AZE | RUS | ENG |


Mənim ilk kitabım

Mənim ilk kitabım
Mirmehdi Ağaoğlu: “İlk kitab müəllifi üçün üz qabığı böyük əhəmiyyət daşıyır”

Artkaspi.az "Yazarın ilk kitabı” adlı yeni layihəyə start verib. Layihənin məqsədi yazıçıların ilk kitabı haqqında, onun çapı barədə xatirələrini danışması, hələ kitabları nəşr edilməyən yazarlarla təcrübələrini bölüşmələridir. Budəfəki qonağımız gənc yazıçı Mirmehdi Ağaoğludur.
 
– İlk kitabınızın çap olunması ideyası haradan qaynaqlandı?
– Məncə, burada elə böyük ideya axtarmaq lazım deyil. Hər bir qələm sahibi həm yazdıqlarının geniş oxuculara çatmasını, həm tanınmağı, həm də yazdığının qalıcı olmağını istəyir. Yəqin ki, elə mən də bu niyyətlə kitabımı çap etmək istəyirdim. Bunun üçün də artıq əlimdə "bir kitablıq” əsər vardı – "Görüş” adlı romanımı yazıb bitirmişdim. 
 
– Kitabın çap olunması zamanı hansı çətinliklərlə üzləşdiniz?
– O illər kitaba marağın sıfırın həndəvərində olduğu dövrlər idi. Bir tərəfdən demək olar, kitab oxuyan yox idi, digər tərəfdən öz hesabına kitab çap edən nəşriyyat tapmaq mümkünsüz idi. İndi nisbətən yaxşıdır. Müəyyən şərtlərlə kitabını çap etmək istəyən nəşriyyatlar var. O vaxt isə gərək haradansa pul tapıb kitabı öz hesabına çap edəydin, ondan sonra da kitab mağazalarını gəzib xahiş-minnət edəydin ki, kitabımı sat. Onu da alan olacaqdı, ya yox, hələ bilinmirdi. Nə yalan deyim, o qədər vəsaitim yox idi ki, kitabı öz hesabıma çap edim. Buna görə də oturub gözləyirdim, nə vaxt imkan yaranar, çap edərəm. Gərək haqq itirməyəsən, Şahbaz Xuduoğlu kitab çapı sahəsində buzların qırılmasında çox iş gördü. Nəşriyyatın hesabına yazıçıların kitablarını çap etməyə başladı. O vaxt "Ən yeni ədəbiyyat” seriyasından müxtəlif müəlliflərin kitablarını çıxardı. Şahbaz bəyin bu layihəsi məni də həvəsləndirdi. Romanı ona göndərdim, oxuyub bəyəndi. Ancaq mənim kitabımı o seriyadan çap etmək alınmırdı, çünki orada əvvəllər kitabları çıxmış müəlliflər çap olunurdu. Deyəsən, buna görə də Şahbaz yeni bir seriya buraxdı: "Birinci kitab”. Həmən seriyadan çıxan ilk kitab da "Görüş” oldu. 2011-ci ildə çap olundu. Növbəti kitabım, "Küləyi dişləyən” isə "Ən yeni ədəbiyyat” seriyasından çıxdı. 
 
– Kitabın üz qabığı, tərtibat işlərində çətinliyiniz oldumu?
– Kitabın adını Şahbaz bəy müəyyənləşdirdi. Mən "Görüş kafesi” adını təklif etmişdim. Çünki romanın adı da belə idi. Ancaq Şahbaz bəy razılaşmadı, dedi yazıçının oxucularla ilk görüşünü simvolu kimi qoy adı "Görüş” olsun. Mən də razılaşdım. Əslində, kitabın çap prosesi elə bu cür olmalıdır, nəşriyyatın dediyinə əməl etməlisən. Bəzi ölkələrdə nəşriyyatlar əsərə belə müdaxilə edirlər, müəllifdən əsərdə əlavə və çıxarış eləməyi tələb edirlər. Müəllif də nəşriyyatın təklifinə əməl etməyə borcludur. Düzdür, müəllifin hər hansı bir tövsiyə ilə çıxış etməsi məqbuldur, ancaq bütün hallarda işi nəşriyyatın öhdəliyinə buraxmaq lazımdır. Nəşriyyat kitabın şriftindən tutmuş, üz qabığına qədər, kitabın mağazalara verilmə tarixinə qədər hamısını özü müəyyənləşdirir, bunu qabaqcadan hazırlanmış marketinq planı əsasında təşkil edir. Sən yazıçısan, kitabı yazıb bitirdinmi, çəkil dur kənarda qoy nəşriyyat necə bilir elə də etsin. Sonrakı kitablarımın üz qabığının seçilməsində yaxından iştirak etmişəm, ancaq "Görüş”də belə olmadı. Kitabın tərtibini də, üz qabığının seçimini də "Qanun” nəşriyyatı öz üzərinə götürdü. Üz qabığında dan yeri sökülən vaxtı dəniz kənarında oturmuş kepkalı oğlanla bir qız təsvir olunmuşdu. Şəkil haradasa əsərin süjetinə uyğun idi. O vaxtlar mənim kepkalı bir şəklim yayılmışdı, yazılarım o şəkillə çıxırdı. Bir dostum kitabı görüb dedi ki, elə bil üz qabığındakı oğlan özünsən, çünki səni çoxları o kepkalı şəklinlə tanıyır. Kitab haqqında yazdığı yazıda da bunu qeyd etmişdi. Maraqlı bir şeyi də deyim. Kitabın arxasında mənim şəklim verilib. O şəkli yazıçı-fotoqraf Orxan Eyp çəkmişdi, ancaq səhvim ucbatından Elmin Həsənlinin adı ilə getmişdi. 
 
