel, 18:25
  • Baku Bakı 24°C

Mənim polisim məni qoruyur

12.08.19 13:11 6305
Mənim polisim məni qoruyur
Azərbaycan polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Məhz bunun nəticəsidir ki, Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub. Cari ilin altı ayında daxili işlər və prokurorluq orqanları üzrə 12 min 411 cinayət faktı qeydə alınıb. Bu cinayətlərin 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növləri təşkil edir. Qəsdən adam öldürməyə cəhd cinayətləri 12,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 4,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 8,1 faiz, xuliqanlıqlar 25,1 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 35 faiz azalıb. Həmçinin cinayətlərin açılması yüksək olmaqla 83,1 faiz təşkil edir. Məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayınan 1852 təqsirləndirilən şəxs tutulub. Cari ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır, şəxsiyyət əleyhinə olan, qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, dələduzluqların, soyğunçuluqların açılması xeyli yaxşılaşıb, keçmiş illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib.
Bir sözlə, bu gün ölkəmizdəki sabitliyin, əmin-amanlığın, ictimai asayişin qorunub saxlanmasında Azərbaycan polisinin üzərinə böyük məsuliyyət düşür. Sevindirici və qürurverici haldır ki, Azərbaycan polisi bu məsuliyyətin, ona tapşırılan vəzifənin öhdəsindən ləyaqətlə gəlir. Bunun sayəsində mühüm coğrafi məkanda, böyük güclərinin maraqlarının toqquşduğu ərazidə yerləşən Azərbaycan regionun sabitlik adasını xatırladır. Əlbəttə ki, bütün bunlar həm bizləri, həm də dostlarımızı sevindirir.Lakin əfsuslar olsun ki, son zamanlar radikal müxalifət təmsilçiləri, ayrı-ayrı bəzi şəxslər Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar, şərh və təhlillər paylaşır, asayiş keşikçilərinin qanuni fəaliyyətinə kölgə salmağa cəhd edirlər. Halbuki, polis orqanları öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insnaların qanuna uyğun davranışını təmin edir.

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Şahin İsmayılov bildirib ki, Prezident İlham Əliyevin 2019-cu ilin əvvəllərindən sistemli şəkildə həyata keçirdiyi sosial siyasət inqilabi xarakter daşıyır və əhalinin böyük bir hissəsini əhatə edir. Onun fikrincə, bu, dövlətimizin başçısının 2018-ci ildə keçirilən prezident seçkilərindən əvvəl verdiyi vədlərlə tam olaraq üst-üstə düşür. Deputat bildirib ki, Azərbaycan əhalisinin sosial rifahının yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin əsas istiqamətini təşkil edir. Millət vəkili deyib ki, bütün bu uğurların, pozitiv xəbərlərin fonunda bəzi qüvvələrin Azərbaycan əleyhinə qərəzli təbliğat aparması, xüsusən də hüquq-mühafizə orqanlarının fəaliyyətinə ləkə yaxmaq cəhdləri düzgün deyil: "Əfsuslar olsun ki, hər zaman ölkəmizdə inqilabi sərəncamlar, fərmanlar imzalananda, müxtəlif uğurlar qazanılanda radikal müxalifət bu nailiyyətlərə, əhalinin rifah halının daha da yaxşılaşması istiqamətində görülən işlərə qısqanclıqla yanaşaraq, həqiqəti əks etdirməyən, şər-böhtan xarakterli, absurd fikirlərlə çıxış edir. Bu insanlar müxtəlif qarayaxma kampaniyaları ilə ölkəmizdəki xalq-iqtidar birliyini sarsıtmağa çalışırlar. Bu çirkin kampaniyalardan biri də Azərbaycan polisinə qarşı müşahidə olunur. Sosial şəbəkələrin imkanlarından istifadə edərək Azərbaycan polisini xalqın gözündən salmağa cəhdlər edilir. Lakin əminəm ki, onların bu çirkin əməlləri hər zaman olduğu kimi, yenə də heç bir nəticə verməyəcək. Çünki hər kəs bilir ki, Azərbaycan polisi öz vəzifə səlahiyyətlərini qanunlar çərçivəsində, peşəkarlıqla icra edir, ölkəmizdə asayişin keşiyində dayanır, fəaliyyətini yüksək səviyyədə davam etdirir”.
Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə də qeyd edib ki, polisi, ordunu, digər güc strukturlarını siyasətə qatmaq olmaz. Onun sözlərinə görə, güc strukturları onların qarşısına qoyulan konkret vəzifələrinin icrası ilə məşğuldurlar: "Polis siyasi qarşıdurmanın predmeti ola bilməz. Azərbaycan polisinin şanlı tarixi var. Azərbaycan polisi Birinci Qarabağ Müharibəsində yüzlərlə şəhid verib. Bu tarixə işıq tutmaq, vətəndaşın polisə güvənini artırmaq lazımdır. Polisin vəzifəsi asayişin keşiyində dayanmaq, vətəndaşın təhlükəsizliyini təmin etməkdir. Polis-vətəndaş birliyinə əlahiddə ehtiyac var. Polislə vətəndaş arasında sədd çəkmək, ikitərəfli münasibətləri zədələmək yolverilməzdir. Sözsüz ki, öz vəzifə borcunu yerinə yetirərkən səhlənkarlıq edən, daxili intizam qaydalarını pozan polis əməkdaşları da var. Əsas odur ki, törətdikləri əmələ müvafiq olaraq, həmin şəxslərin barəsində tədbirlər görülür. Bir neçə nəfərin əməlini Azərbaycan polisinin ayağına yazıb, bu strukturu nüfuzdan salmaq yolverilməzdir”.
Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər