“Mənim həmişə pulum olacaq”

“Mənim həmişə pulum olacaq”

Mədəniyyət
18 Dekabr 2012, 08:56 2000
Ötən həftə Akademik Milli Dram Teatrında Firudin Məhərrəmovun quruluşunda Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri yeni quruluşda nümayiş olunub. Firudin Məhərrəmovun tamaşa barədə fikirlərini öyrəndik.

Müasir əsərlərə ehtiyac
- “Anamın kitabı” əsərinin yenidən səhnəyə gəlməsi hansı zərurətdən yarandı?
- Bu gün teatrlarımızın repertuarında xarici əsərlər çoxluq təşkil edir. İndi müasir əsərlərə böyük ehtiyac var. Bir çox hallarda teatrlarımız əsər qıtlığı ilə rastlaşır. Hazırda teatrlarımızda maraqlı əsərlər axtarılır. Müasir yazarlarımız var, ancaq onlar da azlıq təşkil edir. Əslində müasir dramaturqlarımız elə də çox deyil - Elçin Əfəndiyev, Əli Əmirli, Firuz Mustafanın əsərləri səhnələşdirilir. Bunlarla yanaşı, səhnədə klassik əsərlərin yerini heç nə vermir. Necə demək olar ki, Cəlil Məmmədquluzadənin dramaturgiyası bu gün müasir deyil? Düzdür, bu əsər bir neçə dəfə səhnəyə qoyulub, ancaq elə də uğurlu alınmayıb, sanki o quruluşlarda bir soyuqluq var idi. Əsəri oxuyarkən onun içindəki xırdalıqları gördüm və əsərin müəyyən qatlarını açaraq oxudum. Kənardan baxanda tamaşaçılara elə gələ bilər ki, bu əsər sadəcə, köhnə vətənpərvərlik ruhunda yazılmış adi bir əsərdir. Ancaq əsərin daxili qatlarına vardıqda, orada bu günlə səsləşən materialların çoxluğu bir daha öz əksini tapır. Əsəri oxuduqca da ona vuruldum. Elə götürək tamaşanın iclas səhnəsini: iclasda heç kim heç kimə qulaq asmır, heç kim heç kimi dinləmir. Birinin sözü digərinin boğazından keçmir. Burada Cəlil Məmmədquluzadənin əsəri ilə tamaşaçılara çatdırmağa çalışırdım ki, tənqid edə-edə həmin insanlara göstərirdik ki, bu şəkildə birlik olmaz. Bu baxımdan bu əsər çox aktualdır. Şükürlər olsun ki, tamaşa çox uğurla keçdi, hətta bundan sonrakı 3 tamaşanın da biletləri satılıb. Bunu bizə iclas zamanı müdiriyyət dedi.

- Bu əsəri səhnələşdirmək sizin öz təşəbbüsünüz idi?
- Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun bir siyasəti var: Azərbaycanda olan rejissorların quruluşunda olan tamaşaları teatrda nümayiş etdirmək. Bu dəfə teatra məni dəvət etdilər. Buraya gələrkən mənə söylədilər ki, planımızda C.Məmmədquluzadənin “Anamın kitabı” əsəri var. Əvvəlcə buna etiraz etdim, düşünürdüm ki, bu əsər elə də baxımlı olmayacaq. Amma yaxşı ki, fikrimdən daşındım və o əsərə quruluş verdim. Bu gün belə əsərlərə tamaşaçıların böyük ehtiyacı var. Əsəri səhnələşdirərkən onu tam olduğu kimi də hazırlamaq maraqsız olardı. Mən əsərdə bəzi artıq hissələri çıxarıb, müasir elementlər əlavə etdim. Tamaşanın müddəti 2 saatdır. Kitablar yanır, qardaşların anası rəhmətə gedir və həmin an səhnəni tüstü götürür, qardaşlar o duman içində bir-birilərini axtarır, ancaq nə yolu tapırlar, nə də bir-birilərini. Mənim zənnimcə, hazırladığım bu səhnə çox uğurlu alındı.

