AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Mənim motivasiyam məqsədlərimdir” - Uğur hekayəsi

“Mənim motivasiyam məqsədlərimdir” - Uğur hekayəsi

Gənclik qəzeti
14 Fevral 2020, 10:00 5878
 
Ülviyyə Cəfərzadə: "Bu günü dəyərləndirməliyik ki, sabah peşman olmayaq”
 
Xəyal qurmağı sevir. Çünki xəyalların, arzuların bir gün mütləq reallaşacağına inanır. Hər bir qaranlıqda işıq axtarır və tapacağına da əmindir. Özünü hansı həyatın içində görürsə də, reallaşdırmağa çalışır: "Həyatlarını sıfırdan quran insanların eniş-çöküşləri çox olur. Məhz həmin o çöküşlər stabil gedən həyatı kökündən dəyişir. Bir gün özünüzə kənardan baxmaq şansınız olsa idi, özünüzü hansı həyatın içində görmək istəyərdinizsə, reallaşdırmağa çalışın. Qaranlığın içində belə, rəngli işıq var. Onu tapmaq baxacağın küncə bağlıdır”.

Müsahibimiz Amerikada IBM şirkətində Cloud Computing üzrə developer Ülviyyə Cəfərzadədir.

Qafqaz Universitetinin Ərəb dili və Ədəbiyyatı fakültəsində təhsil alıb. Bakalavr təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasında MBA üzrə təhsilini davam etdirib. Azərbaycanda özəl şirkətlərdə yüksək maaşla işləsə də, karyerasını dondurub və xəyalının ardınca Amerikaya yollanıb. Özünün də dediyi kimi sıfırdan başlayıb. Amerikada hazırda çalışdığı sahə üzrə təhsil aldıqdan sonra planlarını addım-addım həyata keçirib. Gənc həmyerlimiz texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış ilk transmilli kompüter şirkətlərindən biri, kompüter texnologiyaları sahəsində satış həcminə görə dünya lideri olan İBM şirkətində developer kimi çalışır.
 


- Stabil həyatınızı kökündən dəyişdiniz. Bakalavr, magistr təhsili və yaxşı iş... Nə üçün xaricə üz tutdunuz?
- Azərbaycanda çox yaxşı iş imkanlarım oldu. Sadəcə, mən tələbəlik illərindən Amerikaya getmək, orada yaşamaq barədə düşünürdüm. Amma buna risk etmirdim. 27 yaşımda gələcəyimi dəyişməyə qərar verdim və yola çıxdım. Arzularımı reallaşdırmaq üçün özümə şans verdim. Uşaq olanda hər kəsin xəyalları olur və öz xəyallarının arxasınca getmək istəyir. Amma mən artıq xəyal qurmur, qarşıma məqsədlər qoyurdum. Hədəflərimə getmək yolunda tək əngəlim risk idi. Peşman olsam belə, qorxmurdum. Çünki peşmanlıq da mənim üçün bir dərs olacaqdı. Anladım ki, yeni hədəflərə çatmaq üçün heç bir vaxt hansısa əngəllərə ilişib qalmaq lazım deyil. Həyatda nə çətinlik yaşayırıqsa, mütləq və mütləq onun həll yolları var. Sadəcə, ümidinizi itirməyin və inanın.

- Əcnəbi ölkədə sıfırdan başlamaq asan deyil. Yəqin ki, planlarınız hər zaman istədiyiniz kimi getməyib. Peşmanlığı belə, özünə dərs götürən bir xanım çətinliklərdən necə çıxır?
- Hər bir insanın həyatında bəzən hansısa nüanslar istədiyi kimi getməyə bilər. Ona görə də, insan güclü xarakterə sahib olmalı, vəziyyətdən asılı olmadan özünü motivasiya etməlidir. Bunun üçün insanın özünü yaxşı tanıması vacibdir. Yəni zəif və güclü tərəflərini bilməli, hədəflərinə gedən yolda demotivasiya olub gecikdirməməlidir. Əksinə, çətinliklərin üstünə gedərək, "qalib gələcəyəm” deyib özünü daha da ruhlandırmalıdır. Amerikada demotivə olmaq vaxt itkisidir. Mənim heç vaxt zaman itirmək fikrim olmayıb, əksinə, başqa alternativ tapıb yoluma davam etmişəm. Mənim motivasiyam məqsədlərimdir. Hər birimizin bu dünyada vaxt limitimiz var. Nə qədər aktiv həyat tərzi sürə bilməyə imkanımız varsa, ondan səmərəli istifadə etməliyik. Vaxt itirmədən məqsədlərimizə çatmalıyıq.