– İlk kitabınızın oxucu auditoriyası barədə nə deyə bilərsiniz?
– Mənə elə gəlir ki, "Görüş” layiqincə qiymətləndirilmədi. Bilmirəm "Küləyi dişləyən” ondan qısa müddət sonra çıxıb diqqəti öz üzərində cəmlədi, ya nə idisə, "Görüş” tez unuduldu. Ancaq arabir "Görüş” tərifləyənləri, hətta onu digər əsərlərimdən üstün tutanları görəndə sevinirəm, onlarla həmfikir olduğumu bildirirəm. Özüm də bu cür düşünürəm ki, "Görüş”də peşəkar roman strukturu var. Ola bilsin, cavan, səriştəsiz olmuşam, istədiklərimi tam gerçəkləşdirə bilməmişəm. Bununla belə deyim ki, "Görüş”, "Anan Karenina”, "Qara kitab” havasıyla yazılıb. Sonralar kitabı təzədən oxuyanda buna bir daha şahid oldum.  
 
– İlk kitabının çapı hazırlığında olanlara məsləhətiniz nədir?
–Mən bir neçə il əvvəl İstanbul Kitab Sərgisində olanda bir nəşriyyat görmüşdüm. Əgər yanılmıramsa adı belə idi: "Yaş 19”. Nəşriyyat gənc müəlliflər sahəsində ixtisaslaşmışdı, yeniyetmə və gənclərin kitablarını çap edirdi. Təəssüf ki, bizim ölkədə belə bir nəşriyyatın olması mümkün deyil. Bunun üçün ölkə əhalisinin sayının da böyük əhəmiyyəti var. Bununla belə nəşriyyatlar gənclərin kitablarının çapı üzrə müxtəlif layihələrə hazırlaya, gənc müəlliflərin kitablarını sistemli şəkildə çap edə bilərlər. Onda gənclər də həvəslənərlər, ədəbiyyatımız inkişaf edər.  
Tövsiyəm budur ki, "mənim də kitabım olsun” deyibən tələskənlik etməsinlər. Hər şeyi ölçüb-biçsinlər. Əgər nəşriyyat kitabın tərtibatı öhdəliklərini öz üzərinə götürmürsə dünya təcrübəsinə əsaslansınlar. Allaha şükür, internet əlimizin altındadır, axtarıb öyrənsinlər, görsünlər müasir dövrdə kitabların üz qabığı necə olur? Ola bilsin kitabının üz qabığının necəliyinin Orxan Pamuk, Haruki Murakami kimi müəlliflər üçün elə də əhəmiyyəti yoxdur, çünki onların imzaları artıq hər şeyi deyir, ancaq ilk kitab müəllifi üçün üz qabığı böyük əhəmiyyət daşıyır. Kitabın "Tovarnıy vid”i, rəfdəki görüntüsü çox vacibdir. Təəssüf ki, bizdə üz qabığı məsələlərinə həssas yanaşılmır, kitab var üz qabığından deyir ki, "məni oxuma”.  
Ancaq üz qabığına çox da aludə olmayın, bütün hallarda ən vacib olan kitabın içidir (gülür). Bunu unutmayın.     
 
Hazırladı: Aytac Quliyeva

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6699
GBP 1 İngilis funt sterlinqi 2.3661
TRY 1 Türk lirəsi 0.4512
KWD 1 Küveyt dinarı 5.6551
SEK 1 İsveç kronu 0.2123
EUR 1 Avro 2.0849
CHF 1 İsveçrə frankı 1.7768
USD 1 ABŞ dolları 1.7001