- Tamaşaçılar repertuarda daim yer alan köhnə əsərlərdən şikayətlənirlər. Bəs siz necə düşünürsünüz?
- Opera və Balet Teatrında “Leyli və Məcnun” operası neçə illərdir ki, sevilə-sevilə baxılır. Bu gün də tamaşaçılar üçün aktual və maraqlı tamaşalardan hesab olunur. Gələn il yenə də aktual olacaq. Ancaq əsərə eyni quruluş verilərsə, təbii ki, tamaşaçı əsərdən də, tamaşadan da bezəcək. Əsərə tamam başqa səpkidə, müasir dövrümüzə uyğun quruluş verilməlidir. Əgər 5 ildən sonra mənə bu əsəri yenidən hazırlamaq təklif olunarsa, tamaşanı tamam başqa formada və yaşadığımız dövrə uyğun hazırlayaram. Misal üçün, “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası Sumqayıt Dövlət Dram Teatrında bir formada, Gəncə Dövlət Dram Teatrında isə tamam başqa formada qoyulub. Tamaşaçılar üçün əsas rejissorun onları cəlb etmə qabiliyyətidir. Əgər yeni quruluş olmasa, şübhəsiz ki, tamaşa izləyicilər üçün çox maraqsız olar. Düzdür, tamaşaçıları da qınamaq olmaz, onlar elə köhnə tamaşaları köhnə quruluşda görüblər, əsər eynilə səhnəyə köçürülüb. Ona görə də çox zaman tamaşaçı əsəri kitabdan oxumağa üstünlük verir. İnanıram ki, hər bir rejissor bu tamaşada yeni bir nüans tapıb, indiki dövrdə aktual edə bilər. Mən tamaşaçıların bu fikri ilə bəzən razı olmuram.

Zamanım olsaydı...
- Sizdən öncə hazırlanan tamaşanı izləmisinizmi?
- 10 il bundan əvvəl Həsən Əbluc Milli Dram Teatrında bu tamaşanı hazırlamışdı. Teatrın səhnəsində cəmi 2 dəfə oynanıldı və elə də çox sevilmədi.
- Belə çıxır ki, öz rejissor yozumunuzdan razısınız.
- Mənim üçün əsas odur ki, əsərdə bu gün ən aktual olan məsələləri tapasan. Rejissor əsəri oxuyarkən onun açarını tapmağı bacarmalıdır. Rejissor “mən bu əsəri necə müasir edə bilərəm?” deyə düşünməlidir. Bu əsərə əvvəllər quruluş verərkən köhnə evdən, köhnə əşyalardan istifadə olunurdu. Ancaq əsəri diqqətlə oxuduqda başa düşmək olur ki, bu ailə çox varlı olub. O dövrdə xarici ölkələrdə 4 uşaq oxutmaq asan məsələ deyildi. Qoyun sürüləri tələf olduqdan sonra 150 baş sürüsü qalan bir ailə necə kasıb ola bilər? Ona görə mən bu ailəni imkanlı bir ailə kimi təsvir etdim. Bütün mebelləri bəyaz rəngdə təqdim etdim. Tamaşaçı baxdıqda göz oxşayan, varlı bir ailə gördü. Səhnəni isə dairəvi şəkildə boş buraxdım, sanki səhnənin mərkəzi sirk meydançasının arenasıdır. Rejissor tamaşaçıların zövqünü oxşamağı bacarmalıdır. Hər bir rejissor tamaşaya çəkdiyi əziyyəti və əl işinin nə dərəcədə alındığını özü daha yaxşı bilir. Əsərdə tapdığım detallardan razıyam. Çünki bu əsərin üzərində 4 aydan çoxdur ki, işləyirəm. Zamanım bir az daha artıq olsaydı, bəlkə bundan daha mükəmməl olardı. Tamaşanı tez təhvil verməli idim. Çünki teatrın zalında yeni tamaşaların məşqi başlanmalı idi. Elə alındı ki, bir gündə həm işıq sistemini, montirovka və həm də səhnəni qurdum. Bu baxımdan öz işimdən razı qaldım ki, bu vaxt ərzində əsəri hazırlamağı bacardım və öz tapıntılarımı da etdim. Zamanım olsaydı, aktyorların ifasında bir az təmizlik işləri aparardım. Tamaşa zamanı aktyorların ifasındakı çatışmazlıqları yalnız mən hiss edə bilirəm. Tamaşaçılar bunu hiss etmir.