- İnsanların çoxu vaxt çatışmazlığından şikayət edir.  Sizdə şikayətçisinizmi?
- Tez keçməsindən şikayətçiyəm. Zaman ən çox bizim əleyhimizə işləyən və hər zaman arxasınca qaçdığımız məfhumdur. Bir anlıq geri qayıda bilsək, nələri dəyişərdik deyə düşünürəm. Məsələn, hər kəs səhər durur işə gedir, çalışır və gəlir. Sürətlə gedən həyatda bəzən çox şeyi unuduruq. Mən indi zamanımın dəyərini bilirəm. Ətrafıma və özümə faydalı olmağa çalışıram. Özüm üçün yedim, yatdım, üstümü örtdüm deməklə, həyatın gözəlliyini dərk etmirik. İllərin tez keçməsi hər zaman kefimi pozur. Amma keçmişdə edə bilmədiklərimizi etmək üçün bu günümüz var. Bu günü dəyərləndirməliyik ki, sabah peşman olmayaq.
 


- Bəzi qadınlar düşünür ki, onların karyera yolu kişilərə nisbətən daha keşməkeşlidir. Sizcə, qadın karyera yolunda hansı çətinliklərlə üzləşə bilər?
- Mən heç vaxt düşünməmişəm ki, qadınsansa kişidən daha çətin bir yol keçib karyera qurursan. Hər bir insana görə karyera anlayışı dəyişir. Bu, qadın, ya kişi olmağına görə deyil, gözləntilərinə, hədəflərinə görə fərqlənir. Həyatda asan əldə edilən heç bir uğur, nəticə yoxdur. İstər kişi olsun, istərsə də qadın, heç biri uğuru asan əldə etmir. Sadəcə, insan nə istədiyini bilməli, getdiyi yolda yaxşı analiz etmək xüsusiyyətinə malik olmalı, fürsəti imkanlara çevirməyi bacarmalıdır. Bunları edə bilən kişi də, qadın da uğur qazanır. Ən əsası isə heç vaxt nə olursa olsun, əmin olduğun, inandığın yolda dönməməlisən. Qadın insanların, ətrafın onun fikirlərinə təsir etməsinə imkan verəndə, hədəfinə çatmaya bilər. İmkan vermirsinizsə, özünüzə sərhədlər qoymursunuzsa, qadın da çətinliklərlə üzləşməz.

- Təhsil, dil bilikləri… Bunlarla yanaşı, uğurlu karyera qurmaq istəyən insanda "bu xüsusiyyət mütləq olmalıdır” dediyiniz nüans varmı?
- Bu nüanslar bəzi hallarda vacib ola bilər. Bəzən isə heç bir halda önəm daşımır. Amma çox çalışqanlıq, hədəfə meyillilik, güclü ünsiyyət qurmaq bacarığı, dünyagörüşü məncə, ən vacib amillərdəndir. Ümumiyyətlə, azərbaycanlılar ən çox dil bilən insanlar kimi təqdim olunurlar. Biz daim əlavə dil öyrənmək arzusundayıq. Hətta ingilislərin özlərindən belə daha qrammatik danışmağa çalışırıq. Düzdür, bəzi işlər üçün dil biliyi vacibdir. Amma bütün işlər belə deyil. Məsələn, mühasib yerli sistemlə işləyir ona ingilis dili mütləq olmamalıdır. Ətrafımda bilikli , yaradıcı, kommunikasiyası güclü olan çox insanlar var, amma dil biliyi yoxdur. Qarşı tərəf məhz dil baryerinə görə, potensiallı işçiləri itirir. Çünki sən dili öyrənə bilərsən. Amma yaradıcılıq səni toxumunda olur. Sən yaradıcı insanı dil baryeri ilə itirirsən. Yaradıcı və işini sevən adam dili 1 ilə öyrənə bilər. İşçiyə sərmayə qoymaqla bunu əldə etmək olar. Lakin şans tanınılmır. İngilis dilini bilib yaradıcı olmayan insanlar daha öncül sayılır. Ona görə də düşünürəm ki, biz bir çox güclü kadrları dil baryeri ilə kölgədə qoymuşuq.
 