- Necə düşünürsünüz, bu tamaşa repertuarda yer tuta biləcəkmi?
- Bunu öncədən demək çətindir. Ancaq tamaşanın ilk premyerasından gördük ki, tamaşaçılar çox razıdır. Razı gedən tamaşaçılar teatra daha çox tamaşaçı gətirəcək. Tamaşanın baxılması üçün aktyorlardan da çox şey asılıdır. Bəzən görürük ki, aktyorlar bir tamaşanı 5 dəfə oynadıqdan sonra daha əvvəlki kimi oynamırlar. Çox vaxt da teatr tamaşaçısını ona görə itirir. Ancaq mən ümid edirəm ki, bu tamaşa elə tamaşalar siyahısına düşməyəcək.

- Paytaxtın tələbkar tamaşaçıları üçün belə əsər hazırlamaq nə dərəcədə məsuliyyətli idi?
- Fərqi yoxdur, istər Sumqayıt teatrın tamaşaçıları, istərsə də paytaxt tamaşaçıları üçün tamaşa hazırlayarkən öz işimə məsuliyyətlə yanaşıram. Nəinki paytaxtda, region teatrlarımızda da tamaşalar qurmuşam. Özümə çox əziyyət verən insanam. Əsəri oxuyarkən, tamaşanı qurarkən hər bir xırda detala fikir verirəm. Sumqayıt Dövlət Teatrında hazırladığım tamaşalarla paytaxtda və paytaxtdan kənarda nümayışlərimiz olub və tamaşaçılar, teatr biliciləri tərəfindən də sevilib. Hazırda Akademik Milli Dram Teatrında 3 gün mənim günüm hesab olunur.

Kim işləyə bilirsə, qazanır
- Ötən il Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasını Amerikada hazırladınız. Bu il isə həmin komediya ilə Hindistana gedirsiniz. Necə düşünürsünüz, görkəmli dramaturqun bu komediyası sizə uğur gətirir?
- Mirzə Fətəli Axundovun bu komediyası dünyanı gəzir. Mən bu əsərə çoxdan vurulmuşam. Bu əsərə 18 il qabaq da müraciət etmişdim. Komediyada ən əsası odur ki, avropalıların vətənimizə baxış nöqtəsi var. Komediyada Qərb təfəkkürü ilə Şərq təfəkkürünün toqquşma nöqtəsi var. Eyni zamanda, milli adət-ənənələrmiz, milli geyimimiz, muğamımız və s. təbliğ olunur. Bu keyfiyyətlər hamısı bu tamaşada toplandığı üçün Azərbaycanı daha yaxşı təmsil etmək imkanı var. Tamaşanı Amerikada hazırlayarkən əcnəbiləri bizim milli geyimimiz çox maraqlandırırdı. İndi Amerikada bu tamaşanın rus dilində qoyulması planlaşdırılır.

- Bu gün rejissorun işləməsi üçün şərait varmı?
- Artıq 30 ildir ki, sənətdəyəm. Bu gün rejissorlarımızın işləməsi üçün yaxşı şərait yaradılıb, ancaq teatrdan teatra da fərq var. Məsələn, Akademik Milli Dram Teatrında işləmək üçün rejissora və aktyora hər bir şərait yaradılıb. Ancaq şəraitsiz teatrda işləmək həm rejissor və həm də aktyor üçün çox çətindir. Sumqayıt teatrının baş rejissoruyam, ancaq 200 manat qonorar alıram. Teatrda məndən yüksək maaş alan yaradıcı insan yoxdur. İndi təsəvvür edin ki, aktyorlar nə qədər qonorar alır. Mən başqa teatrlarda müqavilə ilə tamaşalar hazırlayıram, onun müqabilində nə qədər qonorar versələr, onu da alıram. Kim işləyə bilirsə, qazanır. Əgər məni digər teatrlara dəvət edirlərsə, deməli, bu gün mənim quruluş verdiyim tamaşalar az da olsa, sevilir. Deməli, mənim həmişə pulum olacaq...
Xəyalə Rəis