- Sizcə, gənclərin fəal olmasında, karyera qurmasında ailənin önəmi nə qədərdir? Məsələn, ata və ananızın hansı sözünü "qulağınızda sırğa” etmisiniz?
- Valideyn dəstəyi və anlayışı hər zaman vacibdir. Uşaq müəyyən yaşa dolduqdan sonra deyil, məhz uşaqlıqdan valideynin dəstəyini hiss etməlidir. Ailəm mənə məsləhətlər verib, amma seçimlərimə təzyiq olmayıb. Elə tərbiyə veriblər ki, uşaqlıqdan başa düşmüşəm ki, son qərar mənimdir və məsuliyyətini özüm daşıyacağam. Valideynlərim fərd olaraq, fikirlərimə hörmət edib, hər zaman bacaracağıma inanıblar. Atam və anamın "Səhv qərar versən belə, yanındayıq” sözü mənə hər zaman güc verib. Amerikada ən çox sevdiyim nüanslardan biri odur ki, valideynlər uşaqlarına həmişə özgüvənli olmağı, fikirlərini aydın formada izah etməyi öyrədir. Övladlarına imkan yaradırlar ki, özlərini tapa bilsinlər. Burada uşaqlar çox rahat istəklərini reallaşdıra bilirlər. Ailə ilə yanaşı, insanın ətrafında güvənə biləcəyi dostlarının olması karyerada çox əhəmiyyətlidir.

Ailədən sonra estafeti dostlar alır. Lakin bizdə uğursuz olan kimi ilk olaraq ailə günahlandırılır. Amma yenə də düşünürəm ki, hər günahı ailənin çiyinlərinə atmaq olmaz. Gənclərin fəallığı özlərindən asılıdır. Ailə rol oynaya bilər, amma istisnalar həmişə var. Yəni hər şey qaydaya uyğun getsə, möhtəşəm olacaq deyə, bir qanun yoxdur… Karyerada bəzən qanunları özün yazırsan.
 


- Ətrafına güvənə biləcəyin insanlar toplamaq da bir uğurdur...
- Hər kəs özünə öz enerjisinə uyğun ətraf cəlb edir. Mənim demək olar ki, uğurlarımda yaxın dostlarımın da payı var. Onlar getdiyim yolda həm maddi, həm mənəvi baxımdan mənə işıq olublar. Ona görə də doğru insanlara yoldaşlıq etmək lazımdır. Sizə inanan, hər zaman dəstək verən insanlarla özünüzü əhatə etməlisiniz. Dibə vurduğunuzda sizə əlinizi uzada biləcək insanlara hər zaman həyatınızda yer verməlisiniz.

- Ənənəvi sualımız. Uğur sirriniz nədir?
- Uğurun sirri mənə görə inanmaq və yaşadığın hər ana mütəşəkkil olmaqdır. İnsan inananda addımlamaq üçün ona daxili güc, enerji gəlir. Daim irəli gedirsən, gedirsən, bir də baxırsan ki, artıq istədiyin yerdəsən. Gördüyün işə inanmaq bütün çətinliklərin açarıdır. Əlbəttə ki, köməkçi vasitələr: çox çalışmaq, vaxtı düzgün idarə etmək, hər bir situasiya üçün A,B,C variantlarının olması mühümdür. Amma inanmasan, çalışmarsan...

Aygün ƏZİZ